Parlament Jurnalistləri Birliyi Bibiheybətdə jurnalistlər üçün tikilmiş binanın yerləşdiyi küçəyə “Əkinçi” qəzetinin adının verilməsi təklifi ilə çıxış edib.
Modern.az bu təklifə həmin binada yaşayan jurnalistlərin münasibətini öyrənib.
“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid: “Münasibətim pisdir. “Əkinçi” bir az müasir dövrlə düz gəlmir. Çox adam anlamayacaq ki, “Əkinçi” nə deməkdir. Jurnalistlərin binasıdır. Jurnalist küçəsi olsa hamısından yaxşı olar”.
Modern.az saytının redaktoru Xaqani Səfəroğlu: “Maraqlı təklifdir. Fikirmcə, media şəhərciyinin yerləşdiyi küçə bu sahəyə uyğun adı daşısa, yaxşıdır. Müsbət baxıram”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azəri: “Müsbət dəyərləndirirəm. Jurnalistlərin küçəsi hər halda jurnalistikaya bağlı olan bir adla adlandırılmalıdır. “Yeni Salyan yolu şossesi” deyilən əndirəbadi addansa, belə daha yaxşıdır”.
“Ekspress” qəzetinin redaktor müavini Qalib İbrahimoğlu: “İkiəlli “hə” deyirəm. Bu gün həmin küçənin adı “Yeni Salyan şosessi”dir. Əgər bu bir həyət, məhlə olsaydı mənfi qarşılanardı. Amma bu həyətdə artıq ikinci binanın özülü qoyulubsa, təbii ki, həmin küçənin Azərbaycan mətbuatının banisinin yaratdığı bir qəzetin - “Əkinçi”nin adı ilə adlanması böyük önəm daşıyardı”.
“Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı: “Müsbətdir. Hesab edirəm ki, mümkündür, yaxşı ideyadır”.
Misranə Həsənzadə