Sahib Əsədbəyli
Hazırda ölkədə 3 trend var. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı olan məlum qalmaqal, Bakı Dövlət Universitetinin tələbələrinin keçən həftə baş tutan etiraz aksiyası və dünən günorta saatlarında cənab prezident İlham Əliyevin sərəncamı ilə illərdir "Bakı Metropoliteni"nə rəhbərlik etmiş Tağı Əhmədovun vəzifəsindən azad edilməsi. İlk iki mövzu haqqında kifayət qədər fikir söylənildiyindən cəmiyyət arasında səs-küy doğuran üçüncü məsələdən danışaq.
Sərnişindaşıma vasitəsi olan Bakı Metropoliteninin adının dəyişdirilməsi ilə Tağı Əhmədovun vəzifəsinə xitam verilməsi hazırda əsas müzakirə mövzusu olaraq qalır. Sosial şəbəkələr və bir çox kütləvi informasiya vasitələrində verilən reaksiyalardan belə görünür ki, xalq sevinc içərisindədir. Sanki, Metropoliten rəhbərinin xalqın rifahı ilə yaxından-uzaqdan əlaqəsi varmış kimi...
Cənab prezident İlham Əliyevin sərəncamı ilə Tağı Əhmədovun yerinə buna qədər “Bakıelektrikşəbəkə”nin İdarə Heyətinin birinci müavini vəzifəsində çalışmış Zaur Hüseynov təyin edildi. Həmçinin, qurumun adı dəyişdirilərək "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti oldu. Bütün bunların fonunda isə görünən odur ki, Tağı Əhmədov və ətrafındakılardan çox, xalq əl-ayağa düşdü ki, bunun da səbəbi niyə və nə üçün kimi sualların məchul cavabına bağlıdır. Kimisi çox sevinir, kimisi isə yeni rəhbərin fəaliyyət perspektivlərini indidən götür-qoy etmək sevdasına düşüb. Media, sosial şəbəkələr Tağı Əhmədov mövzusunda müzakirələr açıb, məsələni çözməklə məşğuldur…
Anlamaq lazımdır ki, Metropoliten rəhbərinin dəyişilməsi ilə olsa-olsa eskalator və qatarların hərəkətində müəyyən irəliləyiş baş verə və ya metrostansiyalarda quraşdırılan alış-veriş mərkəzlərinin ya sayı azaldıla ya da tamamilə yığışdırıla bilər ki, bunun da hər hansı həyati məqamlarından söhbət açmaq absurd olardı.
Metro istifadəçilərini daha çox qayğılandıran problem sərnişindaşımada böyük sıxlığın olmasıdır ki, urbanizasiya səviyyəsinin həddən artıq yüksək olduğu bir şəhərdə bunu doğuran səbəblər tamamilə Metropoliten səlahiyyətlilərinin vəzifələri xaricindədir. Paytaxtda yaşayan insanların sayı az qala ölkənin yarı faizini təşkil edirsə, bunu bölgələrdə məşğulluq səviyyəsinin həddən artıq aşağı olması ilə əlaqələndirmək lazımdır. Metropoliten rəhbərinin dəyişdirilməsində hər hansı qlobal dəyişiklik axtaran bir çoxları elə zənn edir ki, sanki Tağı Əhmədovun yerinə Zaur Hüseynovun gətirilməsi ilə ölkənin sosial həyatında yeni mərhələ olacaq. Daha düşünmürlər, bəlkə də düşünmək istəmirlər ki, bu vəzifə dəyişikliyinin perspektivlərinin hər hansı əyalətdə fəaliyyət göstərən Mənzil Kommunal İdarəsinin rəhbər dəyişikliyindən fərqi yoxdur.
T. Əhmədovun vəzifəsindən azad edilməsinə ən çox sevinənlərdən biri də jurnalistlərdir. Zaman-zaman mediada nümayiş etdirilən müsahibələrində səsləndirdiyi fikirləri ilə məşhurluq qazanan T. Əhmədovun gedişi ilə bir çox jurnalistlər elə bil öz hüquqlarının bərpa olunduğunu düşünür. Əslində haqqında danışdığımız bu şəxsin bəzən kobud səslənən loru dildə olan nitqi ilə reytinq yığmağa çalışan KİV orqanları başa düşməyiblər ki, onların suallarının cavabı bilavasitə T.Əhmədovda deyil. İllərdir istifadədə olan köhnə qatarların alınması, yeni metrostansiyaların tikilməsi və bunun nəticəsində sərnişindaşımada yaranan narahatlıqların aradan qaldırılması kimi məsələlər Bakı Metropoliteni rəsmilərindən asılı deyil. Bunun üçün birbaşa dövlətin maliyyə dəstəyi gərəkir. Yeni təyin olunan Zaur Hüseynovdan da hər hansı ciddi dəyişiklik gözləmək böyük sadəlövhlük və məntiqsizlik olardı.
Bəlkə, gözləyirsiniz ki, metropoliten rəhbəri metrostansiyalarda sərnişinləri növbəyə düzüb onlara düşüb-minmə mədəniyyəti aşılasın? Yoxsa pik saatlarda yaranan izdihamda onları arxadan itələyib qatara doldursun ?...