Ombusman Elmira Süleymanovanın hesabatı Milli Məclisdə dinlənildikdən sonra deputatlar bir sıra rəy və iradlar bildiriblər. Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva bölgələrdən xeyli şikayət daxil olduğunu nəzərə çatdırıb. “İnanırıq ki, yaxşılığa doğru dönüş yaranacaq. Çünki dövlət aztəminatlı ailələrə yardım verir. Bu yardımın onlara incidilmədən çatması vacibdir”.
Bundan sonra deputat hepatit C-yə yoluxma hallarının artmasından narahatlığını dilə gətirib. “Hepatit C ilə bağlı dövlət proqramına ehtiyac var. Bundan başqa, psixiatriya xəstəxanalarında çox ciddi dəyişikliklərə ehtiyac duyulur. Bu istiqamətdə ciddi problemlər var. Məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin balansına keçməsi çox vacib məsələdir”.Q. Paşayeva Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərdiyini nəzərə çatdırıb. “Müraciətdə vurğulamışam ki, mən heç nədən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Mən kiminsə xoşuna gəlmirəmsə, mətbuat və media orqanlarını arxasına alıb hansısa kampaniya aparmasını araşdırmalarını istəyirəm. Çünki elə kompaniyalar var ki, bu gün mənə sabah başqalarına qarşı olacaq. Hər tədbirində Heydər Əliyevdən sitatlar gətirən, Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də olsun Səid Nursidən sitat gətirməyən insana, millət vəkilinə qara yaxanlar hesabat verməlidirlər”.
Gültəkin Ələsgər