Modern.az saytı ədəbiyyat nümayəndələriylə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz şair-ilahiyyatçı Xanəmir Telmanoğludur.
- Əlində qələm deyil, önündə biixtiyar bilgisayar olanlardan biri də mənəm bu axır-zaman Azəraycanında. Çünki hər yazar intuisiyasıyla bəlkə də yaşadığı dönəmin axır-zaman olmasını duymasından dolayı, sanki özünü qoruyacaqmış kimi yazıya əl atmasını, sözə dil uzatmasını gizlədə bilmir. Bu il çap edə biləcəyim bir neçə kötəklənəsi kitabım var. Bunların içərisində proza, poeziya, ədəbiyyat üzərinə yazılar və hz. Məhəmmədlə bağlı kitablarım keçən ildən hazırdır. Özümlə dalaşa-dalaşa yazmağıma da davam edirəm.
- İsa Muğannanın Saf Ağ elmi ilə Xanəmir bəyin yaradıcılığı arasında hansı əlaqə var?
- İsa Muğannanın yorğunluğunu üzərindən ata bilmiş yaradıcılığına sıcaq sayğımı ifadə edirəm.“Məhşər”i və “İdeal”ı daha çox maraqlıdır. Yaradıcılıq yaxınlığı varsa, məncə, bu ələ - ovuca baxmayan ədəbiyyatşünasların, təyinatlı tənqidçilərin iri işidir. Bu münasibətdən söz açarsam, başqasının haqqına girmiş olaram.
- Vaqif Bayatlı Odərin belə bir misrası var: “Yer üzü Tanrının qapısı ağzında bir damla su”... Bəs sizin fikrinizcə, Yer kürəsi hardadı? Tanrıdan nə qədər məsafədədir?
- Tanrının hər nəfəsimizdə aydınlanan adını çəkdinsə, heç nə Onunla məsafə təşkil etməz. O şeylər ki, sevgiyə, eşqə köklənib, orda məsafə izn alıb ilim-ilim itir. Harda ki, riyakarlıq, ikiüzlülük, qorxaqlıq və əxlaqsızlıq hökm sürür, orda Tanrıyla “obyektin” arasında məsafələr, istiqamətlər çözülməyə, görünməyə başlar.
Bu gün Yer kürəsi üzərindəki riyakar və qantökənlərlə, mənsəb və çirkli para sahibləriylə Tanrının təkliyindən və birliyindən olduqca uzaqdadır.
- Bir eşq şeirinə kainatı sığışdırmaq olurmu?
- Sözün sehirkar sahəsi, tutumu sonsuzdur. Sonsuzluq və əbədiyyət əxlaqı insanların şərikli şüuruna qaynağından sıyrılmış sözdən keçib.
Bizə elə gəlir kainat dediyin bitib-tükənməzdir. Söz ona görə yaradılıb ki, bu sonsuzluğu ram eləsin, kainatın, aləmlərin bu sonsuzluğuna bir sınır cızsın. Bilirsənmi, aləmlər, arif və ixlaslı insanların nəfəsindəki sözdən nə zülümlər çəkir, nə keflər edir, həzzlər duyurlar?! Yer kürəsi deyilən nədir? - Qələmin ucunda uçan nəhayətsizlik sərgiləyən bir nöqtədir. O bizə belə nəhəng və böyük görükür. Rəbbim dünyanı bizə görə, bizim gözümüzdə və xislətimizdə dünyanı bəyənək deyə, böyük göstərir. Dünya böyük deyil, dünya böyüdülmüş göstərilir bizə. Söz deyirsən, hələ o şeir isə, bir düzəməlli şeir, kainatın qarşısında nə oyunlardan çıxır, bilsən. Ariflər iddia edirlər ki, kainata çəki-düzən verən, sonunu son dərəcə həssas harmoniyasını min bir nəvazişlə qoruyan insanların yazdığı şeirlər, oxuduğu nəğmələr, onların sözlərin müşayiətiylə yapdıqları ritmlər, o səslərin dağlar yaradan dalğasıdır. İnsan nəfəsiylə sehirlənmiş bu səs, söz dalğaları kainatı bir süvari kimi dolaşıb “durumu” müəyyən edir, kainatı yoxlayır. İxlaslı söz, şeir kainatın şüşəsində çatlağı da hiss edəndir. İxlaslı şeir kainatın çobanıdır. Kainatı “güzəran qazanmaq naminə” güdməklə məşğuldur ki, şər və iblisin canavarı, çaqqalları bu mahiyyətə, məsum və səhralara sinmiş sürüyə daraşmasınlar.
- Klassik Azərbaycan poeziyasında ezoterik məqamlardan danışaq...
- Lord Ackton deyir ki, Avropa mədəniyyəti türk gücünün kölgəsində qurulmuş bir mədəniyyətdir. Bir misal çəkim, biz bir qəzaya düşəndə, deyirik ki, Allahdan gəldi bu olanlar. İngilislər isə deyir ki, gözləmədiyimiz bir hadisə baş verdi. Bu cümlələrin anlayış, simvol, iman, mədəniyyət bazında öz qaynağı, başlanğıcı olmamış deyil. Biri rəhmani ola bilirsə, biri şeytani, şərdən qaynaqlana bilər.
Tanrı hətta səs içində də təcəlla edər, deyərlər. Keçmiş yaradıcı faktorlar mədəniyyətin sərhədlərini, sınırlarını çizir, sınırdan o tərəfə keçərkən artıq “xaric” sayılmır, ötələr görükür. Azərbaycan ədəbiyyatının yaradıcı qaynaqları öz bişgin halıyla bizə ötələri ötürür, təşkil edir. Nizami ədalətli dövlət, cəmiyyət peşindəydi. Nəsimi bu adil sistem və dövləti bizzat hayqıraraq mübarizənin içinə girməklə ədəbi yaddaşımızın sərhəddini poetik genimizlə genişləndirdi. Hürufilik və sufizmi sözə, ritmə, poetikaya tətbiq edərkən o ezoterizm iksirini aləmlərdən sözlə, sözün poetik imkanlarıyla əldə etdi.
20-ci əsrdə işin gerçəkliyini Cavid Əfəndi kifayət qədər sözə gətirdi. Ancaq bütün bunlar şeiri, ritmi, poetikanı istismar etmək bahasına başa gəldi. Xətai digərlərindən fərqli olaraq sakral dövlətçilik anlayışını reallaşdırmağıyla və dövlət qurmasıyla mənəvi dövlətçilik anlayışının sistemini alt-üst etdi. İşin iki başı vardı.Ya milli dövlət, ya da şeirin, ritmin, sözün dövləti. Xətaidə məsələ gerçəkliyini ala bilərdi. Ala bilmədi. Niyə? Çünki o Nəsiminin üzərindən oxunu atıb, qılıncını çəkib, bayrağını qaldırmalıydı. Hürufilik, sufizm elm yapısına oturukən, Xətai şiəlik məzhəbinə hər şeyi- cənnətdən bəxtinə tuşlanmış imkanı və imkanımızı qurban verdi. O dövlət, imperiya özündən sonra köləlik, əsarət, qan, göz yaşları qoyub dağılırsa, o imperiyanın güc adlı yapısına şübhə edirəm.
Donald Reyfildin “Böyük Britaniyada zadəganlığın tərkibi aşağı təbəqənin hesabına dolur və dəyişirdi” fikri bu gün məni yerdən yerə vurur. Bu zədələnməyən zadəganlaşma bizdə etnosun etibarlı energetik səlahiyyəti dışında baş verdi. Daha doğrusu, etnosun etibarlı ruhsal və qan dövriyyəsi lazım olan və anlayış xəyanəti ucbatından keyiyən kəsimlərin “işə cəlb olunması”nın dışında qıvrılıb qaldı.
Mədəniyyətin ən uca, yüksək pariksiz, qrimsiz, maskasız pilləsi dövlətçilikdir. İngiltərədə insanı boş ver, ata gör necə qiymət veriblər, özü də kim. I Riçard vaxtı ilə deyirdi ki, səltənətimin yarısını bir ata verərəm. İnsan məsələsini həll edib, bu cümlələri deməyi bacarmaq, bu tipli cümlələləri səsləndirməyə bəraət almaq lazımdır. Bu cümlələrin insanlıq üzərindən heç vaxt öz haqq yerini tapa biləcəyinə də inanmıram. Bizim həll edəcəyimiz misilsiz məsəllər hələ çoxdur. Bizdə kimsənin haqqı yoxdur desin ki, olan sərvətimin yarısını bir ata bağışlayaram. Biz ata uzaq başı ot, arpa, bir də qamçı verə bilənlərik. Biz ona görə məcbur olub yazırıq həm də.
- Hansı klassik Azərbaycan şairlərində sakral məqamlar üstünlük təşkil edir?
- Ümumiyyətlə bizim dilimiz və təfəkkürümüz elədir ki, onu ritmə və poetikaya oturdasan, gedib kainata sitəmlər tutan, batini səlahiyyəti sayəsində sakrallığa çıxar. Nizami və Nəsimidən, Xətaidən sonra, Aşıq Ələsgəri, Cavid Əfəndini deyərdim.
- İlahi həqiqətə aparan yolların hansı şifrələrini çözə bilmisiz?
- Məncə, bu qeyri-mümkün olan bir işdir. İlahi həqiqətə aparan yolların ən maraqlı və iri şifrələri bizik, insanlarıq. “Bizi O yaradıb”, deyirik ha, bu cümlənin mahiyyətini dərk edəndə o şifrə çözülür. Amma o şifrədən də başqa şifrələr doğur ki, saysız hesabsız. “Məni O yaratdı” – qənaətinə gəlməyim, bu anlayışa iman gətirməyimdən böyük və çözümlü şifrə ola bilməz. Mən bu cümlənin nurunda bir kitab yazdım. “a mədəniyyətinin a dili lüğəti”. Məlum oldu ki, bizim danışığımız, cümlə quruluşumuz, sintaksiz tərkiblərimiz, ifadə tərzimiz bərbad və biabırçılıqdır. Şeytan xocalığında öyrədilib. Qurduğumuz cümlələrin, işlətdiyimiz ifadələrin hansında Uca Yaradıcı Gücün adından istifadə edir, rolunu dövriyyəyə qoşuruq.
- Ümumiyyətlə, sizin sözün neçə mərtəbəsi var?
- Yaxşısını Füzuli demiş: kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Zarafat-zarafat, adam görmüşəm, elə bir boy-buxunu var ki, mən onu qara, yastı dam sanırdım. Adam var ki, görüntüsü Prezident Aparatının binasına oxşayır. Adam var ki, Vahid poeziya evinə oxşayır.Adam var ki, villadır. Kimisi 5 mərtəbəni itirib, durub yerində. Zarafat bitdi. Mənim yazılarımda isə, acizliyimə sığınaraq etiraf edə bilərəm ki, sözün mərtəbəsiylə bahəm, sözün içimizə car çəkən çoxmənalılığından danışa bilərəm. Sözdə ümumi mənalar titrəşimi, dalğalanma və aberrasiya” (kənara çıxması, uzaqlaşması) özəlliyi sənətkarın azadlıq və özgürlük mərifətiylə əlaqədardır. Dil sadəcə məqsədə gedən bir vasitə deyildir.... “dil xəyal aləminə aiddir – sonsuz kəlimələr olaraq bizə Varlığın açıqlığını bağışlayır”.
- Dərvişləri bəzən “Səfide-xan” yəni, “ağ yazıları oxuyan” adlandırıblar. Onlar qara yazıların bətnindəki “ağ yazıları” əxz edə biliblər? Şeirlərinizdə həmin o “ağ yazılardan” istifadə edilibmi?
- Gəl, oxumaqdan başlayaq. Quranda da Yaradanın ilk tale yazan töfsiyələrindən biri “ikra”, oxu əmridir. Oxu sözü sıyrılmış oxun geniş sahəli sözündəndir. Bizim əldə elədiyimiz ilahi bilgilərin hamısı soylu sadağamızda gəzdirdiyimiz sayılmamış oxlardır. Biz bu şər, qara qüvvəllər aləmində elm, mərifət və hikmət oxlarıyla silahlanmış ( savaşıb qana boyanmış) bahadırlarıq. Bizim atdığımız oxlar xeyr, ağ güclərin ağlığın artırar, qara güclərin qara güclərin basqısının qarşısını alar. Bu ox atılanda, kim tərəfindən atılırsa atılsın, nişangah əgər İlahi həqiqət üzərindəysə,onun çəkib atdığı kosmik mərifət mərkəzindən, həm də əzəldən atılır. Bu aləmdə şərin üzərinə ley kimi şığıyan bu oxuyan, oxudan oxlarımızla biz Allaha yardımçı oluruq, yarıyırıq. Tənimizdə, təməlimizdə, təyinatımızda, təsnifatımızda, iç-dış təsərrüfatımızda təmizlik işləri aparırıq. Onun üçün də elm, irfan sahibi kişilər həm də gerçək savaşçılardır. Biz oxuyan olduqdan, oxçu olduqdan sonra, o oxu bizim əlimizlə, ruhumuz və qətiyyətimizlə şərin, iblisin üzərinə atmaqda, O, misilsiz məharətini, mərhəmətini biz fəqirlərdən əskik etmiyəcək. Istədiyini hidayətə erdirəcək.
Bizlər yer üzündə Allahın gerçək əsgərləri, savaşçıları, inqlabçıları, həm də ox-uyanları, həm də ox-çularıyıq. Biz ox-u, o elmi, oixlası və inancı Onun adıyla, Onun naminə atsaq, qarşıda kim, nə olursa, olsun, atdığımız hədəfdən yayınmaz. Demək ki, anlayanların, sorumluların bir görəvi Onun savaşçısı olub xeyri, gözəl olanı, əxlaqiliyi qorumaqsa, digər özəllyi oxçu olub həm də ovçu olaraq əldə etdiyimizmənəvi şikarımızı ədalətlə, dövlət ərkanıyla pay-püşk etməliyik.bizlər Yaradanın ovçusu olaraq kainatın harmoniyasını doyuzdurmalıyıq. Oxu sözünün dilimizdə gizlənmiş digər özəlliyi O- Hu ( x samiti h samitini, səsini gizlədib) şəklindədir. Yəni O Allahdır, yaradıcıdır.
Ona görə də, bu qədər imperialist güclər ki, topla, ən ölümsaçan silahlarla zəiflərin üzərinə gedirlər, Allahın yer üzündəki əmanətlərinin, Onun tərəfkeşlərinin üzərinə gedirlər, bilin ki, boş şeydir, onlar heç zaman gerçək zəfəri qazana bilmiyəcəklər. Zəfər Allahın ox-çularınındır.
Mənim yazılarıma gəldikdə isə, onu deyə bilərəm ki, yaradanın gözəlliyini bir başqasının təqdimatı və təkrarında deyil, öz təqdimatım və öz yazı manera məzənnəmdə verməyin bilincində olur, azdan-çoxdan yazdıqlarımda o səmimiyyəti qorumağa çalışıram.
- Sonda Energetik dünyanızdan qopub burada yaşamağın çətinliyindən danışın.
- Allah məni Yer üzüylə müəyyən şərtlərimiz və qarşılıqlı anlaşmamıza da uyğun olaraq şərəfləndirib. Hər işin bir yonulmuş yöntəmi Varlıq aləminin özəlliyində var derlər. Yaşamağın da eləcə. Mən heç vaxt çətinlik adlı bir müstəmləkə ruhu yaradan söz və ibarələri dilmin nə dünəninə, nə də bu gününə gətirmədim, leksikonumun leysanına salıb islanmış cücəyə döndərmədim. Ona o imzalı imkanı yumuşalıb da vermədim. Ancaq ola bilsin, mənim durumumda birisi çoxdan xosunbay olmuşdu. Mənim dərmansız dərdim o deyil əsla. Dünya işləri, mal-dövlət dərdi, nə bilim gələcəklə bağlı nələrinsə ərdəm əridən əndişəsi... Əsla! Bu dünya isə mənim üçün öz mehtablı müqəddəsliyini heyrətimdən əskiltmir. Çünki bu dünyanı Allah yaradıb. Həm də burda sevdiklərim nəfəs alıb verir. Çünki Allah hər gün, hər an neçə-neçə nəfəslərlə buralarda sükunəti və səbriylə təcəlla edir. Mən də bu təcəllaların erişilməz eşliyində, rəhmanlığında doğulub böyüdüm, bu qədər yaşadım. Ən azından səninlə tanış oldum.
Elmin Nuri