Modern.az

Mustafa Lütfi Şirvani və onun Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzeti

Mustafa Lütfi Şirvani və onun Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzeti

11 Mart 2014, 10:09

1906-1911-ci illərdə Həştərxanda şamaxılı  Mustafa Lütfi  Hacı Sədrəddin  oğlu İsmayılov  (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan  "Bürhani-tərəqqi" qəzeti haqqında  informasiya axtarışına çıxmışdım. "Bürhani-tərəqqi"-"tərəqqinin, inkişafın sübutu, dəlili "anlamına uyğun gəlir.
Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin  məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin  bu qəzetdə  müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim.  Həştərxanda sürgündə olarkən  N.Nərimanovun da"Bürhani tərəqqi" qəzetində  elmi -publisistik  yazılarla çıxış etməsi də məlumdur.     M.Ə.Sabirin də "Bürhani-tərəqqi"dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin "Hophopnamə"sində bu faktı təsdiq edən  istinsa yeri  yoxdur.

Nə isə...

Axtarışlar Türkiyəyə gedib çıxdı. "Kardeş kalemler" də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim,fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafanın  Lütfinin  döğum tarixinin bir mənbədə  1876-cı il , digər mənbələrdə 1880 -cı il  kimi təqdimi ilə rastlaşdım.  Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun  mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız-adlısı da,sanlısı da, onlara inahıb, onlara  güvənənlər də   9 yaşında  atadan  yetim qalan Məhəmmədin  Mustafa  Lütfinin  himayəsində böyüdüyünü  yazırlar.  Əlbəttə, bu, inandırıcı deyil: ya Mustafa Lütfi    İsmayılov  Məhəmmədin əmisi yaşındadır, ya da  himayədarlıq  haqqında deyilənlər həqiqətə uyğun deyil. Hər halda elmi  yazıda  deyilən fikir həqiqətə uyğun olmalıdır.

Mustafa Lütfi    bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı,  adı heç  bir yazılı mənbədə  çəkilməyən , sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi  kimi  Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi- İslam" adlı  ictimai-siyasi cəmiyyət yaradır. Mu stafa İsmayılov  təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi   cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb  evi, ədəb məktəbi"),qızlar üçün  "Nümuneyi-tərəqqi"  adlı zəmanənin tələb etdiyi   yeni tipli məktəb açır.  Mustafa İsmayılov Həştərxanda  Azərbaycan dilində  qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən  Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. "Bürhani-tərəqqinin 5 ildə (1906-1911) 141 nömrəsi işıq üzü görmüşdür. "Bürhani-tərəqqi" oxuculara " həftədə bir dəfə çıxan siyasi,ədəbi,iqtisadi  türkcə müsəlman qəzetəsidir " kimi tanıdılır. Qəzetin hər  nömrəsi əsasən 4 səhifədir.
Bir sıra nömrələri 8 səhifə həcmindədir. Materiallar əksər nömrələrdə 3 sütunda  yerləşdirilmişdir.Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında çıxması üçün  İsmayılov qardaşları  ticarətlə məşğul olurdular).


Məktəb və mətbəə işlərinə yardım məqsədilə yaradılan ticarət işlərinə  Mustafanın  Şamaxıdan Həştərxana gələn  kiçik  qardaşı rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə götürdüklərindən  ticarətdən o qədər də xeyir qazanmırdılar.Onların əsas gəliri yazılanların qalması,  məktəblərdən  aldıqları təhsil haqları idi.
Mustafa İsmayılov ətrafına ədəbi, elmi  və  yetkin siyasi  savadlı  Azərbaycan , tatar, noqay,  kumuq  gənclərini toplaya bilmişdi. Onlardan -Həbibulla Ömərov,Zahidulla Şərufulin,Qurbanəli Erembetov,Fatix Şammazov və başqaları türk  mətbuat tarixində  yadda qalan  ziyalılardır. Azərbaycan şairi, Mustafanın  şamaxılı əqrəbalarından Məhəmməd Hadi Əbdüssəlimzadə də "Bürhani-tərəqqi"  qəzetinin  yazılmasında  və nəşrində  haqqı-sayı olanlardandır. Məhəmməd Hadi Həştərxana Kürdəmirdən getmişdir. 1902-ci il zəlzələsi  bütün şamaxılıları yerindən-yurdundan ələk-fələk eləmişdi: Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid  də -  kimi tək, kimi ailəli Kürdəmirə üz tutmuşdular.Babamgil  bir neçə rəs atla  (rəs- numerativ sözdür,  mal-qara "baş" numerativ  sözü ilə, at isə "rəs" sözü ilə işlənir. Məsələn: beş rəs at -N.N.) Türkiyə ilə ticarətə üstünlük vermiş, onların yaxın qohumlarından və dostlarından biri  Məhəmməd isə müəllimliyə qərar verir. Məhəmməd o vaxt Kürdəmirin  də baş kəndi olan Köhnəbazar məktəbində müəllim işləyir.
Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk  yeni tipli dövlət məktəbidir.Əsası 1881-ci ilin fevralında qoyulmuşdur.
Yeri gəlmişkən qeyd edim ki, bu məktəbin tarixini, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən müəyyənləşdirmişəm. 1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda   bu məktəbin tarixi, burada işləyən yüksək pedaqoji təfəkkürlü  müəllimlər haqqında yazılar yazmışam.  Köhnəbazar  kənd  məktəbinin - qədim Şirvan mahalının  tarixi məktəbinin 
130 yaşını faktlar əsasında pedaqoji işi anlayanlara və qiymətləndirməyi bacaranlara başa salmışam. Məktəbin  130  yaşlı yubileyi gec də olsa, rayon səviyyəsində, nəhayət ki, qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə böyük köməklik göstərən Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalının  o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə təşəbbüskarlığı  da həmişə xatırlanmalıdır.

Nə isə...

Məhəmməd Əbdüssəlimzadə  Həştərxandan məktub alır və o,çox güman ki, tərəddüd etmədən  şimala üz tutur. Ədəbiyyat tarixçilərimizin yazdığına görə,  Məhəmməd Hadi bir müddət "Bürhani-tərəqqi"nin redaktoru da olur. Bu fikri ona görə ehtiyatla yazıram ki, Bakıda -M.F.Axundov adına Respublika kitabxanasında bu qəzetin- 141 nömrəsi olan"Bürhani-tərəqqi" nin cəmi 12 nömrəsi saxlanılır.  Odur ki, tədqiqatı genişləndirmək çətinlik törədir.Görəsən, qəzetin bütün nömrələrinin surətin çıxarıb, səliqəli şəkildə Azərbaycan oxucularına çatdırmaq çətindirmi?


Yenə də nə isə...

Məhəmməd Əbdüssəlimzadə qohumu Mustafa İsmayılovun xahişi ilə 1906-cı iln mayında Həştərxana gedir, setyabrın ortalarına qədər "Bürhahi-tərəqqi" qəzeində və "Darül-ədəb"də  işləyir.Görünür, "Şurayi-islam" cəmiyyətinin üzləri arasında fikir birliyi tez-tez pozulduğuna görə, Bakıdan "Həyat" qəzetinin redaktoru Əli bəy Hüseynzadədən iş dəvəti alan kimi  Məhəmməd  Hadi Bakıya qayıdır  və  "Füyuzat" jurnalında fəaliyyətə başlayır.
 Məhəmməd Əbdüssəlimzadənin "Bürhani-tərəqqi"də çıxan bir şeiri "Dəbistan" jurnalının  6 avqust 1906-cıil tarixli  nömrəsində  "Bürhani-tərəqqi"dən qeydi ilə çap olunmuşdur. "Lövheyi-təsviri-maarif"  adı ilə oxuculara təqdim olunan bu şeir dördlük  şəklindədir, 
18 bənddir. Sonuncu bəndə bir beyt əlavə olunmuşdur.Vətən övladına müraciətlə başlayan bu şeir oxucunu maarif məsələlərinə xüsusi diqqət verməyə çağırır:

Maarif bir həqiqətdir, silər  mirati-idraki,
Maarif bir ziyadır ki,qılar tənvir vicdani.
Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,

Maarif kəşf edər insanə mənizari-imkani. Köməyinə, bilik və bacarığına güvəndiyi  Məhəmməd Hadinin Bakıya qayıtması  Mustafa İsmayılovun qəzetçilik fəaliyyətini çətinləşdirir. Şurayi-islam" cəmiyyətinin üzvləri arasında yaranan  qarşıdurmanı sakitləşdirmək üçün  Bakıdan Həştətxana gedən Əlimərdan bəy Topçubaşov əməl və əqidə dostlarını barışdırmaq  istəsə də, istəyinə nail ola bilmir.   1908-ci il yanvarın 22-də Mustafa İsmayılov panislamizm ideyalarını yaydığına və  xalqı  hakimiyyətə müqavimət göstərməyə çağırdığına görə həbs edilir.  O, martda polis nəzarətində caxlanmaq şərti ilə  azadlığa buraxılır.

1909 -cu ildə "fars  inqilabçılarına kömək etdiyinə görə" Nəriman Nərimanov  Metex qalasından - həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir. N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. "Bürhani  -tərəqqi" qəzetinin birinci səhifəsində  ən bahalı reklam yerində onun gəlişi ezop manerası ilə oxucularıa  bildirilir:

"Müsəlman doqtoru  Nəriman bəy Nərimanov  daxili  və  qadın xəstəlikləri olanları hər gün qəbul edir. 
Qəbul səhər  saat 9-dan 12-dək,axşam saat 5-dən 7-yədəkdir.

Ünvan : Könnə Dəmirçi küçəsi,  № 28.Velosiped klubunun arxa tərəfində".
Azərbaycan və rus dillərində   olan bu elan q əzetdə üç ay davam edir. Elandan sonra ərazinin türkdilli və rusdilli vətəndaşları N.Nərmanovun hüzuruna axışır.
Yeri gəlmişkən qeyd edim ki,"Bürhani- tərəqqi"  müəyyən çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə araşdırılması və vu aradırmaların üzə çıxardığı faktlarla ilgili idi.    Qəzetin nömrələrinin ləngidilməsi hökumət  tərəfindən təyin edilmiş cenzorun və quberniyada tatar dilində çap olunan qəzet,jurnal  və ədəbiyyat materiallarının tərcüməçisi,  Həştərxandakı   rus -tatar məktəbinin rus dili  müəllimi İsak  İsgəndərovun  hakim dairələrə yaxınlığı ilə  bağlı  idi .İ.İsgəndərovun əsas hədəfi "Şurayi-islam" və o bu cəmiyyətin məktəbi  məktəbi "Darül-ədəb" idi. 1910-cu ilin fevralında  Mustafa  İsmayılov  "Darül-ədəb"dən uzaqlaşdırılır. 1911-ci ilin iyununda  "Bürhani-tərəqqi" qəzeti bağlanır. Vəsait olmadığını bəhanə  edərək,  1911-ci  ilin sentyabrından "Daryl-"ə şagird qəbulu dayandırılır. 
Bəzi müəlliflərin  yazdığına görə  "Bürhani -tərəqqi" bağlanandan sonra Mustafa İsmayılov Qafqaza qayıdır.  Təəssüf ki, yazılarda konkret məkan göstərilmir.
1914-cü il martın 14-də Həştərxan qubernatoru   Mətbuat üzrə Baş İdarəyə göndərdiyi 2391 №-li məktubunda  Mustafa İsmayılova  gündəlik "Haqq" qəzeti çıxarmağa icazə verdiyini  yazmışdır. Qəzet Mustafa İsmayılovun evinəyaxın mətbəələrin birində çıxır. "Haqq" qəzeti əvvəllər  hər gün , sonralar isə həftədə 2-3 dəfə şıxmüşdır.
Lütfi Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.

Tədqiqat  davam edir.

 

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik  Şurasının bölmə üzvü,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keşirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi.

 


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!