Milli Məclisin bugünkü iclasında Elmira Axundova Azərbaycanda internetin keyfiyyəti və mobil operatorların ünvanına tənqidi fikirlər söyləyib. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, internetin sürəti zəifdir, davamlı işləmək faktiki mümkün deyil. “İnternet provayderləri ötən il qiymətləri 40% aşağı saldılar. Amma qiymət azalması ilə bağlı ADSL-ə müraciət edəndə bildirdilər ki, Azərbaycanda telefon xətləri hazırkı sürəti qəbul etməyə uyğunlaşdırılmayıb. Rabitə Nazirliyi də öz növbəsində provayderlərin imkanlarını rədd edir. Yenə də bu sahədə heç bir yenilik yoxdur. Faktiki olaraq internet istifadəçiləri sürətli internetdən məhrum olunublar. Halbuki abonentlər internetə görə hər ay 25-30 manat pul ödəyirlər”.
E. Axundova bildirib ki, rayon əhalisi üçün də internet əlçatan olmalıdır. “Mən rayondan seçilmiş deputat olaraq bildirməliyəm ki, Masallıda telefon xətləri sürətli internetə uyğun deyil. Turizm zonası elan olunan Masallıda internet zəifdirsə, ora hansı turist gələr?!”Deputat mobil telefonlarda reklam xarakterli bezdirici mesajlardan da gileylənib. “Mənim telefonuma gün ərzində “Dobramed”, “Sabina”, “Melamaldi” və s. kimi mesajlar gəlir. Bundan başqa bu mesajlarda insanları aldatmaq, insanları oyunlara cəlb etməklə kifayət qədərdir. Əsası da odur ki, bu mesajları açanda balansdan pullar silinir. Bu kimi hallar daha çox “Bakcell”də müşahidə olunur. Mən mobil operatorlardan xahiş edərdim ki, müştərilərin razılığı olmadan bu kimi mesajların göndərilməsi dayandırılsın. Rabitə Nazirliyi isə bunun qarısını almaq üçün əməli tədbirlər görsün”.
Gültəkin Ələsgər