Modern.az

Nəqliyyat islahatları üçün konkret kvotalar müəyyən olunmalıdır - EKSPERT

Nəqliyyat islahatları üçün konkret kvotalar müəyyən olunmalıdır - EKSPERT

31 Avqust 2025, 13:41

Yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalır. Hər il olduğu kimi, bu dövrdə paytaxtın nəqliyyat yükünün artacağı proqnozlaşdırılır. Xüsusilə səhər və axşam saatlarında, eləcə də məktəb və ali təhsil müəssisələrinə üz tutanların sayı yollarda sıxlıq və tıxacların yaranmasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, problemi yalnız yolların genişləndirilməsi ilə deyil, ictimai nəqliyyatın inkişafı, mikromobil vasitələrin təşviqi və piyada infrastrukturunun gücləndirilməsi ilə həll etmək mümkündür.

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, Ümumilikdə, tıxac böyük şəhərlərin qaçılmaz bir halına çevrilib. Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, bu tıxaclara alternativ olan hərəkət növlərini inkişaf etdirmək, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün konkret addımlar atılmalıdır.

“Sözügedən istiqamətdə işlərə artıq ötən ildən başlanılıb. Məsələn, ayrılmış avtobus zolaqları və mikromobillik üçün nəzərdə tutulmuş xüsusi zolaqlar kimi həlləri artıq şəhərimizdə görürük. Avqust-sentyabr ayları ərzində 200-ə yaxın yeni avtobusun gətirilməsi nəzərdə tutulub. Bu isə mövcud avtobus parkının yenilənməsinə, ictimai nəqliyyata marağın artmasına səbəb olacaq”.

O bildirib ki, digər vacib məsələ isə dövlət proqramı çərçivəsində icra hakimiyyəti orqanlarının səkiləri abadlaşdırmasıdır:

“Bu sahədə işlərin sürətləndirilməsinə ehtiyac var, çünki səkilər bərbad vəziyyətdədir. Bununla yanaşı, şəhər daxilində insanların piyada hərəkəti üçün şəraitin yaxşılaşdırılması da vacibdir. İnsanların rahat və təhlükəsiz hərəkəti üçün piyada zolaqlarının (zebraların və svetoforların) sayı artırılmalıdır. Şəhər daxilində, xüsusən də mərkəzdə dayanacaq yerlərinin sayı da artırılmalıdır. Bu dayanacaqlar 300 metrdən bir təşkil olunmalıdır ki, insanlar uzaq məsafələr qət etmədən rahat hərəkət edə bilsinlər. Bu, birbaşa olaraq sıxlığa təsir edəcək və alternativ hərəkət növlərini ön plana çıxaracaq.

Əgər bir şəxs görsə ki, avtomobillə hərəkət etdikdə tıxaca düşür və vaxt itkisi yaşayır, amma eyni yolda kimsə velosiped, skuter, avtobus və ya piyada ilə daha rahat və tez gedə bilirsə, o zaman avtomobil əvəzinə alternativ nəqliyyata üstünlük verəcək. Misal üçün, şəhər mərkəzindəki Füzuli küçəsindən dəniz istiqamətinə paralel küçələrlə piyada getmək istədikdə aydın olur ki, bu bir növ "quest" kimidir - yəni maneələrlə doludur. Mövcud keçidlər isə yerin altına düşməyə vadar edir. Bu da insanları bu növdən çəkindirir. Belə problemlər şəhərin mərkəzindən başlayaraq mərhələli şəkildə həll olunmalıdır, çünki əsas insan axını məhz mərkəzə yönəlib”.

Rauf Ağamirzəyev qeyd edib ki, məqsəd şəhər mərkəzinə fərdi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat və mikromobillik vasitələri ilə gəliş təşviq edilməsidir:

“Bunun üçün artıq müəyyən addımlar atılıb, lakin mövcud həllər təkmilləşdirilməlidir ki, insanlar ictimai nəqliyyata daha çox üstünlük versinlər. Bu o qədər rahat və əlverişli olmalıdır ki, insanlar avtomobili ikinci planda düşünsün”.

Nəqliyyat eksperti həmçinin vurğulayıb ki, hazırda elan olunmuş layihələrdən biri də İslam Səfərli küçəsinin piyadalaşdırılmasıdır:

 “Mən təklif edərdim ki, Füzuli, Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli küçələrində eyni səviyyəli keçid təşkil edilsin. Füzuli küçəsindən avtobusdan düşüb, eyni səviyyəli keçidlə İslam Səfərli küçəsinə doğru getmək imkanı və piyadalaşmış küçə ilə şəhərin mərkəzinə doğru hərəkət edə bilsinlər. Halbuki bu şəhərin mərkəzidir və əgər yeraltı keçidlərin yanında dublor eyni səviyyəli svetaforla nizamlanan piyada keçidləri (zebralar) keçidləri təmin edilərsə, məsələ öz həllini tapacaq. Eyni zamanda, yaxşı işıqlandırma, təhlükəsizlik adacıqları da əlavə olunmalıdır ki, insanlar bu keçidlərdən rahat və təhlükəsiz istifadə edə bilsinlər. Həmçinin, yeni piyadalaşdırılmış küçələrlə digər parklar və piyada zonaları inteqrasiya olunmalıdır.

Bütün bu məsələlər, xüsusilə dərs ili başlayanda, insanların hərəkətinə təsir edəcək. Şəhər mərkəzində kifayət qədər məktəblər və təhsil müəssisələri yerləşir və bu istiqamətdə ciddi sıxlıq yaranır. Lakin mən təhsili mərkəzdən köçürtmək tərəfdarı deyiləm. Əsas sual budur: həmin təhsil müəssisələrinə insanlar necə gəlirlər? Hərəkət növləri üzrə hansı prioritetlər mövcuddur?”.

R.Ağamirzəyev əlavə edib ki, dünyanın bir çox şəhərlərində olduğu kimi, bizdə də “park and ride” təcrübəsini genişləndirmək lazımdır:

“İnsanlar avtomobilini şəhər kənarında park edib, sonra ictimai nəqliyyatla yoluna davam etməlidir. Hal-hazırda belə bir sistem Koroğuda qurulub. Lakin bu nöqtələrin sayı artırılmalıdır - məsələn, Avtovağzalda, Lökbatan dairəsində, Dərnəgül istiqamətində və Zığ dairəsində bu imkanlar yaradılmalıdır.

Məqsəd fərdi avtomobillərin şəhərə daxil olmasının qarşısını almaqdır. İnsanlar avtomobillərini şəhər girişində park edib, buradan sonra avtobus, metro və ya digər nəqliyyatla hərəkət edə bilməlidirlər. Harada fərqli nəqliyyat növləri birləşirsə, orada üstünlük daha çoxdur. Koroğlu bu baxımdan ideal nöqtədir ki, avtomobildən düşüb həm metro, həm avtobus, həm də qatarla davam etmək mümkündür.

İkinci belə bir nöqtə Dərnəgüldə təşkil olunacaq. İlin sonuna qədər burada dayanacaq qurulması planlaşdırılır. Sumqayıt-Xırdalan istiqamətindən gələnlər bu nöqtədə düşərək, metro, qatar və ya avtobusla şəhər mərkəzinə çata biləcəklər. Digər mümkün nöqtə Xocasən ola bilər, lakin hələlik onun funksionallığı zəifdir.

Bu tədbirlərin hər biri insanların şəhərdaxili hərəkətinə birbaşa təsir göstərəcək. Lakin əgər sürətli nəticə istəyiriksə, piyada infrastrukturunun bərpası, abadlaşdırılması bu günün əsas mövzusudur. Digər məsələlər yaxın 5 il ərzində - metro şəbəkəsinin genişlənməsi, şəhərətrafı qatarların artırılması, tramvay sisteminin qaytarılması növbəti illərin planına daxildir”.

Nəqliyyat eksperti onu da diqqətə çatdırıb ki, artıq bu gündən başlayaraq hər ay üçün konkret kvotalar müəyyən olunmalıdır: neçə metr və ya kvadratmetr səki abadlaşdırılıb?Ekspertin sözlərinə görə, bu sadəcə rəqəmlərlə deyil, real şəkildə insanlara hiss etdirilməlidir:

“Nəqliyyat koordinasiyalı şəkildə həyata keçirilməlidir. Əgər səki salınırsa, onun hər iki tərəfindən keçidlərin təşkili də aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır.

Bundan əlavə, şəhər daxilində, xüsusilə də dənizkənarı ərazilərdə dayanacaqların sayı artırılmalıdır. Məsələn, Bibiheybət və Bayıl istiqamətindən 8 Noyabr prospektinə doğru, həmçinin əks istiqamətdə  8 Noyabrdan Bayıla doğru bu cür dayanacaqların təşkili vacibdir”,- deyə R.Ağamirzəyev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular