Xalqımızın milli bayramlarından biri olan Novruzun gəlişini qeyd edirik. Bu bayramın tarixi çox-çox qədimlərə gedib çıxır. Minilliklər boyunca insanlar, Novruz adətlərini qoruyub saxlamış, gələcək nəsillərə ərmağan etmişlər. Novruz böyükdən-kiçiyə hər kəsin sevə-sevə qarşıladığı bayramdır. Yazın gəlişini, təbiətin oyanmasını özündə əks etdirən Novruz, həm də “yeni gün” deməkdir. Məhz, Şərq təqvimi Novruzda yenilənir. Bu bayramın o qədər gözəllikləri var ki, sadalamaqla nə bitər, nə də tükənər. Biz də Modern.az olaraq papağımızı qabağımıza qoyub fikirləşdik ki, bu bayramda kimin qapısına papaq ataq?!.Düzü, bəziləri bu əziz Novruz axşamında qapısını üzümüzə açmağa cəsarət etmədi. Amma, millət vəkili Hadı Rəcəbli evinin qapısını üzümüzə taybatay açdı. Biz də sevə-sevə bu qapıdan içəri keçdik.
Bəh-bəh-bəh, Modern.az-ın şərəfinə bayram süfrəsi açılıb, ailə üzvləri də yığışıb başına. Kim nə deyir-desin, bir daha əmin oldum ki, təkliyi sevən insanlar dünyanın ən bədbəxt sakinləridir. Ailə, uşaqlar, nəvələr bayram axşamı başına toplaşmadısa, onda həyatın nə ləzzəti. Hadı müəllim deyir ki, xoşbəxt olmamağın 3 yolu var. Kinlə yaşamaq, kiməsə həsəd aparmaq və tamah hissinin yüksək olması. İnsan bu 3 məsələdən uzaq olarsa, xoşbəxtlik onunladır. Söhbətə yavaş-yavaş başlayırıq.
Bayram adətlərindən danışa-danışa küsülülərin barışmasının vacibliyini vurğulayan Hadı Rəcəblinin görəsən, küsülü olduğu kimsə varmı ki, bu Novruzda barışıq aşının bişirilmə ehtimalı da olsun? Sən demə, Hadı Rəcəbli həftədə bir dəfə küsüb-barışırmış.
“Barışıq aşı”na ehtiyac qalmır
“Küsülü olduğum kimsə yoxdu. Ancaq xanımımla həftədə bir dəfə küsürük, sonra barışırıq. (gülür). Bu küsülülük məsələsinin dərin səbəbləri yoxdur. Gündə küsüb-barışan adam üçün “barışıq aşı” bişirməyə ehtiyac qalarmı, sizcə?!. Sadəcə, yaşa dolduqca qayğılar çoxalır. Görünür, hər yaşın öz tələbləri var”.
Gəlin, gəlin olmaz, düşdüyü ev gəlin olar
Hadı Rəcəbli bayram adətlərindən danışarkən gənc ailələrə bir tövsiyəni verməyi də unutmadı. “Həmişə adət-ənənələrlə yaşamışam. Rayonda böyüyüb boya-başa çatsam da, çıxışlarımda həmişə demişəm ki, ailə ənənələrini qoruyub saxlamağın bir səbəbi odur ki, gəlin evə gəlməlidir. Düzü, bugünkü urbanizasiya, darısqal otaqlar buna o qədər də imkan vermir. Əgər imkan varsa, gəlin ailə ilə birgə yaşamalıdır. Görürüsünüz ki, gəlinimlə bir ailədə yaşayırıq. Bu, özü bir məktəbdir. 10 il böyük oğlum ailəsi ilə burda yaşayıb. İndi də kiçik oğlum yaşayır. Bu o deməkdir ki, bizim ailədə ənənələr davam edir. Ənənələri yaşatmalı və ona hörmət etməliyik”.
“Nənəm həmişə deyərdi ki...”
“Kənd mühitində böyümüşəm. Məşədi Əli adlı ata babam vardı. Kəndin tanınmış kəndxudalarından biri olub. Babamın evində Novruz ənənələri gözlənilirdi. Tonqaldan atdanmaq, yumurta döyüşdürmək, qurşaq atmaq, qulaq falına çıxmaq kimi Novruz adətləri sevə-sevə icra olunurdu. Həmçinin, bu adət-ənənələr qorunurdu. Sonralar Lənkərana-şəhərə köçdük. Kübra nənəm - el içində ona Kuba nənə deyərdilər - Kəlbə Yunus Bəylərovun xanımı idi. Bu ocaqda da milli adət-ənənələrə böyük hörmət və ehtiram var idi. Bayramda təzə paltar geyinmək, səməniyə qırmızı lent bağlamaq, müxtəlif çeşidli şirniyyatlar, çərəzlərdən ibarət xonçalar hazırlayıb geniş süfrə açılırdı. Bizim tərəflərdə stolun üstünə mütləq balıq qoyulurdu. Balığın ağzına qızıl üzük taxmaq dəb idi.
Yadımdadır ki, nənəm bizə təzə paltar geyindirib küçəyə çıxaranda deyirdi ki, “mənim balam, kasıb uşağın yanında qalmayasan, onu qıcıqlandırmayasan”. Yəni sənin var, onun yoxdu. Kasıb uşağı qıcıqlandırmaq olmaz.
Söhbətin şirin yerində Hadı müəllimin həyat yoldaşı Mehriban xanım da bizə qoşulur. Bayram söhbətimiz daha da qızışır. Mehriban xanım içəri girən zaman, Hadı müəllimin çöhrəsində bir təbəssüm vardı ki, gəl görəsən. Hələ, zarafatlarını demirəm. Həyat yoldaşı Mehriban xanımla yanaşı oturan kimi, Hadı müəllimin gənclik sevgisinin təravəti gözlərinə işıq verdi. Bu vaxt Mehriban xanım, Novruz adətlərindən danışmağa başladı.
“Bakıda böyüməyimə baxmayaraq, əslən lənkəranlıyam. Lənkəranda bayramqabağı çox böyük təmizlik işləri gedirdi. Yadımdadır ki, bayramqabağı “ev atardılar”. Hətta, fevral ayının axırından başlayaraq, yorğan-döşəyi, xalça-palazı çırpar, günə verərdilər, evləri boyayardılar, hər yerdə sil-süpür olardı, ağacları əhəngləyərdilər, dibini belləyərdilər. Bayram bazarlığının ayrıca ləzzəti var. Öncə, bazarlıqdan başlanırdı. Qoz, fındıq bir ay qabaqdan alınardı, bişir-düşür baş alıb gedərdi. Süfrənin bəzədilməsi xüsusi istedad tələb edirdi. Təbii ki, bayram süfrəsi digər günlərin süfrəsindən fərqlənməli idi. Süfrəyə çeşidli çərəzlər, müxtəlif növ şirniyyatlar, meyvələr qoyulurdu. İri xonçanın içinə cürbəcür boyanmış yumurtalar düzülürdü”.
Bu arada, Hadı müəllim, növbəti zarafatını edir. Deyir, Mehriban xanım əsl tonqalı rayonda qalayıb. Burda isə tonqal qalamaq üçün qəzetdən istifadə edir.
- Hadı müəllim, bəs siz Novruzun əsl ləzzətini kənddə duya bilirsiniz, yoxsa, şəhər mühitində?
- Adətin içində adət-ənənə ruhu olanda istər kənd olsun, istərsə də şəhər, fərq etməz, bayramı duymaq olur. Sadəcə, bir az forma dəyişib. Lənkəranda bayram axşamı bəzədilmiş süfrə ilə indiki bəzədiyimiz süfrə fərqlidir. Kənddə süfrəmiz kasıb olsa da, nemətlər təbii idi. “Qovurğanı” tavada qovuranda biz sevgiylə bu prosesə tamaşa edirdik. Təssüf ki, gənclərin çoxu qovurğanın nə demək olduğunu bilmir. Bu qovurğa buğdadan və digər toxumlardan – noxud, qarğıdalı, təmizlənmiş boranı və günəbaxan tumları və s. hazırlanırdı.
Novruz adətlərindən biri də qəbir üstünə getməkdir. Ölüləri yada salmaq, yasin oxutdurmaq mütləq lazımdır. Bu bayramda dünyasnı dəyişənləri ziyarət etmək savabdır. Mənim yadıma gəlir ki, bir Ağababa Səmədzadə adlı müəllim vardı. Nənəmin əmisi oğlu idi. Bayram günü səhər 5 tamam olanda qohumların hamısı bilirdi ki, Ağababa kişi gələcək. Ona görə də hər kəs buna adət etmişdi.
Paylaşmaq, həmrəylik bayramın əsas qayəsidir
Novruzun adətlərindən biri də papaqatdıdır. Papaq atan uşaqların isə səbirsizliklə gözlədiyi məqam o olub ki, “görəsən, bayram axşamında papağımıza nə qoyacaqlar?”.
Hadı Rəcəbli deyir ki, papaqatdı adəti indi dəyişib. “Papaq atmağı hamı səbirsizliklə gözləyirdi. Heç bir ailədə papaq atmağa pis baxmırdılar. Bu, bayramın ən gözəl adətlərindən biri idi. Papağın içinə isə bayram şirniyyatları, çərəzlər hətta, pul da qoyurdular. Papaq atanda uşaqların sevinci yerə-göyə sığmırdı. Eyni zamanda, qapıya papaq atanda sənin kim olduğun gizli qalırdı. Çalışırdıq ki, papaq atdığımızı ev sahibi görməsin. İndi isə papaq atmaq da dəyişib. Papaq atanı mütləq görürük. Qapının zəngini basan kimi papağı kimin atdığını monitorlardan aydın görürük. Bu da müasir dövrümüzün gözlə görünən papaq atanlarıdır”.
“Su kimi, su qədər ömrümüz olsun”
Novruzda gənc qızlar bulaq başına gedər, diləklərinin çin olmasını istəyərlər. Həmçinin, bu bayramda suya nəsə demək ürəkdə qalan arzuların gerçəkləşməsinə işarədir. Mehriban xanım deyir ki, Lənkəranda bu adət indi də var.
“Bilirsiz, bizim zonada yalnız ilaxır çərşənbə tonqal qalanardı. Yel, su, torpaq çərşənbəsinin nə olduğunu bilmirdik. İlaxır çərşənbə zamanı hamı odun üstündən adlanırdı. Od çərşənbəsinin səhəri günü uşaqlara təzə paltar geyindirərdilər. Böyüklər özləri də təzə paltar geyinərdilər. Lənkəranda Lənkərançay var. Mütləq hərənin əlində bardaq su üstünə getməli, öz arzusunu, diləyini deməli idi. Bu adətə Lənkəranda indi də riayət edirlər”.
Bayrama gözəllik qatan uşaqlar olur. Novruz bayramının adətləri maraqlı olduğundan uşaqlar daha çox sevinirlər. Söhbətin sonuna yaxın Hadı müəllimin nəvələri gəldi. Məclis daha da qızışdı. Nəvələr bir-bir Hadı müəllimin başına toplaşdı. Ən maraqlısı isə yumurta döyüşdürmək oldu.
Namidə BİNGÖL