Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Krım Tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü, millət vəkli Mustafa Cəmilov (Krımoğlu) ilə telefon əlaqəsi saxlayıb. Partiyadan Modern.az-a bildirilib ki, Mustafa bəylə Ukraynada baş verən hadisələri müzakirə edən M.Mirəlioğlu ukraynalıların, o cümlədən Krım Tatarlarının demokratiya uğrunda, Avropaya inteqrasiya istiqamətindəki mübarizələrini dəstəklədiyini və bu mübarizədə Ukrayna xalqının mütləq qalib gələcəklərinə inandığını deyib.
Bununla bərabər, Krımda baş verən hadisələrdən narahatlığını bildirərək, Ukraynanın ərazi bütövlüyünün təhlükə altında olduğunu qeyd edən M.Mirəlioğlu, 20-ci əsrdə onlara qarşı aparılan soyqırımı siyasətinə qarşı mücadilə ilə mövcudluğunu isbatlamağı bacaran Krım Tatarlarının Ukrayna xalqı ilə birlikdə bu təhlükəni aşacağını, Ukraynanın ərazi bütövlüyünü qoruyacağını söyləyib. M.Mirəloğlu bu şərəfli mübarizədə demokratik dünyanın və türk dünyasının Ukrayna xalqı, o cümlədən Krım Tatarları ilə bir yerdə olacağına inamını bir daha vurğulayaraq, bu şərəfli işdə onlara uğurlar arzulayıb.
Modern.az