Modern.az

Bayram yerində gözəldir

Bayram yerində gözəldir

14 Mart 2014, 21:51

- Salam, necəsiniz?

- Çox sağ olun, yaxşıyam. Siz necəsiniz?

- Yaxşıyıq biz də. Darıxmırsan, buralar üçün?

- İnsan çox şeyə öyrənir. Qurbət onun yanında nədir ki...

- Bu arada bayramın da mübarək.

- Aaa, bu gün çərşənbədir axı. Təbrik üçün təşəkkür edirəm. Çox sağ olun. Sizin də bayramınız mübarək. Mark qardaş sağ olsun. Çox şeyi xatırladır bizə.

- Deyəsən, sən bayramı qeyd eləmirsən axı...

Gözlərimi yumuram. Xatirələrim məni nə az, nə çox düz 20 il əvvələ aparır. Çox həyəcanlıyam. Novruz gəlir axı...Ən böyük bayramımız... Axır çərşənbəmiz... Bizim üçün Novruz bayramından daha önəmlidir cərşənbə...Onun həyəcanı çoxdur. Uşaqlı-böyüklü hamımız ona hazırlaşırıq.

Aha, ilk çərşənbəmiz gəldi. Anam yenə yorğan-döşəyi tökəcək. Bayram təmizliyi başladı. Evdə təmizlənməmiş, silinməmiş bir nöqtə belə qalmayacaq. Bayrama təmiz girməliyik axı. Təmizlik bitdi, yaşasın! Artıq rahat nəfəs ala bilərik. Adam da bayramda təmizlik eləyər?!

“Sabah sizi rayon mərkəzinə aparacam”. Atamın səsidir. Bu o deməkdir ki, bol-bol konfet, təzə paltalar var. Dörd çərşənbə valideynlərimiz bütün istəklərimizə “hə” cavabını verir. Axı, bayramdır. Bayramda hər şey olar. Yaşasın, o zaman. Hər şey ala bilərik. Qucağımız dolu avtobusdan düşürük. Təzə güllü donlar, ayaqqabılar, şokoladlar, meyvə suları. Anam əlimizdən zorla alır. “Hamısını birdən yeməyin, qarnınız ağrıyacaq”.

Cərşənbələri sayırıq. Aha, üçüncü çərşənbə də gəldi. Bu həftə “ilaxır çərşənbə”dir. “Xala, gələn həftə “ilaxır çərşənbə”dir””. Xalam gülərək başımı sığallayır. Sevincimizə baxıb sevinir böyüklərimiz. Nənəm yenə kisənin ağzını açır. “Axır çərşənbə gəlir, uşaqlara pul vermək lazımdır”. Pulu alıb tez dükanlara gedirik. Kaş, bütün dukanı alsaq, axı “ilaxır çərşənbə” gəlir. O gecə yatmırırq. Bu gün “ilaxır çərşənbə”dir. Şəkərburaları ağzımıza təpə-təpə, paxlavaları ciblərimizə dolduraraq evdən çıxırıq. Hər kəs xoşbəxtdir. Axı, bu gün çərşənbədir. Qonşu qızları ağacın altında toplanıb. Yanlarına gedirəm. Bu axşam “papaq atdı”dır axı. Torbalar hazırlanır, papaq atılacaq evlər müəyyənləşdirilir.

- Birinci bizim məhəllədən başlayaq.

- Yox, məhəlləyə sonra atarıq. Öncə, başqa məhəllələrə gedək.

Sonunda razılaşırıq. Qruplar müəyyənləşdirilir. Axşamdan hazırladığımız kişı paltarlarını çıxarırıq. Oğlan geyimində olmaliyiq ki, bizi tanımasınlar. Qəniməti qoyacağımız torbaları da unutmuruq. Gör, neçə evə papaq atacağıq. Keçən il özümdən böyük torbanı evə zorla sürüyə-sürüyə gətirmişdim. Sonra da bir ay məktəbdə yemişdik uşaqlarla. Plan qurub, ayrılırıq.

Evdən zəfəranlı plovun iyi hər tərəfə yayılır. Anam aşı dəmə qoyub. Yaşasın, sevincimdən qışqırıram. Anam stolun üstündə hazırladığı bayram paylarını göstərir. Qonşuların bayram paylarını vermək mənim işimdir. Axşam olmadan bütün bayram paylarını qonşulara aparıram. Yolda bayram payı aparanlarla qarşılaşıram. Gözəl mənzərədir.

Bu da axşam. Az qala evimizin hündürlüyündə tonqallar qalamışıq. Bütün məhəllə tonqalın başına toplaşıb. Kəndin gəncləri tonqalın üstündən atlamaq üstündə yarışa girirlər. Hər kəs ağırlığını tonqala tökmək istəyir. Kimsə Yeni ilə ağırlıqla getmək istəmir. Gördüyüm ən böyük tonqal, eşitdiyim ən gözəl gülüş səsləri... Hər kəs gülürdü, hər kəs xoşbəxt idi. Hər kəs həyəcanlıydı. Hər kəs ümidliydi. Hər kəs sevinirdi. Hər kəs qapısından içəri atılacaq papaqları gözləyirdi. Gözləyirdi ki, içinə sevincini qoyub versin. Hər kəs sevincliydi və hər kəs bunu paylaşmaq istəyirdi. Bişirilən şirniyyatlar hər kəs üçün bişirilirdi, dəmlənən plov hər kəsin idi. Bayram hər kəsin bayramı idi. Və Bayram çox gözəl idi.

Facebookdan səs gəlir. Xəyaldan ayılıram.

- Deyəsən, sən artıq bayramı qeyd elmirsən?

Sonucu dəfə qeyd elədiyim bayramı xatırlamağa çalışıram. 1993-cü ildən sonra ağlıma heç nə gəlmir. Bayramı xatırlaya bilmirəm. Ondan sonrakı “ilaxır çərşənbə”lər həmişə hüzünlü keçib mənim üçün. Heç bir şey yerində olmadı o gündən sonra. Hər zaman bir şeylər əksik oldu. Evimiz olmadığı üçün papağımız olmadı. Çadırlardan papaq ata bilmədik. Çadırlar yanar deyə önlərində tonqal qalaya bilmədik. Paxlavamız olanda, şəkərburamız, şəkərburamız olanda paxlavamız olmadı. Bəzən sadəcə qovudumuz oldu. Anam bizi başına toplayıb buğda qovuraraq ovcumuza tökdü. Bir qovudla bayram keçirdik. Ama adı bayram, içi nisgil oldu oldu bizim üçün. Anamızın göz yaşlarını görəndə, atamızın həsrətini görəndə bayram sevincini içimizdə basdırmağa başladıq. Sonra böyüdük. Hər şeyimiz oldu, ancaq bayramımız olmadı. Bayramımız həmişə həsrətimiz oldu. Bizim bayramımz, uşaqlığımız kimi, ruhumuz kimi Qarabağda qaldı. Gülməyi unutmamaq üçün güldük, bayramı unutmamaq üçün bayram keçirdik.

İndi 8 ildir Kıbrısda yaşayıram. Bu illər ərzində bayram keçirməyə cəhd etsəm də, keçirə bilmədim. Qoyduğum səməni mənə küskün küskün baxdı, bişirdiyim paxlavalar anamın paxlavaları kimi olmadı. Papaq atacaq qapım da yoxdur. Artıq bayramı keçirmirəm. Cünki bayram yerində gözəldir. Bayram keçirmək üçün öncə yeri olmalıdır. Mən o yeri istəyirəm. Mən Qarabağı istəyirəm. Mənim bayramım Qarabağdır. Bayramınız mübarək!!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi