Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərsəm təklif verib. O, Azərbaycanın işğal altında olan torpaqlarının Rusiyanın tərkibinə verilməsini dilə gətirib. “Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək”-deyə V. Jirinovski bildirib.
Millət vəkili Çingiz Qənizadə Modern.az saytına açıqlamasında Jirinovskinin həmin təklifinə sərt cavab verib. “Əvvəla Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olmuşdur. Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”-deyə Ç. Qənizadə qeyd edib.
Modern.az