Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidmətinin“Şərqə Doğru” Proqramı çərçivəsində “Bakı qış məktəbi “ layihəsi keçirilir. Modern.az saytının məlumatına görə layihə martın 3-dən 14-nə kimi davam edəcək. Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində bakalavr, magistr və doktorluq dərəcələri üzrə təhsil alan 12 tələbə ilə yanaşı, 5 azərbaycanlı tələbə də iştirak edir. Layihəyə əsasən tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Səyanesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçəcəklər. Layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq. Bununla bərabər, “Mart soyqırımı qurbanlarını” yad etmək üçün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək və proqram çərçivəsində Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyuları ilə, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə tanış olacaqlar. Proqramın sonunda iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılacaq.
Modern.az