Tənqidçi Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müvafiq əmri ilə “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.
Əsəd Cahangir indiyədək jurnalın tənqid və publisistika şöbəsinin rəhbəri idi.
Xatırladaq ki, bu günədək baş redaktorun müavini postunu tənqidçi Vaqif Yusifli tuturdu. O, bu postda 16 il çalışıb və bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat bölməsinə müdir təyin olunduğu üçün vəzifəsindən istefa verib.
Tənqidçi Əsəd Cahangir Modern.az-a yeni təyinatından və bu vəzifədə görəcəyi işlərdən danışıb:
“İndidən durub deyim ki, mənim yeni təyinatım jurnalda hər hansı inqilaba səbəb olacaq - bu qeyri-təvazökarlıq olardı. Mən indiyə qədər də bu jurnalda çalışmışam. Təbii ki, bu təyinat mənim məsuliyyət hissimi bir az da artırır və mən çalışacağam ki, göstərilən bu etimadı doğruldum. Ümumilikdə biz bir komanda olaraq nəsə edə bilərik, mən fərdi şəkildə bir şey edə bilmərəm. Fürsətdən istifadə edib xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəyə, qurumun gənclər katibi Rəşad Məcidə öz minnətdarlığımı bildirirəm”.
Elmin Nuri