Modern.az xəbər verir ki, deputat Musa Qasımlı Milli Məclisin bugünkü iclasında bildirib ki, Mingəçevir, Qazax, Şirvan, Şamaxı və Quba bölgələrində universitetlər yaradılmalıdır. Xaricdə azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı danışan deputat bildirib ki, yaxşı olar ki, tələbələr bakalavr pilləsini Azərbaycanda, magistr pilləsini isə xaricdə alsınlar.
“Azərbaycan elmi xaricə daha yaxşı çıxar. Hazırda minlərlə gənc qəbul imtahanı vermədən ailə büdcəsi hesabına Rusiya, Ukrayna, Gürcüstan bir çox hallarda aşağı səviyyəli universitetlərin akkreditasiyadan keçməyən fakültələrində təhsil alırlar. Onların çoxları 4 illik təhsil müddəti əvəzində 5 il, bəzən də 8 il təhsil alır. Bəziləri isə heç universiteti bitirə bilmirlər. Belə olan halda, hansı vəziyyət ortaya çıxır? Azərbaycan haqqında mənfi rəy yaranır, Azərbaycanın pulu xaricə gedir, ailələri qohum qonşuya övladının xaric də təhsil aldığını deyir. Ölkəyə gəldiyi zaman isə dövlətə tamam başqa münasibət bəsləyirlər. Təbii ki, Azərbaycan azad bir ölkədir. Vətəndaşın xarici ölkəyə gedib təhsil almağı normal bir haldır və qadağan etmək mümkün deyil. Biz alternativlər barədə düşünməliyik. Bunlar isə maliyyə texniki çətinliklərə baxmayaraq, Şirvan, Şamaxı və Qubada , o cümlədən Mingəçevir və Qazaxda universitetlərin açılmasını müvafiq hesab edirəm. Xüsusən Dağıstan və Gürcüstanda yaşayan azərbaycanlıların yaşadığını nəzərə alsaq, bunun nə qədər strateji əhəmiyyətli olduğunu görmək olar. Məncə, bunun vaxtı gəlib çatıb”, – deyə M. Qasımlı vurğulayıb.
Gültəkin Ələsgər