Eks-spiker, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev intensiv olaraq Azərbaycan müxalifətini ittiham edir. O, açıqlamalarında ölkənin aparıcı müxalifət partiyaları liderlərinin postlarını tərk etməyin vaxtı çatdığını bildirir. Səbəb kimi isə çox vaxt onların düzgün iş görə bilməməməsini əsas gətirir. ADP sədri Sərdar Cəlaloğlu sabiq spikerin bəyanatlarını şərh edib.
Modern.az saytına açıqlamasında S. Cəlaloğlu bildirib ki, R. Quliyevin təklifi ilə siyasəti tərk etmək niyyətində deyil.
“Mən onun təklifi ilə ADP-yə gəlməmişəm ki, indi də onun tələbləri ilə ordan gedim. Biz Azərbaycan Xalq Hərəkatında iştirak edəndə Rəsul Quliyev hələ zavod direktoru idi. Ömrümün sonuna qədər sədrlikdə olmasa da, siyasətdə qalmağı düşünürəm”-deyə S. Cəlaloğlu bildirib. O, keçmiş parlament sədrini nəzərdə tutaraq deyib ki, əxlaqın ən ciddi qaydalarından biri “özünə rəva bilmədiyini başqalarına rəva bilməməkdir”.
ADP rəhbərinin sözlərinə görə birinci növbədə R. Quliyev özü siyasətdən getməlidir. “Çünki o siyasətdə iştirak edə bilmir. Özü siyasətdən getməklə bağlı ortalığa bir nümunə qoysun. Ondan sonra digər müxalifət liderlərini də siyasətdən ayrılmağa dəvət eləsin. Rəsul Quliyev özü Azərbaycan siyasətinə ziyan vura-vura başqalarını ittiham edir. Ölkədə repressiv bir şəraitdə pis-yaxşı mübarizə aparan insanları tənqid edir. İttihamlarının səbəbi Azərbaycan müxalifətinin iyirmi il ərzində hakimiyyəti dəyişə bilməməsidir”-deyən S.Cəlaloğlu R. Quliyevin bu arqumentini əsassız adlandırıb. ADP sədri digər ölkələri nümunə gətirib.
“Elə ölkələr var ki, orda 40-50 il müxalifət mövcuddur və iqtidarı istefa göndərə bilməyib. Nelson Mandela 40 il müxalifətdə qaldı və onun 20 ilindən çoxunu həbsxanalarda keçirdi. İran inqilabının rəhbəri Xomeyni 40 il ölkədən xaricdə yaşadı və sonradan hakimiyyətə gəldi. Rəsul Quliyev bilmir ki, uzun müddət müxalifətdə qalmaq müxalifətdən getməyin şərti deyil. Azərbaycanda əgər müxalifət şərtlərə uyğun olaraq hakimiyyəti dəyişə bilməməsi başqa məsələdir. Ukrayna müxalifətinə xaric milyardlarla dollar pul ayırıb və onlara siyasi, mənəvi dəstək verib. Amma Azərbaycan müxalifətinə xalqdan, xaricdən heç bir maddi, mənəvi yardım yoxdur. Kiçik resurslarla Azərbaycan müxalifəti nəsə edə bilirsə, o zaman ən böyük təriflərə layiqdir, nəinki istefaya. Rəsul Quliyev öz fikirlərində haqsızdır. Çünki Azərbaycan reallıqlarını nəzərə almır. Azərbaycanda olmadığına görə ölkədə müxalifətin nə olduğunu aydınlaşdıra bilmir”-deyə S. Cəlaloğlu söyləyib.
Aqşin Kərimov