Xalq şairi Qabil
1949-cu il. Bütün ölkə, bütün dünya Stalinin anadan olmasının 70 ilini qarşılamağa hazırlaşırdı. Bu barədə uzun-uzadı danışıb təfərrüata varmağın mənası yoxdur. Bütün yaradıcılıq təşkilatları, teatrlar, filarmoniya, radio, konsert birlikləri kimi Yazıçılar İttifaqının da rəhbərliyi qərara aldı ki, rayonlara yazıçı – xüsusən də şair dəstələri göndərilsin. (Yazıçılar İttifaqına lap təzəcə qəbul edilmişdim, özü də birbaşa. O zaman üzvlüyə namizədlik müddəti də vardı) Bu işlə Əhməd Cəmil məşğul olurdu. Həmin məsul, şərəfli məsələnin təşkilini ona təsadüfən tapşırmamışdılar.
Əhməd müəllim nə qədər incə, lirik şair idisə də... bir o qədər dəqiq, ağlı-huşu özündə olan, qanunpərəst bir adam idi... Dediyim kimi, həm də o, məsul katib idi. Nə isə, məni də çağırdılar. Əhməd Cəmil rayonların siyahısını, adamların adlarını oxuyub soruşdu:
- Hə, hansı rayona və kimlərlə getmək istəyirsən?
Elə bil kimsə qulağıma pıçıldadı: “Allahın verib, fürsətdi...”
-Əhməd müəllim, siyahıda nə üçün Yardımlı yoxdur? Onsuz da ora – o uzaq balaca dağ rayonuna, İran sərhədi həndəvərinə indiyə kimi bəlkə də bir nəfər yazıçı – şair ayağı dəyməyib. Orada rəhbərin yubileyini elə bir təntənəylə qeyd etmək lazımdır ki, bu xalq bayramının səsi-sədası İrana gedib çatsın.
Əhməd müəllim təbəssüm və razılıqla:
- Düz deyirsən. O yerlər heç ağlıma gəlmirdi. Bəs sənin yadına hardan düşdü Yardımlı?
- Əhməd müəllim, axı institutu qurtaran kimi təyinatımı o rayona vermişdilər. Bir müddət o rayonda müəllimlik etmişəm.
- Hə, hə, yadıma düşdü. “Kənd müəlliməsi”, “Mənim məktəb yoldaşım”, “Odunçular” şeirlərin...
Əhməd Cəmil hardan biləydi ki, həmən kənd müəlliməsi mənim nişanlım idi. Çoxdan görüşmürdük. Necə deyərlər: Sən dağda, mən aranda.
O zaman Azərbaycanın sərhəd rayonlarına, illah da ki, Yardımlıya getmək bu saat hər hansı, təkrar edirəm, hər hansı xarici məmləkətə, ölkəyə getməkdən on dəfə, lap yüz dəfə çətin idi. Gərək Bakıdan bir neçə arayış, təliqə göndərəydin, getmək istədiyin rayonun – tutaq ki, Yardımlının İcraiyyə Komitəsindən, Milis idarəsinin pasport şöbəsindən viza gələydi (əgər gəlsəydi), həmən viza Bakı şəhəri Milis idarəsinin xüsusi buraxılış şöbəsində on gün – bir ay ərzində müzakirə ediləydi, zərrəbində baxılaydı – sonra ya “hə”, ya “yox” cavabı alaydın. Bu şişirtməsiz-filansız yüz faiz beləydi. Ancaq idarə xəttiylə, ezamiyyə yoluyla, bir tədbirlə, hökumət işiylə əlaqədar olaraq bu məsələ çox tez, çox asan, çox rahat həll olunurdu. Hökumət işinə bax ey, tədbirə bax ey, nə, nə, Stalinin yubileyi! Burada deyiblər ki, ölmək istəyirsən get Mazandarana. Şair də yaxşı deyib:
Fürsəti foot eyləyən –
Aqil deyil, divanədir.
Əhməd Cəmil:
- Hə, Qabil, onda özün bir dəstə düzəlt, həmən adamların siyahısını tut, pasportlarını al, yığ, gətir bura. Əmrlə ezamiyyə vərəqələri yazaq, möhürləyək, qol çəkim, apar ver milis idarəsinə. Səməd Vurğun yoldaşdan xahiş edərəm, o da rəisə zəng çalar. Di yubanma, get!
- Əhməd müəllim, dəstənin rəhbəri olsun Rəsul müəllim.
- Rəsul Rza?
- Bəli!
- Təklif elə, razı olsa, lap yaxşı.
- O hər cəhətdən məsləhətdir. Həm adlı-sanlı şair, həm deputat, həm də xüsusi maşını var. Əla “Pobeda”, sürücüsü də öz qohumu Fikrət Ağazadə.
1949-cu ildə xüsusi maşını olan adamlar heç barmaqla da göstərilə bilməzdi. Xüsusi minik maşınında Yardımlının mənzərəli, qorxulu, uçqunlu, narahat, çətin yollarıyla dağlara getmək nağıl və əfsanə idi.
Elə birinci də... Rəsul müəllimgilin zənginin düyməsini basdım. Nigar xanım məni çox mehriban, gülərüzlə qarşıladı.
- A Rəsul, sənin Müşfiqə oxşatdığın cavan şair gəlib.
Məsələni Rəsul Rzaya danışdım. Rəsul Rza sorğu-sualsız, filansız o dəqiqə gətirib pasportunu verdi mənə. O biri şairlərin də sənədlərini yığıb özümüykünlə bərabər dörd pasportu gətirib verdim Əhməd Cəmilə. Lazımi sənədləri imzalatdırıb, getdim Milis idarəsinə. Üç saata buraxılış vərəqələrini hazırlayıb verdilər. Səhəri gəldim Əhməd Cəmilin hüzuruna. Sevinə-sevinə sənədləri qoydum stolun üstünə. Bu dəm Əhməd müəllimin üzündə məni şübhəyə salan bir ifadə gördüm. O:
- Qabil, vəziyyət dəyişib. Nə Rəsul Rza, nə də başqa yoldaşlar Yardımlıya gedəsi olmadılar. Bakının özündə, ətraf fəhlə qəsəbələrində, Abşeron kəndlərində daha vacib işlər var, geniş tədbirlər keçirilməlidir. Həm də görkəmli yazıçılar bilavasitə Mərkəzi Komitənin sərəncamındadırlar, onlara Stalin yoldaşın yubileyi ilə əlaqədar daha mühüm tapşırıqlar verilib.
Ürəyim üzüldü. Öz-özümə dedim: “Sən saydığını say, gör fələk nə sayır”. Yəqin bu dəqiqə Əhməd müəllim deyəcək ki, “bir halda ki, onlar getmir, daha sən hara gedirsən? Buralarda nə çox klub, mədəniyyət evi, kitabxana, fəhlə yataqxanaları, səni də qoşarıq dəstələrin birinə, gedib çıxış edərsən”. Ancaq Əhməd Cəmil belə demədi.
- Qabil, sən cavansan, Yazıçılar İttifaqının təzə üzvüsən. Stalin yoldaşın 70 illiyinə yaxşı bir şeirin də var.
- Bəli, Əhməd müəllim, “And” şeiri.
- Hə, bala, gərək Yardımlıya özün tək gedəsən. Orada keçirilən yubiley tədbirlərində bütün yazıçılarımızın adından və əvəzindən – eşidirsənmi?! Yubiley tədbirlərində fəal iştirak edərsən. Dörd günlük ezamiyyət pulunu da get mühasibatdan al, elə günü bu gün də yola düş.
Dumana bürünmüş balaca Yardımlı qəsəbəsi öz sakitanə aləmindəydi, elə bil şirin mürgüdəydi. Yubiley əhval-ruhiyyəsi vardı, yubiley canfəşanlığı yoxdu. Bir də axı, mən kimdim ki, raykom, icrakom, başqa təşkilatlar sözümlə iş görsünlər. Dərs dediyim məktəbə gəldim, müəllimlərlə, şagirdlərlə görüşdüm. On gün kənd müəlliməsigildə qonaq qaldım, yedim, içdim, gəzdim, dolandım.
Sən demə Bakıda kimsə, kimlərsə mənim Yardımlıya can atmağımın səbəbini Əhməd Cəmilin qulağına pıçıldayıbmış... Təbii ki, Bakıya qayıdan kimi, gəldim Yazıçılar İttifaqına. Məşhur İşlər müdiri, çox abırlı, ləyaqətli Kübra xanım özünəməxsus rəsmiyyətlə:
- Qabil yoldaş, Əhməd yoldaş sizi axtarır.
İcazə alıb keçdim Əhməd Cəmilin otağına. O üzümə tərs-tərs baxıb, qəzəblə soruşdu:
- Mən səni Stalinin yubileyinə göndərmişdim, yoxsa adaxlıbazlığa?!
Dekabr, 1991.