Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Bezəndə, əsəbiləşəndə lənət oxuyuram” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Bezəndə, əsəbiləşəndə lənət oxuyuram” - RUBRİKA

11 Mart 2014, 09:42


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Kaspi” qəzetinin baş redaktor müavini Məğrur Əliyev: “Mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası-red.) bitirmişəm, ixtisasım politoloqdur. Demək olar ki, öz ixtisasım üzrə işləməmişəm. Tələbəlik illərindən etibarən mətbuatda çalışıram. Jurnalistikaya marağım da o dövrdən yaranıb. Jurnalistika həm bir az sərbəst, müəyyən mövqe qazanmaq baxımından rahat olan bir sahə kimi, həm də maraqlılığı baxımından o vaxt məni cəlb elədi. Hadisələrin gedişatı, onlara münasibət bildirmək, Sovet dövründən qurtulmuş mətbuatın yeni sima, yeni mahiyyət qazanması və orada yer almaq, öz sözünü demək, o meydandan istifadə eləmək, şübhəsiz ki, cəlbedici idi. Və məni də bu baxımdan özünə cəlb etmişdi. Hardasa bir az tale, qismət məsələsidir. Həyat başqa bir xətlə getsəydi, yəni deyək ki, öz ixtisasım üzrə getsəydim, bəlkə də cəmiyyətdə daha yüksək mövqedə, maddi baxımından daha yaxşı vəziyyətdə olardım. Amma onu birmənalı demək mümkün də deyil. Yəni, indiki vəziyyətimdən daha pis də ola bilərdi.
Ancaq geriyə baxanda indiki vəziyyətimdən, indiki mövqeyimdən çıxış eləyəndə qətiyyən peşman deyiləm. Bu sahə əvvəl olduğu kimi indi də çox maraqlıdır. Öz mövqeyini bildirmək, fikirlərini çatdırmaq, kimlərəsə öz sözünü demək, hansısa proseslərin gedişatına müəyyən dərəcə də olsa, öz təsirini göstərmək baxımından üstünlükləri var və gözəl bir peşədir. Ümumiyyətlə, mən şablon da olsa, demək istəyirəm ki, insan məşğul olduğu sahəni yaxşı bilirsə, yaxşı bacarırsa, onun üçün bir çətinlik yoxdur. Bu baxımdan jurnalistika mənim üçün sevilmli, əzizdir və qətiyyən də peşmançılığım yoxdur”.

ANS TV-nin “Xəbərçi” proqramının aparıcısı Qənirə Ataşova hər gün işindən zövq alır:
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə heç işləməmişəm. Çünki mən tələbə olandan ANS-də işləməyə başladım. Həvəsim də bu sahəyəydi. O dönəmdə də ANS hələ təzə yaranmışdı. Hardasa 7-8 il idi fəaliyyət göstərirdi. ANS-in o yenilikləri məni özünə cəlb elədi və mən də gəldim bu ailənin üzvü oldum.
Qətiyyən peşman deyiləm. Mən öz peşəmi həddindən artıq çox sevirəm. Hər gün işimdən zövq alıram. İşə sevgi önəmlidir. Onda keyfiyyət alınır”.

 “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Əvvəldən marağım jurnalistikaya idi. Tale də gətirdi, bu sahəyə çıxartdı. İşə “7 gün” qəzetinin əlavəsindən başladım. Daha sonra digər qəzetlərdə işləmişəm. Bu sahədə olmağımdan da razıyam”.

APA TV-nin xəbər müdiri Gülşən Hacıyeva jurnalistikaya onu bağlayan hissin nə olduğunu bilmir:
“Ankarada Qazi Universitetinin Maliyyə fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Elə Ankarada tələbə ikən jurnal çıxardırdıq. Azərbaycana gələndən sonra da bu işi davam etdirdim. Bir də gördüm ki, jurnalist olub getmişəm. Yəqin, özümü burada daha rahat hiss elədim ki, gəldim. Bəzən bezəndə, əsəbiləşəndə yəqin ki, lənət oxuyuram (gülür). Amma ümumiyyətlə, düşünürəm ki, uzaqda qala bilmərəm, mənim üçün çətin olar.
Bilmirəm bu sevgidir, yoxsa vərdişdir. Onu hələ seçə bilməmişəm. Hər halda uzaq qalanda çox darıxıram. Yəni, özümü sudan çıxmış balıq kimi sayıram. Gələndə də iş çox olanda, stressiylə, filan təbii ki, narazılıqlar olur”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi