Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “... Şərait yaradılsaydı, günü bu gün jurnalistikadan gedərdim” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “... Şərait yaradılsaydı, günü bu gün jurnalistikadan gedərdim” - RUBRİKA

Media

3 Mart 2014, 10:34


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

APA-nın baş direktorunun birinci müavini Cavid Cabbaroğlu: “Uşaq vaxtı kim olacağımızla bağlı xəyallar qurarkən jurnalist olacağım ağlıma gəlməzdi. Baxmayaraq ki, orta məktəbdə oxuyarkən hekayə də, şeir də yazırdım. Onları heç yerdə çap etdirmədim, 11-ci sinifdə isə hər ikisinin daşını atdım. İlk arzum futbolçu olmaq idi. Sonra alim olub AMEA-da əlyazmalarla işləmək (atam Akademiyanın Geologiya İnstitutunda çalışdığından və məni də tez-tez özü ilə işə apardığından, uşaqlığımın AMEA divarları arasında keçməsi bu arzumun səbəbi idi), ən sonda isə diplomat olmaq istədim. Sovet dövründə Azərbaycanda beynəlxalq münasibətlər üzrə ali təhsil verilmədiyindən, Moskvada və ya Kiyevdə təhsil alacağımı düşünürdüm.
1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra artıq müstəqil Azərbaycanda da bu ixtisas üzrə ali təhsil verilməsinə başlandı. Ona görə də Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb məzun oldum. Universiteti bitirdikdən sonra AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında oxuyub tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Jurnalistikaya gəlişim 1998-ci ilin noyabr ayına təsadüf edir. Bakalavriatı bitirib altı ay ixtisasım üzrə iş axtardım, tapa bilmədim.
“Hürriyyət” qəzetinə artıq arxada qalmış prezident seçkiləri ilə bağlı yazı təqdim etdim. O vaxt bu qəzetdə çox gözəl kollektiv vardı. Baş redaktor Azər Hüseynbala, müavinləri Zöhrab Əmirxanlı və Faiq Novruzov idi. Zöhrab Əmirxanlı ilk yazımdan sonra mənə “Hürriyyət”də işləməyi təklif etdi, mən də qəbul etdim. Sonralar “Yeni Müsavat”, “GÜN-Səhər”, “Müstəqil qəzet”, “Bizim Yol” qəzetlərində də çalışdım. Artıq 7 ildir APA-dayam.

16 ildir jurnalistikada olsam da, hələ də özümü jurnalist saymıram. Çünki ixtisasca jurnalist deyiləm. Zöhrab Əmirxanlı, Hikmət Sabiroğlu, Yusif Rzayev, Nurşən Quliyev kimi ixtisaslı jurnalistlərin yanında özümü jurnalist adlandırmağım doğru olmaz. Həm də bizdə artıq “jurnalist” deyəndə, şou-biznesdən yazan və telekanalların efirindən düşməyən nərmənazik oğlanlar göz önünə gəldiyindən, mənə kimsə jurnalist deyəndə acığıma gəlir. Bununla belə, ötən illərdə istər-istəməz jurnalistika mənim peşəmə çevrildi, çalışdığım və evimə pul qazandığım sahənin prinsiplərinə xəyanət etmədim. Azərbaycan jurnalistikasının sözün həm müsbət, həm də mənfi mənalarında haradan haraya gəldiyinin canlı şahidlərindən biri oldum. İndi texniki imkanlarımız yüksək olsa da, etiraf edim ki, 1990-cı illərin jurnalistikası daha maraqlı idi. Çünki jurnalistikanı özünəməxsus oyun qaydaları ilə maraqlı edən Əbülfəz Elçibəy və Heydər Əliyev vardı.

Jurnalistikaya gəlişimdən dolayı peşmançılıq hissi keçirmirəm. Əksinə, məhz jurnalistika məni Cavid Cabbaroğlu kimi formalaşdırıb tanıtdırdı, yeni dostlar qazandırdı. Ancaq etiraf edim ki, hərdən epizodik peşmançılıqlarım olur. Nəinki jurnalistika, ümumiyyətlə, insanlıq adına ləkə sayılan məxluqların jurnalist vəsiqəsi gəzdirməsini, şou-biznesin mavilərinin və bic doğanlarının jurnalistlərə yuxarıdan-aşağı baxmasını, iki uzunqulağın arpasını bölə bilməyənlərin özünü mətbuatın bilicisi saymasını və ya ağsaqqalı kimi danışmasını görəndə adam “uf” demədən hər şeyə son qoyub mətbuatdan getmək istəyir. Getməyinə gedəcəyəm, amma hələ tezdir. Məsələn, AMEA-da elmlə məşğul olmaq üçün normal dolanışıq şəraiti yaradılsaydı, günü bu gün jurnalistikadan gedərdim. Hər halda, qocalanadək jurnalistikada qalmayacağıma, nə vaxtsa iki ixtisasımdan biri üzrə – ya elm, ya da diplomatiya sahəsində çalışacağıma inanıram”.

ANS TV-nin “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova: “Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Hələ ki, öz ixtisasım üzrə işləməmişəm. Amma mənə elə gəlir ki, jurnalistika bütün ixtisasların yığınıdır. Jurnalistika, xüsusilə ANS-dən, xəbərdən çıxmış və bundan başqa “Salam Azərbaycan” kimi bir verilişi aparırsansa, mənə elə gəlir ki, artıq burada hər şey var. Özünü həm siyasi, həm iqtisadi – hər tərəfdən göstərirsən. Jurnalist olmaq uşaqlıqdan arzum idi və Vahid Mustafayev, Mirşahin Ağayev və Seyfulla Mustafayevə təşəkkürümü bildirirəm. Mənim arzumun yerinə yetməsində onların böyük rolu olub.
Əlbəttə, jurnalistikada olmaqdan çox razıyam. Çünki hamıdan birinci xəbərləri bilirəm. Bundan başqa, bir az təvazökarlıqdan uzaq səslənsə də, insanların mənə inamı var. Kimlərsə deyir, bizdə söz azadlığı yoxdur. Mən bu fikirlə də razı deyiləm. Əgər öz sözümü azad şəkildə çatdıra bilirəmsə, yəni qayda-qanunlar çərçivəsində jurnalist olaraq sözümü deməyi bacarıramsa, deməli, xoşbəxtəm”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “BDU-nun Tarix fakültəsini bitirmişəm. 6 il Naxçıvan Dövlət Universitetində müəllim işləmişəm. Sonra məni Universitetdən Naxçıvanda Ali Məclisə aparata işə gətirdilər. Uzun illər Ali Məclisdə Dövlət Quruculuğu şöbəsində baş referent və müdir əvəzi işləmişəm.
Mətbuata 2001-ci ildə partiya işi ilə məşğul olanda gəlmişəm. ADP-də partiya işini aparırdım, həm də qəzet redaktoru idim. Elə o vaxtdan da mətbuatdayam. Açığını deyim ki, özümü jurnalistikada təsəvvür eləmirdim. Bu sahəyə o qədər marağım da yox idi. Amma birbaşa baş redaktor kimi başlayıb, fəaliyyət göstərəndən sonra jurnalistikada gördüyüm bir sıra özəlliklər nəhayət, məni özünə cəlb elədi və bu gün bu peşə çox xoşuma gəlir.
Heç bir narazılığım yoxdur. Jurnalistika gözəl peşədir. Çox təəssüf ki, onu hörmətdən salanlar var”.

“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev: “Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Mən o vaxtlar da “Azadlıq” qəzeti ilə əməkdaşlıq eləmişəm. Yazılarım gedib, müsahibələr olub. O vaxt Sovet İttifaqı dağılan dövrə düşürdü. “Azadlıq” qəzeti üçün Baltikyanı respublikalardan materiallar hazırlamışam. Həmişə, müxtəlif şəkildə bu qəzetlə bağlı olmuşam. Jurnalistika əlbəttə, mənim üçün çox maraqlı bir işə çevrilib. Bu şəkildə də mətbuata və qəzetə bağlanmışam. Cəmiyyətin informasiya ilə təminatı prosesində iştirak etmək, hadisələrin episentrində olmaq, məlumatlar çatdırmaq, həm də baş verən hadisələr, gedən proseslər haqqında fikir, mövqe bildirmək  çox maraqlı, çox böyük əhəmiyyət kəsb edən işdir. Mətbuat Azərbaycanda həm də söz azadlığı, dəyərlərin təntənəsi uğrunda mübarizə meydanına çevrilib. Bütün bunlar çox vacib, çox mühüm və çox maraqlıdır. Tamamilə razıyam”.  

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi