Modern.az

Araz Kürdən nə vaxt ayrı olub?

Araz Kürdən nə vaxt ayrı olub?

Ölkə

2 İyun 2010, 13:26

Hökumət üzvlərinin istinad etdikləri 1903-cü il xəritəsində suqovuşan var

Araz çayını Kürdən ayırıb başqa bir yataqla Xəzər dənizinə istiqamətləndirilməsi son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Mayın 31-də Araz çayını İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsindən yarıb, suyun bir hissəsinu başqa yataqla Xəzərə doğru istiqamətləndiriblər. Arazda suyun səviyyəsi durmadan artdığından yeni qola buraxılan suyun həmcinin artırılaraq saniyədə 300 kubmetrə çatdırılması nəzərdə tutulub. Bu qol İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı və Lənkəran rayonlarından keçməklə Xəzər dənizinə qovuşacaq.

Təbii fəlakətlə bağlı yaradılan hökumət komissiyası həmin yatağı Araz çayının köhnə məcrası, tarixi qolu adlandırırlar. Onlar belə deyərkən 1903-cü ilin xəritəsinə istinad edirlər. Araza yeni qolun ayrılması mütəxəsisslər tərəfindən birmənalı qarşılanmayıb. Çünki suyun yeni məcra ilə axıdılması nəticəsində Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarında yüz hektarlarla torpaq sahəsi zəbt olunudu. Araz çayının köhnə məcrası olubmu? Bəzi ekspertlər deyirlər ki, Araz çayı yaranandan həmişə Kürlə qovuşuqlu halda axıb və onun heç vaxt tarixi məcrası olmayıb. Ona görə də mütəxəssislər “tarixi məcra” sözüni inkar edərək “yeni qol” deyilməsinə tərəfdardılar.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri Rafiq Süleymanov Modern.az  saytına bildirib ki, Azərbaycandakı bütün xəritələrdə Kürlə Araz həmişə suqovuşan kimi göstərilib.

“Kürlə Araz heç vaxt ayrı olmayıb. Bu xəritələrdə də öz əksinin tapıb. Köhnə xəritələrdə də Kürlə Araz həmişə suqovuşan kimi göstərilib. Xəritələrdə elə bir şey yoxdur ki, Kürlə Araz ayrı-ayrılıqda Xəzərə tökülsün. Bu dəqiqə əlimin altında 1869-cu ilin xəritəsi var. Bu xəritədə Kürlə Araz çayı qovuşur.

Bilmirəm niyə indi “Araz çayının tarixi məcrası” deyirlər. Bildirirlər ki, hansası xəritədə göstərilib ki, Arazla Kür ayrı-ayrılıqda Xəzərə tökülür. Xəritəyə bu şəkildə istinad etmək lazım deyil”.

Kürlə Arazın 1903-cü ilin xəritəsində ayrı-ayrılıqda axıb Xəzərə töküldüyünün göstərilməsinə gəlincə, Rafiq Süleymanov qeyd edib ki, belə deyənlər yəqin ki, o xəritəni görməyiblər. “Bütün xəritələrdə Kürlə Araz bir-birinə qovuşur”.

 

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri H.Bağırov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Ə.Əhmədzadə, baş nazirin müavini Abir Şərifov və digər hökumət üzvləri Kür və Araz çaylarının ayrılmasında ekoloji fəsad olmadığını dəfələrlə qeyd ediblər. Onlar bildirblər ki, 1903-cü ilin xəritələrində Kürlə Araz ayrı-ayrı göstərilib. Amma Modern.az saytının əldə etdiyi 1903-cü ilin xəritəsində Arazla Kürün qovuşduğu göstəırilib. Belə olan halda hökumət üzvləri “Arazın tarixi məcrası” deyəndə niyə 1903-cü ilin xəritəsinə istinad edirlər? Mütəxəssislər istisna etmirlər ki, Araz çayının 1800-cü illərədək ayrıca qolu olub, amma bu o anlama gəlmir ki, Kürlə-Araz heç vaxt qovuşmayıb. Həmin qolu ana Arazın tarixi məcrası adlandırmanın əleyhinə çıxanlar deyirlər ki, o bir qol olub, əsas yataq yox.

 

Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI