Modern.az

“Etikasız deputatın Milli Məclisdə nə işi var?” - Etik davranış kodeksi Milli Məclisdə ikitirəliyə səbəb oldu...

“Etikasız deputatın Milli Məclisdə nə işi var?” - Etik davranış kodeksi Milli Məclisdə ikitirəliyə səbəb oldu...

28 Fevral 2014, 13:23

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların davranış kodeksi haqqında layihənin hazırlandığını açıqladığı gündən məsələ parlament kuluarlarında müzakirə olunmaqdadır. Deputatların etik-davranış kodeksinin hazırlanacağı haqda danışılır, amma ilkin rəy budur ki, Milli Məclisdə heç də hamı davranışı müəyyən nizama salacaq sənədin qəbul olunmasının tərəfdarı deyil. Modern.az saytının apardığı sorğu da bunu deməyə əsas verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov millət vəkillərinin etik davranış kodeksi haqında qanuna ehtiyac duymur.
“Deputatlar xalqın seçdiyi insanlardır. Etikasız millət vəkilinin Milli Məclisdə nə işi? Mənim bu cür kodeksə ehtiyacım yoxdur. Kim etikasızdırsa, onun üçün yazsınlar!”.

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə deyir ki, əslində “Milli Məclis deputatının statusu haqqında” Qanunda bütün vacib müddəalar var.
“Odur ki, belə bir qanunun qəbuluna ehtiyac yoxdur. Hətta bunu millət vəkilləri üçün alçaldıcı qanun hesab edirəm”.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev isə hesab edir ki, hər bir millət vəkili özü-özlüyündə başqalarına nümunədir. “Deputatın daxilində bu etik davranış olmalıdır. O, cəmiyyətə nümunə olmalıdır. Etik normaları hansısa qanunlarla tənzimləmək olmaz”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc sözügedən qanunun qəbul olunmasının tərəfdarıdır.
“Milli Məclisdə müxtəlif qovğalar, kəskin siyasi debatlar, disskusiyalar olmalıdır. Bu çox önəmlidir. Bundan kənara çıxıb, fərqli obrazlarda, çox aşağı dəyərləri daşıyaraq cəmiyyət üçün mənfi bir obraz olmaq millət vəkilinə yaraşmaz. Həmkarım Əli Hüseynli tərəfindən bu fikirlər son dövrlər daha da aktuallaşdırılıb. Hesab edirəm ki, bu, Əli Hüseynlinin peşəsindən irəli gələn mövqeyi deyil, həmçinin dünyada parlamentarizm üçün çox önəmli bir bazanın formalaşdırılması ideyası bunun zəruri edir. Odur ki, deputat olaraq həmin qanun layihəsinin qəbulunu dəstəkləyirəm”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı da hesab edir ki, deputatların etik-davranış kodeksinin qəbul olunması vacib və zəruridir.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...