Jurnalistika fakültəsinə qəbulun yanlış cəhətləri ilə bağlı prezident İlham Əliyev qarşısında qaldırılan məsələnin çözülməsi istiqamətində addımlar atılmağa başlayıb. Hazırda media təşkilatları, təhsil uzmanları və tələbə qəbulu prosesinin rəhbərləri arasında məsləhətləşmələr gedir. Söhbət test sisteminə qədərki dövrdə tətbiq olunan müsabiqəli seçim üsulunun bərpasından gedir. Əski metoda qayıdış sonucunda gənclərin yaradıcı potensialı, dünyagörüşü yoxlanacaq, beləliklə, jurnalistikada kimsə kiminsə nə yerini tutacaq, nə digər ixtisaslara can atanlar yolunu itirərək jurnalistikada azıb qalacaq, nə də jurnalistıkanın şərtlərinə cavab verib, bu sənətə könlü olanlar başqa yanlış ünvanlarda yürüyəcəklər...
...Yadımdadır, “Azadlıq” qəzetinin siyasət yazarı, hazırda AZ.TV-nin sədr müavini İbrahim Məmmədovla bu mətbu orqanın redaksiyasında aramızda xoş olmayan bir mübahisə yaranmışdı. Hörmətli İbrahim bəy iddia edirdi ki, jurnalistika fakültəsi jurnalist yetişdirə bilmir, ixtisası jurnalist olmayan imza sahibləri BDU-nun məzunlarından daha yaxşı jurnalistlərdir. Onun mövqeyini tam olaraq inkar etmək və başqalarının qabiliyyətinə kölgə salmaq fikrindən uzaqdım, çünki İbrahim Məmmədov konkret özü ali təhsilini APU-da alsa da, mətbuat sahəsində sözünü deyən dəyərli bir imza sahibi idi (elə bu gün də belədir-müəl.). Və onun kimi yetərincə müəllif var idi ki, jurnalist təhsili görmədən yaradıcılıqda özlərini sübut etmişdilər. Lakin jurnalistikanın dəyərli yetirmələrini görməzlikdən gəlmək, məsələni sərt qoymaq, qəti inkarçılıq prizması seçmək insanın heysiyyatına toxunan bir rəftar idi. Dilimə tutarlı sübut üçün ilk gələn Mirşahin Ağayevin ismi oldu. Sıranı isə “Azadlıq” qəzetinin yaxşı mənada qara fəhləsi Hikmət Sabiroğlu, Rövşən Hacılı, Şahvələd Çobanoğlu, Sahib Alıyev, Araz Zeynalov, Sevinc Osmanqızı və digərlərinin adları ilə davam etdirməyə opponentimin mübahisəni dialoq formatından monoloq formatına keçirməsi imkan vermədi. Doğrudur, adlarını çəkdiyim bu imzalar lap İqtisad Universitetini də bitirsəydilər, yenə də mükəmməl yazı müəllifləri ola bilərdilər. Lakin fakt budur ki, onlar mətbuata jurnalistika fakültəsinin dəhlizlərindən keçib gəlmişdilər. Onların diplomlarında BDU-nun adı var idi, üstəlik, S.Osmanqızı istisna olmaqla, hər biri mətbuatda, televiziyada öz məktəblərini yaradıblar. İxtisası jurnalist olanlar arasında yaxşı imzaların varlığına şübhə ilə yanaşmaq yuxarıdakı müəllifləri, onların təcrübə məktəbini inkar etmək demək olardı.
Bəs, gəlin görək, qeyri-ixtisas sahiblərindən nə qədər müəllifin mətbuatda məktəbi var? Rauf Arifoğlundan başqa, mətbuatda böyük bir jurnalist komandasının, geniş yaradıcılıq mühitinin formalaşdırılmasında rolu olan ikinci bir qeyri-ixtisas sahibini tapmaq çətindir...
... Sonralar bu tipli mübahisələr başqa media subyektləri arasında, hətta ən geniş polemika müstəvisində də yaşanırdı. Mətbuata jurnalistikadan gələnlər və gəlməyənlər kateqoriyası arasında sanki bir mübarizə gedirdi: kim daha yaxşı imza sahibidir. İxtisasca jurnalist olanların mətbuat aləmində başqa ali məktəb məzunlarına yuxarıdan aşağı baxmasının şahidi olmamışam, əksi haqqında isə bunu iddia edə bilməyəcəm. Çünki həmin kateqoriya düşünürdü və bu gün də belə fikirdə olanlar var ki, jurnalistikada tələbəyə heç nə öyrətmirlər, həmin fakültədən gələnlərin yaxşı qələmləri yoxdur. Halbuki çoxsaylı mətbu janrın xüsusiyyətlərini, onların növlərini, tələblərini, şərəf və ləyaqət məsələsində jurnalist etikasını, ixtisaslaşma çərçivəsində qəzet, televiziya və radio jurnalistikasının nəzəri, praktiki tərəflərini fakültə tədris edir, eyni zamanda, mümkün əyani vəsait əsasında göstərirdi (bu günsə bu imkanlar daha genişdir-müəl.). Burada, əsasən çatışmayan sərbəst yaradıcı prosesin mütəmadi təşkil edilməməsi, sistemli təcrübə mühitinin yaradılmaması idi. Ona görə də işə başlayan əksər məzun universitetdən tam hazırlıqlı şəkildə ayrılmırdı, qəzetdə, televiziyada hələ bir müddət öyrənci statusunda olurdu.
Əslində pislər və yaxşılar hər iki kateqoriyada var idi. Bu da bir gerçəklikdir ki, reket jurnalistikasının tüğyan etdiyi zamanlarda mətbuatın adına xələl gətirən “reketlər”in jurnalistika fakültəsinə hər hansı bir dəxli yox idi, onlar jurnalistikanın tələbələrini yararsız sayan qeyri-ixtisas sahiblərini təmsil edirdilər.
İkinci kateqoriyadan olanların çoxluq təşkil etməsinə gəldikdə, bu, təbii idi. Müxtəlif ali məktəblərin məzunları mətbuata kütləvi axın etdiyi halda, jurnalistika fakültəsinin əyani şöbəsindən hər il 25 nəfər məzun olurdu. Nəzərə alsaq ki, onların içərisində qızların sayı üstünlük təşkil edirdi və ailə quran qızların əksəriyyəti obyektiv, subyektiv səbəblərdən bu ixtisas üzrə çalışa bilmirdi, o zaman aydın olurdu ki, müstəqillik dövründən sonra meydana çıxan çoxsaylı qəzet və televiziyalarda böyük sayda jurnalistə yaranan ehtiyacı, BDU həm kəmiyyət, həm də keyfiyyət baxımından ödəyə bilməzdi. Bu çatışmazlıq təbii ki, qeyri-ixtisas sahibləri vasitəsilə aradan qalxırdı, amma heç kəsə əsas verə bilməzdi ki, jurnalistika fakültəsinin müəllimlərinin səviyyəsinə, onların yetişdirdiyi tələbələrin qabiliyyətinə şübhə ilə yanaşılsın. Jurnalistika bəlkə də tək-tək fakültələrdəndir ki, orada təkcə tələbə müəllimdən yox, eyni zamanda müəllim də tələbədən nəsə öyrənib. Üstəlik, müəllim tələbənin, tələbə də müəllimin dostu olub. Müəllimlə tələbə arasında etimadı rüşvət deyil, bir-birinə hörmət və auditoriyalarda başlayıb dəhlizlərdə bitən səmimi söhbətlər, siyasi mövzularda ardıcıl polemikalar möhkəmlədirdi. Jurnalistikanın məzunlarının qeyri-ixtisas sahiblərindən üstünlüyü bunlar idi.
Əslində problem başladı 1997-ci ildən sonrakı buraxılışlarda. Fikir vermisinizsə, tək-tük adlar istisna olmaqla, uzun illərdir, mətbuata, televiziyaya jurnalistika fakültələrinin məzunları gəlmir. Çünki xeyli zamandır, istər BDU-nun, istərsə də Slavyan Universitetinin eyniadlı fakültələrində jurnalist olmaq istəyənlərdən deyil, hüquqşünas, vəkil, prokuror, polis rəisi, xarici dil müəllimi olmaq xəyalları qurmuş, ömründə bir dəfə əlinə qələm alıb cızma-qara etməyən gənclərdən jurnalist hazırlanır. Bunun nə demək olduğunu və problemin kökünü anlamaq çətin deyil. Mətbuat Şurasının üzvü, BDU-nun müəllimi Cahangir Məmmədlinin gileylərini dəfələrlə eşitmişəm- həm üzbəüz, həm efirdən: biz auditoriyada belə tələbələrə yaradıcı keyfiyyətlər aşılaya, onlarda yazmaq qabiliyyətini kəşf edə bilmirik, çünki onların böyük əksəri başqa ixtisasın arzuları ilə jurnalistikaya təsadüfi gəlib çıxanlardır.
Test sistemində jurnalistikanın yaradıcı sahə kimi nəzərə alınmaması illərdir, bu sahədə gəncliyin yolunun azmasına gətirib çıxarır. Təsəvvür edin ki, cüzi yaradıcı bazası belə olmayan gənclər testin qüsurlu cəhətləri nəticəsində gəlib jurnalistika fakültəsinə düşürlər və müəllimin mühazirəsi, tədrisə xərclənən dövlət vəsaiti boşu-boşuna gedir, çünki onlar jurnalist ola bilmirlər. Və yaxud, əksinə jurnalist olmaq istəyən testin sayəsində tamam ayrı ali məktəbin, ayrı fakültənin qapısını açmaq zorunda qalır...
Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun başlanmasına az vaxt qalır. Jurnalist ixtisasına bakalavr və magistratura pilləsində qəbulun yeni şərtlər, yəni, müsabiqə əsasında aparılması istiqamətində addımların atılacağı gözlənilir. Qeyd edək ki, jurnalistikaya daxil olan tələbələrin yaradıcı keyfiyyətlərinin çatışmazlığı və bunun səbəbinin seçim üsulunun səhvliyində göstərilməsi zaman-zaman təhsil mütəxəssisləri, təcrübəli müəllimlər tərəfindən irəli sürülürdü. Lakin tələbə qəbulu prosesinə rəhbərlik edənlər bu sahəyə müsabiqənin tətbiq olunması haqqında düşünmək istəmirdi. Media rəhbərlərinin dövlət başçısı ilə sonuncu görüşündə BDU-nun jurnalistika fakültəsinin müəllimləri və mətbuat peşəkarları tərəfindən müsabiqənin vacibliyi ortaya qoyuldu, prezidentdən bu yöndə lazımı qərarların verilməsi xahiş edildi və bununla da müzakirələr start götürdü. Dəqiq demək çətindir ki, müsabiqə keçmiş metoda uyğun olaraq iki pillədəmi, yəni, şifahi - tanınmış ədəbiyyat xadimləri, dilçi-professorlar qarşısında dünyada gedən proseslərdən tutmuş, ölkəiçi hadisələr, ədəbi-mədəni sferada təzahür edən yeniliklər, mətbuat sektorundakı islahat, eləcə də problemlərə qədər sual-cavab və yazılı - müxtəlif mövzularda sərbəst məqalə yazmaq formalarında aparılacaq, yoxsa yox. Əski zamanlarda şifahi müsabiqə böyük münsif heyəti –Qulu Xəlilov, Ağamusa Axundov, Şirməmməd Hüseynov, Əliyar Səfərli və başqaları tərəfindən aparılırdı. Abituriyentə İran-İraq müharibəsindən tutmuş Topxana meşəsinın qırılması ilə başlanan siyasi hadisələrə qədər suallar verilib dünyagörüşü yoxlanılır və müsabiqədən keçirilirdi. İran-İraq müharibəsinin Fars körfəzi uğrunda gedən müharibə olduğunu demək kifayət edirdi, bundan artığını nə biz bilirdik (çünki orta məktəbdə tədris olunmurdu, mənbə radio, televiziya, qəzet idi-müəl.), nə də əlavə nəsə soruşmağa münsiflər heyəti maraqlı idi. Əsas o idi ki, KİV-ləri nə şəkildə izləməyin, dünyagörüşünün hansı səviyyədə olmağı aşkara çıxarıla bilsin. Və yaxud, yazılı müsabiqə: qələm, kağız və sən- verilən mövzularda sərbəst inşa yazmalıydın. Hər iki müsabiqə imtahana buraxılış yolu açmalıydı. Açmazdısa, demək, imtahansız belə, artıq kəsilmiş sayılırdın və üzü qara qayıdırdın. Jurnalistikaya qəbul bu qədər çətin idi.
Bu gün müsabiqə tələbi ilə söhbət təkcə həmin çətinlikləri geri gətirməkdən getmir. Müsabiqəli seçim o demək olacaq ki, təhsilə gələn yeni-yeni nəsillərin yolu azdırılmayacaq, bu metod hər kəsi öz yerinə qoyacaq, üstəlik, müəllimləri cəmiyyətdə hörmətli, məzunları qeyri-ixtisas sahiblərinin tənələrindən uzaq edəcək.