Modern.az

Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA

Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA

Aktual

19 Avqust 2025, 19:28

Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

**

18:4

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır.

Modern.az APA-ya istinadən xəbər verir ki, “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı prokurorluqda araşdırma başlanılıb.

Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb.

İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub.

Faktla bağlı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal