“Əvvəllər Azərbaycanda quberniyalar, mahallar, qəzalar, vilayətlər olub. Sovet hakimiyyəti dövründə bunların əvəzinə rayonlar yaradıldı. Sovet hakimiyyəti dağılandan sonra Azərbaycanda ərazilər inzibati quruluş baxımından rayon kimi fəaliyyət göstərir. Bu məsələ bu gün də aktual olaraq qalır”.
Millət vəkili Tahir Rzayev Modern.az-a açıqlamasında bu məsələni belə şərh edib: “Düzdür, bəzən deyirlər ki, rayon rus sözü olduğundan dəyişdirilməlidir. Amma mahiyyət elə böyük əhəmiyyət kəsb etmir. Əgər ərazidə inkişaf gedirsə, sözsüz ki, bunların gələcəkdə birləşməsi hardasa ərazilərin digər quruluş formasına keçməsi, yaxud özündən yuxarı pillə quruluş formasına tabe olması məsələsi qaldırılarsa, əlbəttə, gələcəkdə mahal məsələsi gündəmə gələ bilər. “Quberniya”, “vilayət” alınma söz olduğundan düşünürəm ki, “mahal”, “qəza” daha münasib adlardır. Ancaq bu gün bəziləri bu məsələni qaldırırlar. Gələcəkdə zərurət yaranarsa, bu adlara keçmək olar”.Tahir Rzayev rayonların adlarının dəyişdirilməsini zəruri hesab etmir: “Şəxsən mən adların dəyişdirilməsinin tərəfdarı deyiləm. Adların dəyişilməsi dövlət büdcəmizə ziyandır. Rayonların tərkibində 50-60-100 kənd var. Onların tərkibində məktəblər, tibb müəssisələri, digər böyük xidmət sahələri var. İri şəhərlərdə 300-400 min, kiçik rayonlarda 60-70 min əhali yaşayır. Sənədlərin hamısı dəyişməlidir. Obyektlər, xəritələr, kitablardakı adlar da dəyişməlidir. Bu, bir növ tarixi dəyişiklik olacaq. Bu, çox uzun bir prosesdir. Fikrimcə, indi buna ehtiyac yoxdur. Çünki müharibə şəraitində yaşayırıq. İşğal olunmuş ərazilərimizin adlarını da dəyişmək biz heç sərf etməz. Ermənilər onsuz da rayonlarımızın adlarını dəyişib. Buna elə-belə yanaşmaq olmaz, ciddi məsələdir”.
Namidə BİNGÖL