Modern.az

Mir Cəfər Bağırovun oğlu

Mir Cəfər Bağırovun oğlu

23 Mart 2014, 21:54

Xalq şairi Qabil

Mir Cəfər Bağırovun oğlu Volodya cəbhədə həlak olur. Ata-mənim balam heç kimin balasından, əzizindən, doğmasından artıq deyil. Harada canını tapşırıb, orada da torpağa tapşırılsın – deyərək onun cənazəsinin Bakıya gətirilməsinə razılıq vermir.

Məmməd Səid Ordubadinin təkidi və məsləhətiylə Mir Cəfər öz evində çox məhdud, əgər belə demək mümkünsə, qapalı hüzr məclisi təşkil edir. Volodyanın anası ruslaşmış Avropa yəhudisi olduğuna görə məclis bir növ dini yox, kampaniya şəklində, amma müsəlmansayağı, içkisiz keçir. Ümumiyyətlə Bağırov içkiyə meylli adam deyildi. Həmin məclisdə yeganə müsəlman ağsaqqalı olan Məmməd Səid Ordubadi bir növ mollalıq edir, qorxa-qorxa, dodaqaltı vird ilə (pıçıltıyla) dua oxuyur, ara-sıra, ahəstə-ahəstə fatihə verirdi. Bu söhbəti də Süleyman Rüstəmdən eşitmişəm. Süleyman Rüstəm tez-tez şair-tərcüməçi Vladimir Qafarova sataşıb deyərdi: “Qəlbel Volod”.

Bir dəfə xəbər aldım ki, bəs, ay Süleyman müəllim, bu, “qəlbel Volod” nə məsələdir? O:

- Həmən məclisdə bərk kövrələn Ordubadi istəyir desin ki, mən Volodyanın beşiyini yırğalamışam. Ancaq rus dilini çox pis bildiyindən “Volodin kolıbel” əvəzinə “Qəlbel Volod” deyir.

Mir Cəfər də gülməyinimi, hirsinimi boğmaq üçün dodaqlarını bir-birinə sıxıb astaca:

- Nu ladno, starik,- deyir.


Mir Cəfər Bağırovun oğlu Volodya şagird olanda məktəbdə özünü pis aparır, lovğa-lovğa gəzir, papiros çəkir, ona-buna sataşır, dərs oxumur, müəllimlərin sözünə baxmır, məktəbə maşında gəlir. Ancaq onu intizama dəvət etməyə, barəsində pedaqoji-tərbiyəvi tədbir görməyə, valideyninə xəbər eləməyə heç kəsin cəsarəti çatmır. Necə yəni, Mir Cəfər Bağırova söz demək olardı? Ona uşağından şikayət etmək olardı? Nəhayət onu – Azərbaycan bolşeviklərinin rəhbərini, Azərbaycanda banditizmin kökünü kəsmiş zəhmli çekisti, Stalin yoldaşın yaxın silahdaşını adicə bir məktəbə bir valideyn sifətilə çağırmaq olardı?

Günlərin bir günü səbir kasası daşmış müəllimə - sinif rəhbəri, hamının gözü qabağında “Volodya, qalx ayağa, sabah səhər valideyninlə gəlməsən, səni dərsə - sinfə buraxmaycağam. Eşitdin?!” deyir. Qulaqlarına inanmayan bu ərköyün, ipə-sapa yatmayan uşaq yavaşdan “bəli, eşitdim” deyə cavab verir.

Sabahkı gün... Məktəb direktorunun otağının qapısı astaca döyülür.

- Buyurun.

Çeşməyinin şüşələri bərq vuran Bağırovun bir addımlıqda oğlu Volodyanın əlindən tutaraq onun qarşısında adi, mülayim görkəmdə dayandığını görən direktor istəyir yerindən qalxsın, qalxa bilmir, istəyir danışsın, danışa da bilmir.

Bağırov “müəllim, mən də müəllim olmuşam, narahat olmayın, özünüzə gəlin. Sizin qarşınızda sizin yüzlərlə şagirdinizdən birinin - əlindən tutduğum bu uşağın atasıdır dayanan. Mən adicə bir valideynəm. Volodyanın sinif rəhbəri məni çağırtdırıb” deyir.

Hannan-hana özünə gələn direktor:

- Axı o, nə cürətlə, yoldaş Bağırov, belə dəhşətli özbaşınalığa yol verib. Yoldaş Bağırov, indi bir nəfərin ucbatından hamımız...

- Xeyr, əksinə. Sizə təşəkkür edirəm ki, məni xəbərdar etmisiniz, ailəmizdə övlad faciəsini uzaqlaşdırmısınız. Xahiş edirəm sinif rəhbərini bura dəvət edin.

Sinif rəhbəri belə görüşə daxilən hazır olduğu üçün özünü itirmir, ancaq, hər halda vücudundan xəfif bir üşütmə keçir. Zarafat deyil... Olmadı elə, oldu belə.

- Yoldaş Bağırov, sizdən çox-çox üzr istəyirəm, söz tapa bilmirəm, direktorumuzdan, dərs hissə müdirimizdən, müəllim kollektivindən üzr istəyirəm – onlarla məsləhətləşmədiyimə görə. Axı, kim Sizi bura çağırmağı mənə məsləhət görərdi ki, yoldaş Bağırov, ayrı əlacım yox idi, Volodya əldən gedirdi.

- Aydındır, müəllimə, çox sağ olun. Görünür cəsarət, kişilik nəinki ölkə rəhbərinə - hətta, yox, “hətta” nə üçün, hökmən sinif rəhbərinə də lazımmış.

O vaxtdan Volodya (Vladimir Bağırov) məktəbə maşınsız, pulsuz, iddiasız, hamı kimi əlində-çiynində şagird çantası gəlib-gedir. Volodyanın qəlbini bir iftixar hissi də bürümüşdü. Onun sinif rəhbəri məktəbin direktoru olmuşdu...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi