Modern.az

Xoşqədəm, Allah səni xoşbəxt eləsin!

Xoşqədəm, Allah səni xoşbəxt eləsin!

Media

3 Mart 2014, 20:29

50 il bir yerdə xoşbəxt həyat sürən, övladları, nəvələri, nəticələri olan ər-arvad “Qızıl toy”larını restoranda qeyd edib evə gəlirlər. Çarpayıya uzanıb, televizoru yandırırlar. Xoşqədəm Hidayətqızının təqdimatında “Səni axtarıram” verilişi gedir. Bu dəm aparıcı studiyada qonaq qismində əyləşmiş tanınmış kaman ustası, xalq artisti 86 yaşlı Habil Əliyevə yaxınlaşır və sual verir:

- Habil müəllim, heç ömrünüzdə xəyanət etmisinizmi?

O da sual bitməmiş:

- Bəli, etmişəm,- deyir.

Studiyada alqış səsləri qopur. Sonra da veriliş öz axarınca davam edir. “Qızıl toy”larını təzəcə qeyd etmiş kişi də verilişə maraqla baxmağa davam edir. Səhərdən verilişə eyni maraqla baxan 75 yaşlı arvadı isə üzünü ərinə tərəf döndərərək gözünü ona zilləyir. Kişi dillənir:

- Nə olub?

- Heç.

- Televizora bax da. Gözünü mənə niyə zilləmisən?

- Bir sual gəldi e, ağlıma.

- Nə sual?

- 50 ildir ki, soruşmaq istəyirəm. Amma nədənsə soruşmamışam.

- Soruş.

- Ay kişi, sən heç mənə xəyanət etmisən?

Habil Əliyevin cavabından cəsarətlənən kişi:

- Hə, xəyanət etmişəm.

Bunu eşitcək qoca arvad rəng alıb rəng verir. İncik səslə “Allah səni xoşbəxt eləsin, Xoşqədəm” deyərək, yorğanı başına çəkir. Arxasını ərinə çevirərək yatır.

Kişi isə “Xoşqədəm, Allah sənə də, Habil Əliyevə də insaf versin” deyərək, televizoru söndürür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi