"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına yekun vurub.
Modern.az xəbər verir ki, bunu birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.
"Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır.
Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda keçirilən görüşlər Mədəniyyət və Ədliyyə nazirliklərinin nümayəndələrinin iştirakı ilə aparılıb. Altı bələdiyyədə -Qəbələ, Nohurqışlaq, Vəndam, Zaragan, Nic və Mıxlıqovaq bələdiyyələrində qulluqçuların və yuxarıda adıçəkilən qurumların rəsmilərinin iştirakı ilə keçirilən görüşlərdə ciddi fikir mübadiləsi aparılıb, təkliflər səslənib, bir sıra abidələrə birgə baxış keçirilib.
Bundan başqa, layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx da hazırlanıb. Videoçarxa Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun rəyi verilib. Hazırlanan sosial çarxın müasir texnologiyaların imkanlarından istifadə edilərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanması da nəzərdə tutulur.
Sədr layihənin uğurla başa çatmasında göstərdiyi dəstəyə görə Ədliyyə və Mədəniyyət nazirliklərinə, Qəbələ RİH-ə və Vəndam bələdiyyəsinə öz təşəkkürünü də bildirib.