Modern.az Azərbaycandakı xarici tələbələrlə müsahibələrin təqdimatına davam edir. Növbəti müsahibimiz Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi, İran İslam Respublikasının Təbriz şəhərindən olan Meysam Gəncehdir.
– Uzun müddət ölkənizdən, ailənizdən uzaq qalacağınızı biləndə nə düşündünüz?
– Əlbəttə, hər kəs üçün ailəsindən uzaq durmaq çox çətindir. Ürəyimi yalnız o isti eləyirdi ki, biz bu ölkəni qəbul eləmişik, orada bizim öz ana dilimizdə danışırlar. Həm onlarda, həm bizdə Novruz bayramı var. Bura gəlməmişdən əvvəl də Azərbaycan dilini təmiz bilirdim. Ana dilimizdir də. Əslimiz də Gəncə şəhərindəndir, mənim soyadım Gəncəlidir.
– Başqa ölkədə tələbə olmağın hansı müsbət və mənfi tərəfləri var?
– Tələbə öz ölkəsindən kənara çıxanda iki ali məktəbə gedir. Biri təhsil aldığıdır, o biri də cəmiyyət. Bunlar hamısı qazandığımız təcrübədir.
– Siz özünüzdə tələbəlik dönəmində hansı dəyişikləri hiss elədiniz?
– Mən hər şeyi atamdan gözləyərdim. Ata gərək elə eləyə ki, hər şey qaydasında olsun. Ancaq bura gələndən sonra məsuliyyət hissi keçirdim. Pulu elə xərcləməliydim ki, ayın sonuna çatsın.
– Ən çox nə və kim üçün darıxırdınız?
– İnsan qürbətə gələndə öz vətəni üçün darıxır. Bu çox normal prosesdir. Elə vaxt olurdu ki, doğma şəhərimdə ünsiyyətim olmayan adamı da görmək istəyirdim. Ən çox da ata-anam, ailəm üçün darıxırdım. Nəticədə yavaş-yavaş başa düşdüm ki, gərək bu hisslərimə qarşı çıxım.
– Ailənizlə tez-tez əlaqə saxlayırsız?
– Bir ara internet vasitəsi İranda zəif olduğuna görə, əlaqə qura bilmirdik. Ya da baha başa gəlirdi. Bəzən həftədə bir dəfə danışırdım. Ancaq indi İranla internet vasitəsi ilə rahat əlaqə saxlayıram.
– Dini dövlətdə yaşamısınız. Bir dini dövlətdən dünyəvi dövlətə gələrkən hansı fərqləri hiss elədiniz?
– Mən heç bir fərq görmədim. Fərq yalnız geyimlərdə hiss olunur.
– Adət-ənələrimizdə hansı oxşar cəhətləri görürsüz?
– Elə neçə gündür çərşənbədə od yandırırlar. O dörd çərşənbə eyni ilə bizdə də var. Yəni Novruzun qaydaları eynidir. Televizora baxanda da cənab prezident İlham Əliyevin yumurta sındırdığını gördüm. Bu da bizə xoşdur, adam özünü eynən ölkəsindəki kimi hiss eləyir.
– Bəs sizdə olmayan hansı maraqlı adətlə rastlaşmısınız?
– Bakıdakı Gül bayramı mənə çox maraqlı idi. Bir də Bayraq Günü.
– Azərbaycan sənətçilərindən kimləri tanıyır, dinləyirsiz?
– Bizdə daha çox aşıq musiqisinə üstünlük verilir. Mən aşiq musiqisini xoşlayıram. Bizdə o musiqi çox dinlənilir. Sizin aşıq Zülfiyyə, aşıq Ədalət Dəlidağlını dinləyirəm. Əmioğlmuzun toyunda da Ədalət Dəlidağlını gətirmişdilər. Namiq Qaraçuxurlu və Üzeyir Mehdizadə də xoşuma gəlir.
– 4 il az müddət deyil. Artıq bura az-çox öyrəşmisiniz. Təbrizə gedərkən Azərbaycan üçün darıxırsız?
–İndi biz ikiürəkli olmuşuq. Təbrizdə 2-3 gün ailəni gördün, dolandın, dost-tanışı gördün, sonra bura üçün darıxırıq. Gün sayırıq ki, Bakıya gələk. Bura gələndən 1-2 həftə keçəndən sonra da ora üçün darıxırıq.
Misranə Həsənzadə