“İnsanlar işlərini hüquqi çərçivədə qurmalıdırlar. Azərbaycanda quruculuq, abadlıq işləri görülür, dövlət üçün zəruri olan tikintilər aparılır. Elə olur ki, abadlıq zamanı mülkiyyət sahiblərinin ərazisindən də istifadə olunur. Ona görə də hər bir insan mülkiyyət hüququna uyğun olan sənədləri hazır vəziyyətdə saxlamlıdır. Bu sənədlər olmalıdır ki, gələcəkdə problemlərlə rastlaşmasınlar”.
Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov metro keçidlərindəki ticarət obyektlərinin yığışdırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istər icarə müqaviləsi, istərsə də mülkiyyətlə bağlı sənəd sözlə deyil, sənədlə olmalıdır: “Ticarətlə məşğul olanlar bu məsələyə daha ciddi yanaşmalıdır. Sənədlər qaydasında olanda hüquqi müstəvidə hər şey öz həllini tapır. Yəni, sahibkara hansısa ziyan dəyirsə, o, məhkəməyə müraciət edə bilər. Amma ticarətçinin heç bir sənədi yoxdursa, aylıq kiməsə pul ödəməklə bizneslə məşğul olursa, o, bir sıra hüquqi məsələlərdən məhrum olur. İndi metro keçidlərində ticarət obyektlərinin yığışdırılmasına narazılıqlarını bildirirlər. Onlar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə danışıqlar aparırlar. Yəqin ki, ümumi razılığa gələcəklər”.
S.Novruzov ticarət obyektlərinin yığışdırılmasını və “Sahil” Ticarət Mərkəzinin yanmasının metropolitenin sabiq rəisi Tağı Əhmədova qarşı yönəldiyini iddia edənlərə də cavab verib: “Bunun ona nə dəxli var? Hər şey qanun çərçivəsində həll edilir. Ola bilər, ticarət mərkəzinin yanması texniki haldır. Başqa səbəblər də ola bilər. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır”.
İlkin PİRƏLİ