Fevralın 28-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.
Modern.az xəbər verir ki, forumda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları, Dövlət Sosial Müdafiə Fondunun gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştrak edib.
Forumda açılış nitqi söyləyən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, 2000-ci ilin iyul ayında “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.
Ölkə üzrə dövlət qulluqçularının 10 faizinin Dövlət Sosial Müdafiə Fondunda çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayan Fondun sədri diqqətə çatdırıb ki, Fond 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.
Bundan əlavə, dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılması istiqamətində Komissiya ilə birgə əməkdaşlıq həyata keçirilir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib. Çıxışında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət Sosial Müdafiə Fondu ilə birgə əməkdaşlığına geniş yer ayıran Komissiya sədri bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri barədə də məlumat verib.
Forumda “Azərbaycanın sığorta-pensiya sistemi: sürətli islahatlarla müasirliyə doğru”, “Dövlət qulluğuna qəbul” və “Dövlət qulluğunda irəli çəkilmə” mövzularında təqdimatlar keçirilib.



Modern.az