Modern.az

2000-dən çox QHT hesabat verə bilmədi - Maliyyə Nazirliyi qərar qəbul etdi

2000-dən çox QHT hesabat verə bilmədi - Maliyyə Nazirliyi qərar qəbul etdi

2 Aprel 2014, 18:15

Maliyyə Nazirliyinin QHT-lərə verdiyi 30 günlük müddət ərzində 1800-dən çox təşkilat illik maliyyə hesabatını adı çəkilən dövlət qurumuna təqdim edə bilib. Modern.az saytının xəbərinə görə, bu, ötən ildəkindən (ötən il 1750 QHT) xeyli yüksək rəqəmdir. Amma rəsmən qeydiyyatda olan QHT-lərin böyük qismi nazirliyin aprelin 1-dək müəyyənləşdirdiyi müddətdə edilən xəbərdarlığa baxmayaraq hesabat verə bilməyib.

Belə ki, Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ü ötüb. Əgər nəzərə alsaq ki, Maliyyə Nazirliyinə bu il aprelin 1-dək maliyyə hesabatı verən QHT-lərin sayı 1800-dən bir qədər çox olub, onda belə dümək olar ki, 2000-dən çox QHT də hesabat verməyib.

Maliyyə Nazirliyinin xəbərdarlığında bildirilirdi ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 29.4-cü maddəsinə əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq təqdim etməliydilər. Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Maraqlıdır, illik maliyyə hesabatı təqdim etməyən 2000-dən çox QHT barəsində tədbir görüləcəkmi?

Məsələylə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, yaranmış vəziyyət nəzərə alınaraq, qeyri-hökumət təşkilatlarının illik hesabatı verməsi üçün müddət daha 1 ay uzadılıb. Əgər verilən əlavə vaxtda da illik hesabatlar təqdim olunmazsa, onda İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə həmin QHT-lərə inzibati cazalar tətbiq olunacaq.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu