Novruz gəldisə, deməli, hamının yadına uşaqlıq xatirələri düşəcək. Tonqalda əl-ayağını yandıran, ayağı büdrəyib çaya yıxılan, qonşunun ot tayasını külə döndərən, qəttəzə paltarını məftilə ilişdirib cıran, qulaq falına çıxıb kor-peşman geri qayıdanlar bitib tükənməyən xatirələrini düz mart ayı bitənə kimi danışmaqla qohum-əqrəbanın əsəblərini sınağa çəkəcəklər. Heç onları tək qoyarıq? Qoy onlar danışmağında olsun, biz isə yazmağımızda. Bu dəfə biz qohumlara istirahət verib o əhvalatları dinləməyi qulağımızın borcu bildik.
Başladıq sorğu-suala, klaviaturamızı kökləyib Novruz xatirələrini Modern.az dəftərinə köçürməyə.
Heç vaxt “qeyrət”ini atmayan Aqil Abbas...
...Novruzda bütün adətlərə riayət etsə də bircə papaq atmayıb. Özünün də dediyi kimi, papaq qeyrət əlaməti sayıldığına görə, onların kəndində heç kim papağını qapı ağzına atmazmış. Deputat Aqil Abbasın Novruz xatirəsini belə başladı: “Qarabağlı olduğumdan biz tərəflərdə papaq atmaq sözü yox idi. Hamı bacaya torba atardı. Qulaq falına da heç kim çıxmazdı”.
Başına gələn ən maraqlı Novruz xatirəsini isə belə xatırlayır: “Hər dəfə olduğu kimi bir Novruzda da məhəllədə tonqal qalamışdılar. Tonqaldan atlananda uşaqlar səs-küy salırdı. Qonşu uşaq tonqalın üstündən tullananda ocağa düşdü. Hamı qışqırdığından heç kim onun yanmasını başa düşmədi. Birdən gördüm ki, uşaq yanır. Mən də çığırdım, qaçdım uşağın üstünə. Yerə yıxıb uzandım üstünə, başladım söndürməyə. Mənim də pal-paltarım yandı. Uşağın ata-anası gələndə övladları qaldı qıraqda, başladılar məni qucaqlayıb ağlamağa”.
Hansı evə papaq atmaq olmaz...
Millət vəkili Çingiz Qənizadə də Novruzu adət-ənənəyə uyğun keçirdiyindən başına gəlməyən hadisə qalmayıb. “İndi uşaqlar tanıdı, tanımadı, kim gəldi onun qapısına papaq atırlar. Amma bizdə elə deyildi. Ancaq qonşu qapılara papaq ata bilərdik. Zəfər adında uşaqlıq dostum var idi. Mənimlə bir yaş böyük idi. Papaqatdı işinə onunla gedirdik. Çox vaxt həyət evlərinin qapıları bağlı olduğundan çəpərdən atlanaraq qapını açmağa çalışırdıq. Bir Novruzda dostum qapını açmaq üçün çəpəri aşanda paltarı tor hasara ilişdi. Zəfər çəpərdən asılı qaldı. Həm köynəyi, həm şalvar cırılmışdı. Həmin gün bütün planlarımız pozuldu. Sonralar uşaqlar bizi ələ salırdılar”.
Qulaq falına çıxan Fəzail Ağamalı
“Kəndimizdə Novruza hazırlıq bir ay öncə başlayırdı. Biz də tonqal qalmaq üçün taxta, çır-çırpı yığırdıq. Qonşu kəndlərin uşaqları ilə yarışırdıq ki, kimin tonqalı daha hündürdür. Lopa yandırıb göyə atırdıq. Səhər açılmamış su başına gedib axar suyun üzərindən tullanardıq. Çayın daşından götürüb evə gələrdik. Həmin daşı un çuvalının içinə atardılar ki, xeyir-bərəkət olsun. Sonuncu çərşənbədə qulaq falına çıxardıq. Yadımdadır 10-cu sinifdə oxuyanda universitetə girmək üçün niyyət tutub qulaq falına çıxdım. Niyyət edib ağız falı da tutulurdu. Evdəkilərin ağzından birinci nə çıxırdısa niyyətinin yerinə yetməsinə təsir edirdi”.
Papaq atmaq qadağandır
Millət vəkili Məlahət İbrahimqızı uşaqlıqdan bu günə kimi papaq atdı hissini yaşaya bilməyib. Onların evində məhz bu adətə qadağa var imiş. Bu barədə Məlahət İbrahimqızı danışır.
“Adət olsa da ailəmizdə kiminsə qapısına papaq atmağa icazə verilmirdi. Valideynlərim heç cürə bu adəti qəbul edə bilmirdilər. Kiminsə evini pusaraq papaq atmaq onlara uyğun deyildi. Bircə dəfə qulaq falına çıxmışam. Orta məktəbi bitirib, Tibb Universitetinə hazırlaşırdım. Niyyət edib kənddə bir qonşumuzun qapısına qulaq falına çıxdım. Onlar da çox sakit ailə idilər. Yalan olmasın düz bir saat gözlədim, evdə danışan olmadı. Bütün həvəsdən düşdüm. Yenə də ümidimi üzməyib dedim bir-iki dəqiqə də gözləyim. Birdən otağın qapısı açıldı və evin xanımı çölə bir fincan su atdı. Bikef evə qayıtdım. Evə çatanda nənəm, anam soruşdu ki, nə eşitdin. Nə olmuşdusa hamısını danışdım. Mənimlə zarafatlaşdılar. Amma sonra falımın çin olacağına inandırdılar. Deyim ki, həmin ili arzuma çatdım”.
Ot tayasına od vuran millət vəkili
Novruzda başına bütün bədbəxt hadisələr gələn Nizami Cəfərovun da Novruzla bağlı maraqlı xatirələri var. Qonşunun ot tayasını yandırdığına görə danlanan millət vəkili həmin Novruzu belə xatırlayır.
“Uşaq vaxtı həyatımız maraqlı keçib. Xüsusilə lopa atmaq. Köhnə əskiləri məftillə bağlayıb bir gün əvvəldən neftin içinə qoyurduq. Ertəsi gün yandırırdıq. Bəzən camaatın ot tayası yanırdı. Elə ən maraqlı günlər də o zaman olub. İndi belə şeylər yoxdur. Bayramda sadəcə televizora baxırıq. Amma uşaqlıq dövrü, özü də kənd yerində daha maraqlı olurdu. Artıq onlar bizim üçün xatirə kimi qalıb. Papaq atma, tonqal üstündən hoppanmaq hamısı uşaqlıq vaxtında olurdu. İndi daha elə şeylər etmirik. Şəhərdə belə adətlər az qalıb. Paltarımızı yandırmışıq, ocağın içinə düşmüşük. Başımıza hər iş gəlib”.
Cəza – “yumurta payımı verməyin!”
Novruzda cəzalandırılıb, yumurta payını almadığına görə həmin Novruzu unuda bilmir. Söhbət millət vəkili Fazil Mustafadan gedir. Sonuncu unudulmaz bayramını bu cür xatırlayır. “Yadımdadır ki, 3-cü siniflərdə oxuyurdum, axır çərşənbədə məhəlləmizdən xeyli uzaqda olan çaya gedib onun üzərindən sübh tezdən tullanardıq. Ənənəni pozmayıb bu dəfə də bulaqbaşına getdik. Amma bu dəfə başqa cür oldu. Çayın üstündən tullanan vaxt ayağım sürüşüb suya düşdüm, üst-başım palçığa bulaşdı. Bir yandan da soyuq. Evə dönəndə isə cəza verdilər: yumurta payımı vermədilər”.
Ermənilərin acığına
Həyatında ən yaddaqalan Novruzunu Xocalıda keçirən millət vəkili Elman Məmmədov ondan sonra elə möhtəşəm bayram yaşamadığını deyir. “Ermənilər 1988-ci ildə Dağlıq Qarabağ problemini ortaya atdılar. Həmin ilin martında ermənilərin acığına Xocalıda xalqımızın adət-ənənəsinə uyğun bir novruz keçirdik ki, gəl görəsən. Çünki o vaxt Sovet hökuməti novruz bayramını qeyd etməyə imkan vermirdi. Biz bütün sərhədləri keçərək, Xocalıdan Şuşaya, Laçına, oradan da Yerevana keçən magistral şose yolunun kənarında böyük bir şənlik təşkil etdik. Tonqallar qaladıq, yolun qırağı ilə xonçalar, səmənilər düzdük. Musiqi sədaları altında bizim rəqslər ifa olundu. Bütün ermənilər, ruslar o möhtəşəmliyə baxa-baxa qaldılar. Bizə qadağa qoymaq istədilər. Ancaq biz onlara tabe olmadıq. Həyatımın ən möhtəşəm bayramı o oldu. Amma pessimistliyə qapanmayaq. Təbii ki, bayramlarımız həmişə gözəl keçir”.
Gültəkin ƏLƏSGƏR