Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər regionda yeni geosiyasi mərhələnin başlanğıcını qoydu. Bu səfər həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, həm də Azərbaycan-ABŞ əlaqələrinin yeni müstəvidə inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.
Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir. Səfər çərçivəsində əldə edilən razılaşmalar Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq üçün mühüm zəmin yaradır.
Elə bu baxımdan Azərbaycanın sülh təşəbbüsləri və prinsipial mövqeyi beynəlxalq aləmdə geniş dəstək qazanmaqda davam edir.
Milli Məclisin deputatı Zaur Şükürov Modern.az-a danışan zaman qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə son dərəcə vacib tarixi hadisəyə şahidlik edib:
"ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.
Xüsusilə də, Azərbaycanın regionun əsas açar ölkələrindən biri olmasını və qlobal əhəmiyyətli Orta dəhliz üzərində əlverişli coğrafi mövqedə yerləşməsini və ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində yeni geosiyasi rellalığın yaranmasını və münaqişənin bitməsindən dərhal sonra Prezident İlham Əliyevin sülh gündəliyi ilə çıxış etməsini nəzərə alaraq, Vaşinqton səfərinin regionun gələcək inkişafında yeni bir mərhələnin başlanmasına mühüm töhfə verəcəyini əminliklə söyləmək olar. Eyni zamanda, ABŞ prezidentinin sülhməramlı missiyası çərçivəsində regionumuza diqqət ayırması, xüsusilə də dünyada münaqişə ocaqlarının hələ də alovlanmaqda olduğu bir zamanda, Cənubi Qafqazda sülh və tərəqqinin təmin edilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir".
Millət vəkili qeyd edib ki, heç şübhəsiz, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir: "Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edildi. Növbəti illərdə qələbəmiz addım-addım möhkəmləndirilərək, “Qisas əməliyyatı”da daxil olmaqla bir neçə lokal əməliyyat nəticəsində Ermənistan ordusunun qalıqları, qeyri-qanuni erməni silahlı dəstələrinə sarsıdıcı zərbələr vuruldu və Laçında sərhəd keçid məntəqəsinin qurulmasına nail olundu".
Zaur Şükürov vurğulayıb ki, 2023-cü ildə ölkəmiz 24 saatdan az bir müddətdə gercəkləşdirilən antiterror tədbiri ilə özünün tam suverenliyini bərpa edərək, son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə oldu:
"Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhz Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən “5 əsas prinsipi” Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlanıb".
Z.Şükürov vurğulayıb ki, danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirib:
"2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını layihəyə təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial olaraq bu məsələnin ölkənin daxili məsələsi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin qəbuledilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.
Təəssüflə qeyd edilməlidir, Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Makron Azərbaycan-Ermənistan normallaşma prosesinə hər vəchlə mane olaraq, öz gündəliklərini sırımağa can atırdılar və bu məqsədlə, ölkəmizə qarşı çirkin iftiralara, təzyiqlərə, siyasi-diplomatik təxribatlara əl atdılar, lakin məqsədlərinə nail ola bilmədilər".
Deputat əlavə edib ki, 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam təmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı:
"Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə maneə törədirdi.
Vaşinqton görüş çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul edir. Unutmayaq ki, buna qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin, Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Prezident İlham Əliyev daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu.
Vaşinqtonda imzalanmış Birgə bəyannamə ilə regionda Azərbayanın yaratdığı status kvo bir daha təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul edir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty International, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflasıdır. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı".
Deputat vurğulayıb ki, Vaşinqton səfərinin Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına təsir imkanlarına gəldikdə bir sıra məsələlər xüsusilə diqqətə alınmalıdır.
"Son 33 il ərzində inkişaf tarixinə nəzər yetirdikdə əsasən enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrdə ön planda olduğunu deyə bilərik. Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsi olaraq, 1994-cü ildə qlobal əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanmasından sonra iki ölkə arasında enerji sahəsində əməkdaşlıq intensiv xarakter almışdır. Təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığa gəldikdə isə, məlum olduğu kimi, 1992-ci ilin avqust ayında post-Sovet ölkələrinə yardım məqsədilə ABŞ konqresinin qəbul etdiyi “Azadlığa yardım aktın”a bu ölkənin erməni lobbisinin və ermənipərəst qüvvələrinin təsiri və təzyiqi ilə ədalətsiz “907-ci düzəliş”in əlavə edilməsindən sonra, ikitərəfli münasibətlərdə soyuqlaşma müşahidə edilmişdir. Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və bu terrorçu siyasətin nəticəsində Xocalı soyqırımı və digər faciələrə düçar olmuş məhz Azərbaycana qarşı belə bir sanksiyanın qəbul edilməsi ikili standartların və ədalətsizliyin göstəricisi idi. 2001-ci ilin sentyabr ayından sonra beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin oynaya biləcəyi əhəmiyyətli rolu anlayan ABŞ tərəfi ölkə prezidentinə 907-ci düzəlişinin tətbiqinin 1 il müddətində dayandırılması səlahiyyəti vermiş və ABŞ prezidentləri hər il bu qərarı yeniləməklə, iki ölkə arasında qarşlıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığn inkişaf etdirilməsinə imkan vermişlər. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Bayden Adminstrasiyası bu düzəlişin yenidən qüvvəyə minməsinə qərar verməklə, iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirmişdir.
Bu baxımdan, Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji işçi qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişinin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir. Bu baxımdan, Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik siyasətində və planlarında ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Bu səfər Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini möhkəmləndirməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya yönəlik artan diqqətini nümayiş etdirəcək. Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünün dəstəklənməsi və post-münaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmçinin, regionda geosiyasi güc balansına təsir edəcək mühüm diplomatik addım kimi dəyərləndirilə bilər", - deyə deputat qeyd edib.
Əlavə olaraq millət vəkili söyləyib ki, ölkəmiz milli maraqları əsas götürməklə, müstəqil, prinsipial, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına uyğun xarici siyasət kursu həyata keçirir.
"Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması, beynəlxalq təşkilatlarda üzvlüyü və sədrliyi zamanı beynəlxalq hüquqa və ədalətə söykənən fəaliyyəti nəticəsində dünya miqyasında nüfuzlu bir dövlətə çevrilmişdir. Bu isə, sözsüz ki, güc mərkəzlərinin və əsas beynəlxalq oyunçuların diqqətindən kənarda qalmır. Xüsusilə də, Azərbaycan və ABŞ liderlərinin praqmatik və prinsipial mövqe sərgiləməsi, oxşar dəyərləri üstün tutması münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər. Məhz bu kimi amillər Azərbaycan-ABŞ münasibətlərinin qarşıdan gələn illərdə yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir.
Azərbaycan və ABŞ liderləri arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan Azərbaycana siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu, regional təhlükəsizlik arxitekturasında rolunu, diplomatik manevr imkanlarını daha da artıracaq, qərb diplomatiyası istiqamətində mövqeyini daha da gücləndirəcək".