Tanınmış din xadimi, uzun illərdir ABŞ-da yaşayan Fəthullah Gülən İngiltərənin “Financial Times” qəzeti üçün Türkiyədə yaşananlarla əlaqədar bir məqalə yazıb. Modern.az saytı xarici KİV-ə istinadən həmin məqalənin maraqlı hissəsini oxuculara təqdim edir.
Gülən məqaləsində Türkiyənin bütün dünyada "inanclı müsəlman liderlərin idarə etdiyi müvəffəqiyyətli bir demokratiya olaraq görüldüyünü", ancaq son dövrdə "hökumətin idarəçi heyətindən kiçik bir qrupun ölkənin inkişafını girov götürdüyünü" dilə gətirib. Gülən bu müddətdə cəmiyyətin böyük bir hissəsinin hökumətə verdiyi dəstəyin də ölkənin Avropa Birliyinə girmə ehtimalı ilə birlikdə israf edildiyini iddia edib. O, hökumətin ədliyyə nazirinə hakimlər və prokurorları yerləşdirmə səlahiyyəti verməsi, interneti nəzarətə götürməsi və kəşfiyyat təşkilatlarına diktatorluqlara bənzər geniş səlahiyyətlər verməsinin Avropa Birliyi və digər Qərb dövlətlərinin böyük reaksiyasına səbəb olduğunu vurğulayıb.
On ildə əldə edilən bütün əhəmiyyətli müvəffəqiyyətlərə son dövrdə kölgə salındığını iddia edən Gülən AKP hökumətinin həm xalqın, həm də beynəlxalq cəmiyyətin etibarını yenidən qazanmasının tək yolunun insan haqlarına və hüququn üstünlüyünə olan inancını yenidən göstərməsi olduğunu, bu inancı göstərmənin tək yolunun isə demokratik bir konstitusiya olduğunu yazıb. Məqaləsində Türkiyədə mətbuat və ifadə azadlığı sahəsində də problemlər olduğunu dilə gətirən Gülən qeyd edib ki, yetkin insanlar tənqidləri xoşbəxtliklə qarşılayar: “Çünki yerində tənqidlər inkişafımızı təmin edər".
O, din üçün siyasi iqtidar arxasınca qaçmanın İslamın özünə zidd olduğunu qeyd edib: "Din ilə siyasət qarışsa hər ikisi də çətin vəziyyətə düşər, xüsusilə də din. Heç bir zaman hər hansı bir siyasi partiyanı, ya da namizədi dəstəkləmədim və gələcəkdə də dəstəkləməyəcəyəm”.
Gülən Türkiyədə nə olur-olsun bu şəkildə yaşamağa da davam edəcəyini bildirib: "Türkiyənin bu andakı problemləri demokratiyanı, azadlıqları və hüququn üstünlüyünü inkişaf etdirmək üçün bir üsul olaraq istifadə edəcəyinə ümid edirəm. Demokratiyanın təməl qanunlarına olan bağlılığımızı yeniləyərək güvən və sabitliyi yenidən təmin edə biləcəyimizi, həm bölgəyə, həm də dünyaya nümunə olan Türkiyə nümunəsini yenidən canlandıra biləcəyimizə inanıram."
Modern.az