Milli Məclisin axırıncı iclasında vitse-spiker Bahar Muradova valideynlərini Qocalar evinə verən övladların hüquqi məsuliyyətini müəyyən edən qanunun qəbul edilməsi təklifi ilə çıxış edib:
“Ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması üçün ən azı onları bu vəziyyətə çatdırmış övladların cəzalandırılması, qınanması, düzgün yola gətirilməsi üçün hüquqi və maddi məsuliyyət müəyyən edən qanun qəbul etməliyik. Necə olur ki, gənc ailədə övladını atan atanın üzərinə aliment hüququ qoyuruq, amma valideyinini atan imkanlı şəxslər öz öhdəliklərini yerinə yetirmir? Biz bu öhdəlikləri müəyyənləşdirməli və onları buna məcbur etməliyik”.
Modern.az saytı bu təklifə tanınmış simaların münasibətini öyrənib:
“Eşq olsun Bahar xanıma”
Yazıçı Seyran Səxavət bu təklifi dəstəkləyir: “Bahar xanım çox gözəl deyib ki, uşağını atan valideynin üstünə hüquqi məsuliyyət qoyulduğu kimi, valideynini atan övladın da üzərinə hüquqi məsuliyyət qoyulmalıdır. Yəni, qarşılıqlı olmalıdır. Deməli, belə çıxır ki, valideynin övlada borcu var, amma övladın valideynə borcu yoxdur. Mən bu təklifdə əməlli-başlı məntiq görürəm və bu bir qanun kimi inşallah Milli Məclisdə qəbul olunsa, ancaq sevinə bilərəm. Ən yaxşı Qocalar evi övladın yanındadır. İstəyirsən, neçə mərtəbəli saraylar olsun, onların qulluğunda kimlər dursun. Bu gün Qocalar evində göstərilən qulluq işin texniki tərəfidir. Orada məhəbbət, istək, istilik yoxdur. Ümumiyyətlə, qocalıq yaşı elə bir dövrdür ki, onlar həmişə üşüyən olur. Yəni, qışda üşüməkdən söhbət getmir. Körpə kimi olurlar. Qayğını dövlət də, Qocalar evinin işçiləri də göstərə bilər. Onlar yaşamaq üçün, ayaqda durmaq üçün hər cür şərait yarada bilərlər. Amma məhəbbəti göstərə bilməzlər. Məhəbbət qandan, candan gəlir. Eşq olsun Bahar xanıma! Milli Məclisdə oturanların yəqin ki, hamısı bu təklifi dəstəkləyəcək və insanı, qocaları dəstəkləyən, kimsəsiz qoymayan bir qanun qəbul eləyəcək. Bu təklifi ancaq dəstəkləyirəm və arzu edirəm ki, Milli Məclis gələcəkdə ümumiyyətlə, insana yaxın olan belə qərarları, qanunları tez-tez qəbul eləsin”.
“Hər bir övlad valideynin qarşısında məsuliyyət daşımalıdır”
Telejurnalist Elçin Əlibəyli məsələnin psixoloji tərəfinə də diqqət çəkir: “Həqiqətən Qocalar evinin şəraiti çox yaxşıdır. Amma bu təklifdə qismən də olsa bir həqiqət var. Çünki ən azı valideyn əziyyət çəkib onu böyüdüb. Düzdür, bizim dəyərlərimizə ziddir. Mən başa düşürəm ki, valideyni Qocalar evinə göndərmək pis sayılır. Amma məsələnin bir başqa tərəfi var ki, o nəslin adamları bir-biri ilə daha tez dil tapır, ünsiyyətləri olur. Onlar elə bil ki, Qocalar evində daha rahat olurlar. Fikir verirsiniz, gənclərlə evdə olanda sözləri düz gəlmir, bir-birini başa düşmürlər. Nəsillərin fərqi var axı. Sırf psixoloji baxımından həqiqətən də Qocalar evinin özünün xüsusi aurası var. Orada qocalar bir-biri ilə tanış olur, dostlaşırlar. Dövlət bütün bunları eləyir. Amma onunla razıyam ki, uşaq borcu olduğu kimi, bir valideyn borcu da var. Misal üçün müəyyən qədər aliment kimi deyək və yaxud hər hansı bir şey insanlardan tutula bilər. Mən bunun tərəfdarıyam. Eşitmişəm ki, bir neçə ölkədə bu var. Yəni, dövlətə müəyyən qədər müavinət ödənilir ki, dövlət onun əvəzində sığınacaqlarda qocalar üçün şərait yaradır. Bir var ki, valideyni pis məramla Qocalar evinə aparıb atırlar. Bu çox dəhşətli bir şeydir. Bir də var imkansızlıq ucbatından Qocalar evinə aparırlar. Həqiqətən elə insanlar var ki, imkanı yoxdur. Yəni, evi balacadır və s. Amma mən elə yaşlı tanıyıram ki, özü öz övladlarından xahiş edir ki, onu Qocalar evinə aparsınınlar. Deyir, ona görə yox ki, ona pis baxırlar. Ona görə ki, orada yaşıdları, həmsöhbətləri var. Yəni bir də bunun sosial, psixoloji tərəfi də var. Amma bütün hallarda hesab edirəm ki, bəli, hər bir övlad valideynin qarşısında məsuliyyət daşımalı, ona baxmalıdır. Əgər baxa bilmir, Qocalar evinə göndərirsə, təbii, müəyyən qədər müavinət ödəməlidir”.
“Belə adamların üzünə tüpürmək lazımdır”
Rejissor-aktyor Əbdül Mahmudov: “Mən Bahar xanımı salamlayır və ona təşəkkür edirəm. Yəqin ki, o qadın, rəsmi adam olduğuna görə bu məsələni yumşaq qaldırıb. Belə insanları həm ictimai qınağa məruz qoyub ifşa eləmək, həm də çıxardıb yolda, meydanda, Bakının mərkəzi küçələrində üzlərinə tüpürmək lazımdır. Yoxsa, biz xırda-xırda milli, mənəvi dəyərlərimizi, əxlaqımızı, insanlığımızı itirə-itirə hara gedirik ki. Uşağını atan valideynlə, valideynini atan övlad mahiyyət etibarı ilə eyni şeydi. Çox arzu eləyərdim ki, evlənməmişdən əvvəl fikirləşin, sonra ailə qurun. Boşanırsız, ortada uşaqlar başsız, yetim qalırlar və s. Buna yol vermiyək. İnsanların doğmalarını atmağından söhbət gedir. Bu mənada sözsüz ki, sağ olsun, Bahar xanım. Əlində səlahiyyət, hakimiyyət var. Xahiş edirəm, bunu çox dəqiq, dəmir qanunlarla nizamlasınlar və o qanunlara əməl olunsun”.
“Valideynini Qocalar evinə aparan övladlara münasibətim pisdir”
Müğənni Azər Zeynalov: “Ümumiyyətlə, belə hesab edirəm ki, bizim adət-ənəmizə yaraşan hərəkət deyil ki, atanı, ananı Qocalar evinə qoyasan. Bu məsələyə həmişə pis baxmışam. Valideynini Qocalar evinə aparan övladlara münasibətim birmənalı pisdir. Bahar Muradovanın bu təklifi elə-belə deyilmiş təklif deyil, həyatdan götürülmüş bir təklifdir. Mən də bu fikri dəstəkləyirəm. Çünki şəxsən mən heç vaxt qəbul eləməm ki, övlad valideyni aparıb Qocalar evinə qoysun. Çox təəssüf edirəm ki, belə hallar hələ də var. Adam düşünəndə ürək ağrısı keçirir ki, valideyn övladını min bir əzabla böyüdür və övlad aparıb onu Qocalar evinə qoyur. Bu çox ağrılıdır. Mənim bu mövzuya aid oxuduğum “Qocalar evində bir ana gördüm” adlı mahnı da var. Youtube-da da onun videosu var”.
“Onun hüququ var ki, övladını övladlıqdan çıxartsın”
APA Holdinq-in rəhbəri Vüsalə Mahirqızı belə qanun layihəsinin qəbuluna ehtiyac görmür: “Dünyanın istənilən xalqına, millətinə və yaxud dininə mənsub olan insanın onu bir ömür boyu yetişdirmiş ata-anasını Qocalar evinə təhvil verməsi doğru deyil. Ən azı əxlaqi baxımından, milli tərbiyə baxımından doğru hərəkət deyil. Amma dünyanın demək olar, bütün ölkələrində Qocalar evləri var və bir çox ölkələrdə hətta insanların özləri müəyyən yaş həddindən sonra, əmək qabiliyyətlərini itirəndən sonra könüllü olaraq ora gedirlər. Əlbəttə, hərənin öz seçimi var və düşünmürəm ki, bunun xüsusi bir cəza formasında tətbiq olunması ilə bağlı bir qanuna ehtiyac var. Çünki uşağını atan valideynlə, övlad himayəsindən məhrum olan qoca arasında fərq var. Uşağın öz hüququnu müdafiə etmək, məhkəməyə müraciət etmək, qanun qarşısında cavab vermək, tələb imkanları yoxdur. Buna görə də dövlət qanun vasitəsilə onun hüquqlarını müdafiə edir. Ən azı uşağın yaşamaq hüququnu təmin eləmək üçün valideyn 17 yaşa kimi ona baxmaq borcundadır. Amma istənilən yaşlı insan əvvəla bir həyat, dövr keçib. O keçdiyi dövrdə yaşayıb, işləyib, əmək pensiyası var, aldığı müavinətlər var. Həm də onun imkanları var ki, əgər mülkiyyət ona aiddirsə, övladı da o mülkiyyət çərçivəsində ona baxmırsa, onu mülkiyyətdən məhrum edirsə, özünə vəkil tutsun, məhkəməyə müraciət eləsin, öz mülkiyyət hüququnu bərpa eləsin. Hətta, onun hüququ var ki, övladını övladlıqdan çıxartsın və onu bütün mülkiyyətinə sahiblikdən, illər ərzində qazandığı mülkiyyətə, var-dövlətə sahiblikdən məhrum eləsin. Ona görə də şəxsən mən düşünmürəm ki, hansısa bir qanuna ehtiyac var. Əlbəttə, Bahar xanımın fikrində onunla razıyam ki, bu ictimai qınaq səviyyəsinə çıxmalıdır. Valideynlərini Qocalar evinə verən insanlarla da bağlı da ictimai qınaq olmalıdır. Onsuz da bizim xalqımızda bu ağır bir məsələ kimi baxılır. Mənə elə gəlir ki, bu ictimai qınağı artırmaq lazımdır. Amma qanunla onun tənzimlənmə yolunu görə bilmirəm”.
Misranə Həsənzadə