Modern.az

Niyə bu gündəyik?

Niyə bu gündəyik?

Ədəbiyyat

2 Aprel 2014, 22:05

Ədəbiyyat  bizim tərbiyəmizdir, mənəviyyatımızı formalaşdıran  bir orqandır. Məktəbə gedən gündən hərfləri, işarələri yığa-yığa, formalaşırıq.  Söz-söz, cümlə-cümlə özümüzü tanımağa başlayırıq. “Əlifba”, “Ana dili” dərsliklərini öyrəndikdən sonra  şairləri, yazıçıları tanıyırıq. Şairlər, yazıçılar hər zaman cəmiyyətin nəbzi zamanın barometri olublar. Bəxtiyar Vahavzadə “Gülüstan”ı  yazanda, bizə Vətənimizin iki bölündüyünü anlatdısa, Sovet İmperiyası tərəfindən manqurtlaşan yaddaşımızın səhifələrini vərəqlədisə, Sabir Rüstəmxanlı “Ömür kitabı”                   əsəri ilə minləri meydana çıxarıb, Azərbaycan adamına milli kimliyini tanıtdı. İlk Meydan hərəkatı yaratdı. Budur ədəbiyyatın, şairin, yazıçının gücü. “Nəsimi”  filmində bir səhnə var. Şirvan Şahı Şeyx İbrahimxəllillə Nəsimi üz-üzə gəlir:

  Şeyx İbrahimxəlil:  - Dayan, getmə!!! Sənin Divanın bir orduya bərabərdir!
  Nəsimi:  - Qala bilmərərm, Şah!
  Seyx İbrahimxəlil: - Niyə?!
  Nəsimi:  - Çünki divanım bir orduya bərabərdir. İkinci ordu istəmirsən.

Budur SÖZün qüdrəti, SÖZün gücü. Demək, ədəbiyyat insanları dəyişdirə, formalaşdıra  bilir.  Hamı bir-birinə sual edir: “Niyə bu gündəyik?”. Cavabı məndə. İndi sadalayım:
    
Ucqar kənd məktəblərində dərslər sıfır həddindədir. Məktəblərdə dərs keçirilmir.  Sonuncu dəfə kənd məktəblərinin hansı monitorinqi aparıldı?  Şəhər məktəblərində isə dərs yüksək səviyyədə keçirilmir. Ali məktəblərə hazırlaşan  məktəblilər  vaxtlarının çoxunu müəllim, repetitor  yanına getməklə, onların yüklədiyi, dərs yükünü əzbərləyirlər. Ali məktəbə qəbul olunandan sonra da bilik göstəriciləri çox aşağı səviyyədə olur.  Və  əlbəttə ki,  ədəbiyyat dərsliklərindən verilən əlavə oxu tapşırıqlarına vaxtları qalmır. Birdəfəlik etiraf etməliyik ki, bü günkü  təhsil sistemi özünü doğrultmayır. Məktəblərdə, ali təhsil ocaqlarında dərs vermə üsulunu, təlim tərbiyə üsulunu dəyişmək lazımdır. Yox, Sovetlər Birliyi üçün ağlamıram. Ancaq bu fikri rəhmətlik Heydər Əliyevin bir sözü ilə xatırlasam, yerinə düşər. Bəxtiyar Vahabzadəni yatdığı xəstəxanada yoluxmağa getmişdi. Söhbət əsnasında belə bir fikir söylədi: “İtirdiyimiz Sovet sisteminin təhsili və səhiyyəsi çox mükəmməl idi”.  O zaman təhsil alan uşaqlar həm  pioner, komsomol sıralarında  intizam, həm də vətənpərvərlik öyrənirdilər. İndi nə oldu? Vətənimiz müstəqil olandan sonra bu vətənpərvərlik dərslərini  niyə unutduq? Kim unutdurdu bizə o dərsləri?!   Şagirdi, məktəblini vətənpərvər etmək üçün bütün məktəblərin həyətində müharibə, Vətən haqqında plakatlar olmalı, Vətən qəhrəmanlarının həyatlarından bəhs edən  güşələr yaradılmalıdır.  Onlara Vətən haqqında ayrıca dərclər, məşğələlər, Vətən müharibəsi əllilləri ilə mütəmadı görüşlər keçirilməlidir. Bizim vaxtımızda  1941-45-ci ilin veteranları ilə olan görüşlərdə eşitdiklərimiz həyat amalımız olurdu. Və təbii ki, bu gün vətən uğrunda  canından keçən veteranın məmur özbaşnalığı ucundan  başına gətirilənləri görəndə məktəblidə heç bir vətənpərvərlik hissi olmayacaq.  Düz  26 ildir ki, 1989-cu il Sumqayıt hadisələri baş verib.  Sumqayıtda  məktəblilərdən  26 il öncə nə baş verdiyini soruşanda, çiyinlərini çəkirlər. Sumqayıt İcra Hakimiyyətinə olan davamlı müraciətlərimizə baxmayaraq, Sumqayıtda o hadisələri özündə əks etdirən bir  lövhə üçün 1 sot yer tapa bilmirlər. Hər bir məktəbli o lövhəni görərsə, bu onun tarixi yaddaşı olacaq.  Müğənnilərin yataq otağının  hansı mebellə bəzədildiyini bilən məktəblilər və tələbələrimiz, Vətən müharibəsi qəhrəmanlarımızı tanımırlar. Baxmayaraq ki, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, televiziyalar və kütləvi informasiya vasitələri vətənpərvərlik təbliğatını gücləndirməlidirlər.

Biz təbliğatı dəyişməliyik. Televiziya, KİV vasitələrinə güclü nəzarət lazımdır ki, ədəbiyyatımız, tariximiz, Azərbaycanın tarixində, mədəniyyətində, ədəbiyyatında izi olan insanlardan verilişlər getsin. Ən gözəl kitablar nəşr olunanda, o kitablar haqqında xüsusui disskussiyalar yaradılsın. İnanın ki, tamaşaçı məcbur olub baxacaq, tamaşaçıya zövqlə hazırlanmış yaxşı məhsul versən, bəyənəcək. Bu gün ANS  TV-də  İsa Muğanna haqqında veriliş getdi. Cəmiyyətimizin sayılıb-seçilən söz sahibləri qonaq idilər. Gözəl sözlər, dəyərli fikirlər səsləndi. Son illərdə İsa Muğannanın kitabları heç vaxt bu qədər təbliğ olunmamışdı . Bəli, TV-lərimiz bu təbliğatdan yapışmalıdırlar. Televiziyalar nə göstərsə, nəyi təbliğ etsə, insanlar şüuraltı onu qəbul etməyi bacarırlar. 
      
Heyifdir gəncliyimiz, gəlin onları məktəb partaları arxasında oturarkən qoruyaq. Onların milli şüurlarına  ibrətamiz ədəbiyyatla müdaxilə etmək olar.  Bir dəfə yazmışdım, yenə yazıram.  Tanrıya şükürlər olsun ki, bu gün Vətənimiz iqtisadi göstəriciklərinə görə Mərkəzi Asiya və region ölkələrini arxada qoyur, dünyanın hər yerinə investisiya qoymaq qabiliyyətinə malikdir. Dünyanın ehtiyacı  olan ölkələrində məktəblər, tibb ocaqları tikdirir.  Son 10 ildə az qala Azərbaycanın inkişaf etmiş bütün rayonlarında Olimpiya kompleksləri tikilib. Əksəriyyətinin  qapısı  ancaq  sanballı qonaqlar, məmurlar gedəndə açılır. Göstərmək üçün.  Vətənimizin , dövlətimizin gücü çatır ki, o Olimpiya komplekslərinin qapılarını imkansız uşaqlara  havayı pulsuz  və böyük güzəştlərlə, simvolik ödəmələrlə açsın. O zaman  milli idmanımız üçün transferlər olmayacağıq, öz övladlarımız üçrəngli  bayrağımız altında uğurlar qazanmağa qadirdilər. Belə olanda  cinayətkarlıq da azalacaq,  övladlarımızın ədəbiyyatımıza, tariximizə, mədəniyyətimizə, abidələrimizə də marağı artacaq.  Ədəbiyyatımızı təbliğ etsək, kamil insan yetişdirə bilərik cəmiyyətimiz üçün!!! Gəlin hamımız bir yerdə bu düşdüyümüz çətinlikdən çıxmağın həlli yollarını fikirləşək... yoxsa ki, hər savadsız şagirdlə bir ailə, hər ailə ilə dövlətimizin bir dayağını itiririk.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi