Xəzərin sahilboyu ərazisi ilə bağlı qanun qəbul olunub, lakin onu icra edən yoxdur”. Bunu Modern.az-a deputat Eldar İbrahimov deyib və əlavə edib ki, qanunun icrası icra başçılarının birbaşa vəzifəsidir. “Deputatın işi qanun qəbul etməkdir. Amma qanunun icrasına nəzarət olmalıdır”.
Qeyd edək ki, Milli Məclisin ötən iclasında Zeynəb Xanlarovanın Xəzər dənizinin sahilboyu zolağının hasara alınmasına etiraz edib. Z. Xanlarova bununla bağlı qanun qəbul olunsa da qanuna heç kimin əməl olunmadığını söyləyib. Deputat Sabir Rüstəmxanlı da Xəzərin sahilboyu zolağının hasarlanmasını qanuna zidd olduğunu dilə gətirib.Xatırladaq ki, 2003-cü il yanvarın 13-də Heydər Əliyev Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb. 2003-cü il avqustun 4-də “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanununun təsdiqi barədə fərman imzalanıb. Bu dəyişikliklərə görə, Xəzərin Azərbaycan sektorunun sahil zolağından 80-130 metrlikdə yerləşən torpaqlar dövlət mülkiyyətinə aid edilir və onlar dövlətsizləşdirilə bilməz. Bu zolaqda yerləşən torpaq sahələri müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə yalnız dövlət məqsədləri üçün istifadəyə, yaxud icarəyə verilə bilər. Sahil zolağının 80-130 metrliyində istifadəyə və ya icarəyə verilən torpaq sahələrində aparılan tikinti dənizə ümumi yolu məhdudlaşdırmamalıdır. Bu ərazilərdən dənizə çıxış yalnız dövlətin iqtisadi maraqlarının və ya təhlükəsizliyinin qorunması ilə bağlı icra hakimiyyəti orqanlarının qərarı ilə məhdudlaşdırıla bilər. Lakin sonradan Milli Məclis “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək Xəzərsalili zolağın dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyənləşdirdi. Dəyişikliyə əsasən 20-50 metrlik sahil zolağının altında qalan torpaqlar dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz.
Gültəkin ƏLƏSGƏR