Azərbaycan Texnologiya Universitetinə yeni prorektor təyin olunub.
Modern.az xəbər verir ki, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.
1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2003-2018 və 2023-2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019-2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020-2022-ci ildə sektor müdiri vəzifəsində işləyib.
2024-cü il sentyabrın 9-dan ATU-da elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elm və innovasiya üzrə prorektor səlahiyyətlərini icra edib.
Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.