Sentyabrın 5-də Azərbaycan və Ermənistan arasında mühüm diplomatik hadisə baş verib. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə hər iki ölkənin nümayəndə heyətləri qarşılıqlı səfərlər həyata keçiriblər.
Belə ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin VII maddəsində qeyd edilir ki, tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad quruculuğu tədbirləri həyata keçirəcəklər.
Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov qeyd edib ki, nümayəndə heyətlərinin hər iki ölkə ərazisinə qarşılıqlı səfərləri razılaşdırılmış təhlükəsizlik və etimad quruculuğu tədbirləri üzrə mühüm addımdır.
“Aydındır ki, Ermənistanın 30 ildən artıq bir dövrdə Azərbaycan ərazilərini işğal və təcavüzə məruz qoyması, azərbaycanlılara qarşı dövlət səviyyəsində çoxsaylı cinayətlərin törədilməsi, işğala öz güc və imkanlarımız hesabına son qoymağımıza baxmayaraq hələ də Qarabağ və Şərqi Zəngəzurda minalı ərazilərin insan həyatı və sağlamlığı üçün təhdid yaratması fonunda iki ölkə arasında etimad quruculuğu sadə məsələ deyil.
Lakin dövlət başçımızın da ifadə etdiyi kimi, Azərbaycan və Ermənistan əbədi düşmən qala bilməz və bu mənada, ölkəmizin cənab prezidenti İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında Vətən müharibəsi və antiterror tədbirlərində qazandığı böyük hərbi-siyasi qələbə nəticəsində yaranan yeni geosiyasi reallıq Cənubi Qafqazda sülh, sabitlik və etimad mühiti üçün tarixi şans formalaşdırıb”.
Millət vəkili bildirib ki, biz tarixi keçmişi, xalqımıza qarşı törədilən çoxsaylı cinayətləri unutmaq niyyətində deyilik, lakin bu da bir reallıqdır ki, Azərbaycan xalqı öz qisasını döyüş meydanında alıb və bizim güc və imkanlarımız xalqımızın və dövlətimizin maraq və mənafelərinə qarşı yönələn istənilən təhdidi bundan sonra da istənilən an aradan qaldırmağa imkan verir:
“Belə bir məqamda sülh, əmin-amanlıq və əməkdaşlıq mühitinin alternativi yoxdur və Cənubi Qafqazda, nəhayət, silahların susması bölgənin hər bir sakininin faydasınadır. Bu mənada, Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində texniki nüanslarla daha çox bağlı olsa da, özlüyündə cənab İlham Əliyevin yaratdığı yeni reallıqda Onun təşəbbüsləri ilə formalaşan sülh gündəliyinin icrası baxımından çox vacibdir”,- deyə deputat əlavə edib.