“Bir neçə il öncəyə qədər ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda Amerikanı demokratiyanın beşiyi adlandırırdılar. Amma dünyada gedən son proseslər göstərdi ki, əslində demokratiya məfhumu insanların düşündüyü dəyərlər deyil. Baş verən proseslərdən aydın olur ki, demokratiya pərdəsi altında xaos, qarşıdurmalar yaratmaq istəyən qüvvələr var. İstər Suriyada, istərsə də Ukraynada gedən proseslər bunu bir daha sübut edir”.
Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən deyib. O qeyd edib ki, bu cür yanaşmalar ikili standartların göstəricisidir: “Bir neçə il əvvəl Yanukoviç Ukraynanın prezidenti seçildi. Onun prezident seçilməsini bütün beynəlxalq təşkilatlar müsbət qiymətləndirdilər. Sonra nə baş verdi? Üç ildən sonra demokratik yolla seçildiyi deyilən bir insan qəfildən diktatormu oldu? Düzdür, postsovet respublikalarında da istəyirlər ki, Avropadakı kimi inkişaf olsun. Proseslərin gedişi göstərir ki, bu, belə deyil. Gürcüstanda gedən proseslərin əziyyətini xalq hələ də çəkir. Gürcüstana vəd verən dövlətlər bir şey etmədilər. Əksinə, bir sıra ölkələr Abxaziyanın müstəqilliyini tanıdı. İndi də Ukrayna vətəndaş müharibəsinin astanasındadır. Demokratiyaya qovuşmaq bu yollamı olur? Bilirsiniz, bu, ikili standartdır, özlərinin marağına uyğun gələn izahatı verirlər. Hazırda Azərbaycan xalqının problemlərindən biri Qarabağ münaqişəsidir. Biz Avropanın enerji təhlükəsizliyində ən mühüm rol oynayan ölkələrdən biriyik. Amerika ilə də strateji müttəfiqliyimiz var. Amma onlar Azərbaycan üçün nə ediblər? Bir neçə gün öncə Xocalı faciəsini andıq. Amerikanın Azərbaycandakı səfiri başsağlığı göndərdi. Orada “təcavüzə”, “işğala məruz qalan” sözləri yox idi. Bu, sadəcə iki ölkə arasında müharibə kimi göstərilmişdi. Bunu kim edib? Gözə görünməz qüvvələr edib? Onların bu cür bəyanatları gözləniləndir, bunlar da reallığı əks etdirmir. Xalq öz taleyini özü həll edir. Azərbaycandakı inkişafdan narahat olan qüvvələr belə bəyanatlar verirlər”.
Millət vəkili Amerikada Qarabağda baş vermiş hadisələrlə bağlı təbliğat işlərinin aparıldığını qeyd edib: “ABŞ-ın 20-dən çox ştatında Xocalı ilə bağlı böyük müzakirələr aparılıb. Bu, faciə insanlığa qarşı cinayət kimi qəbul olunub. Bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən mühüm qurumudur. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edibsə, buna üzv ölkələr etiraz etməməlidir. Bu hesabatda da beynəlxalq təşkilatların qəbul etdiyi qətnamədə olan reallıq göstərilir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində söz və mətbuat, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı qeyd olunub. Sənəd həm də qeyd edilib ki, separatçılar Ermənistanın dəstəyi ilə, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın digər 7 rayonunu hələ də nəzarətdə saxlayır.
İlkin PİRƏLİ