Modern.az

Laçının icra başçısı: “Görürsən ki, hüzr məclisində ölü yaddan çıxdı, qucaqlaşan kim, görüşən kim...” - MÜSAHİBƏ

Laçının icra başçısı: “Görürsən ki, hüzr məclisində ölü yaddan çıxdı, qucaqlaşan kim, görüşən kim...” - MÜSAHİBƏ

Ölkə

5 Mart 2014, 12:26


Modern.az
saytı işğal olunmuş rayonların İcra Hakimiyyəti başçılarından silsilə müsahibələrə başlayır. Məqsəd 22 ildən çoxdur doğma yurd-yuvalarından uzaq yaşayan məcburi köçkünlərin problemləri və digər məsələləri gündəmdə saxlamaqdır. İlk müsahibimiz Laçın rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovdur.

- Akif müəllim, məcburi köçkünlər əsas hansı problemləri ilə bağlı müraciət edirlər?

 - Öncə onu qeyd edim ki, bizdə qəbul günləri olmur. Laçınlılar istədikləri vaxt öz problemləri ilə bağlı müraciət edirlər. Laçınlılar üçün 3 qəsəbə salınıb. Eyni zamanda, müxtəlif yerlərdə yenidənqurma, təmir işləri getdiyi üçün onlar evlərlə əlaqədar müraciət edirlər.

2014-cü ilin sentyabr ayından laçınlılara 1500 evdən ibarət yeni qəsəbə salınacaq. Müharibə iştirakçıları, şəhid ailələri də bizə  müraciət edirlər. Mən özüm də döyüşdə olmuşam. Bu qəbildən olan ailələrin evlə təmin olunması, lazım olan evlərin təmir olunması, ailə üzvlərinin işə götürülməsi və digər məslələrlə bağlı kömək edilməsi ilə əlaqədar tapşırıq vermişəm. Özünü yandıran Qarabağ veteranından sonra elə insanlar oldu ki, problemləri yadına düşdü. Ona görə bacardığımız qədər həmin insanlara maddi və mənəvi cəhətdən dəstək olmağa çalışırıq. Laçın müəssisələrində boşalan iş yerlərində müharibə veteranlarını işlə təmin edirik.

Sevindirici haldır ki, laçınlıların öz imkanı ilə Bakının Günəşli qəsəbəsində 420 yerlik yerlik xeyir-şər evi tikdik.

Bizim insanların bir nömrəli istəyi öz torpaqlarına qayıtmaqdır. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanın bir qarış torpağı müzakirə mövzusu ola bilməz. Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə öz torpaqlarımıza qayıdacağıq.

- Qeyd etdiniz ki,  insanlar xeyir-şər mərasimlərində görüşürlər. Laçınlıları daha çox bir araya gətirmək üçün hansı tədbirləri görmək lazımdır?

- Birdən yas yerlərinə gedəndə görürsən ki, ölü yaddan çıxıb, görüşən kim, qucaqlaşan kim, ağlayan kim... Onlar biri-birlərini görməyən, vətən həsrəti çəkən insanlarıdı. Biz də İcra Hakimiyyəti olaraq, müntəzəm şəkildə laçınlıların məskunlaşdıqları yerlərə gedirik. Onları bir araya gətirib Vətənə qayıdış səpkisində söhbətlər aparırıq. Veteranlarla da ildə 2-3 dəfə görüşlərimiz olur. Laçın İcra Hakimiyyəti belə bir təşəbbüs irəli sürüb ki, ərazisi işğal olunan rayonların rəhbərliyinə müraciət edək ki, hərbi akademiyada təhsil alanların sayını öyrənək. Bu ordunun başında zabit olmasa, həyatımızı qurban etməsək, bizim haqda nə düşünərlər? Biz bununla bağlı təbliğat apardıq. Bu il bizdən 4 nəfər hərbi akademiyaya, 7 nəfər isə Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi akademiyaya gedənlərə daxili imkanlar hesabına hər ay 200 manat, liseyə gedənlərə isə 300 manat verilir. Məcburi köçkünlərin elə də imkanı yoxdur axı. Bu, həm də maddi maraqdır. Bu, bizim tərəfimizdən bir yenilikdir. İndi də müraciət edənlərin sayı çoxdur. Laçında bir deviz var. Hər laçınlı ailəsi orduya bir zabit verməlidir. Bu məsələni qaldırmışam. Elə ailə var ki, bir uşağı var. Elə ailə var ki, 5 qız övladı  var. Əlbəttə ki, onlardan zabit olmaz. Hətta hərbi məktəbə getmək istəyənlər arasında qızlar da var. Bu görünməmiş hadisədir. Dedilər ki, akademiyada oxumaq istəyirlər. Bu cəhətdən vətənpərvər olmaq lazımdır. Biz çalışırıq ki, laçınlıları Laçına laçınlı kimi qaytaraq. Hətta, deyirəm ki, Laçında hansı ləhcə ilə danışırsınızsa, o ləhcəni unutmayın. Hər rayona xas olan ənənələr var. Heç olmasa onları qoruyub saxlayaq, doğma yurdumuza qaytaraq.

- Məcburi köçkünlərlə görüşdüyünüzü qeyd etdiniz. Bəs onlarla işləmək çətin deyil?

- Laçınlıar Azərbaycanın  58 rayonda məskunlaşıblar. Bu ilin fevralın 5-də cənab Prezidentimiz keçirdiyi toplantıda qeyd etdi ki, bəzi yerlərdə insanlara maneçilik törədirlər. Gərək insanların içində olasan. Prezidentimizin mövqeyi belədir. Yerdə olan məmurların mövqeyi də belə olmamlıdır. Hazırda bu səpkidə çox böyük işlər görülür. Prezidentimizin mövqeyini bütün icra başçıları dərk edir. Qaçqın, məcburi köçkün, veteranların problemləri ilə əlaqədar bir sıra yerlərə xahiş edirəm. Sağ olsunlar, insanlarla çox maraqlanırlar. Bir müddət əvvəl Qaxın icra başçısına bir laçınlının problemi ilə bağlı müraciət etmişdim. Xahişim öz həllini tapdı. Bununla demək istəyirəm ki, 58 rayonda məskunlaşan laçınlının qayğılarını öz gücümüzə həll edə bilmirik. Amma sağ olsunlar. Əksər rayonlarda bizə kömək edirlər. Təbii ki, bu, Prezidentimizin apardığı siyasətin nəticəsidir.

- Laçın işğal olunan zamanla indiki vaxtı müqayisə edtikdə sakinlərinizin sayı nə qədər artıb?

- Əlbəttə ki, sayca artıb. Əvvəl 61 min laçınlı var idi. İndi 12-14 min nəfər artıb. Laçın, Kəlbəcər dağ rayonlarında artım xeyli var. Hər halda doğum ölümü qabaqlayır. 58 rayonda məskunlaşan laçınlılar başqa rayon insanları ilə qaynayıb qarışırlar. Qız alıb, qız verirlər.

- Bir sıra rayon məktəbləri var ki, onların fəaliyyəti o qədər də yaxşı deyil. Müəllimlər, eyni zamanda şagirdlər məktəblərin fəaliyyətindən şikayətlənirlər. Bu gün Laçın məktəblərində vəziyyət necədir?

- Praktiki olaraq, çalışırıq ki, neqativ hallara yol verilməsin.Aqil Abbas deyir ki, çadırda Üzeyir Hacıbəyov doğulmaz. Ancaq burada vaqonlarda, şəraiti olmayan Laçın məkəblərində təhsil alan uşaqların 50 faizi ali məktəblərə qəbul olur. Bilirsiniz, yaxşı xəstəxana olmasa keçinmək olar. Ancaq təhsil arasıkəsilməz, zəhmət tələb edən prosesdir. Bütün məktəblərdə müəllimlərlə görüşdükdən sonra deyirəm ki, bütün əlaçı şagirdləri bir sinfə yığın. Sual veririk, o qədər yüksək aura yaranır ki, sevinirəm. Mənim əsas prioritet fəaliyyətim təhsildir. Tez-tez şagirdlərlə görüşlər, tədbirlər keçiririk. Mənim arzum odur ki, laçınlılar Laçına həm də çox yüksək intellektlə qayıtsınlar. 500 qoyun saxlayan elə bilir ki, dünyanın xoşbəxti odur. Bu il ali məktəbə qəbul olan uşaqlarla görüşdük. Elm adamlarının çoxu həmin tədbirdə iştirak edirdi. Laçından 206 nəfər ali məktəbə qəbul oldu. Onun 30-dan çoxu 500-dən , 9 nəfəri isə 600-dən çox bal toplayıb. Belə demək olarsa, keçən il Laçın məktəbini bitirən 2 nəfərdən biri ali məktəbə qəbul oldu. Yüksək nəticə göstərən tələbələrə müxtəlif hədiyyələr və kompyuterlər verildi. Təhsildə vəziyyət belədir.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi