Modern.az

Qabil Heydər Əliyevlə də dost idi, Hacıbala Abutalıbovla da…

Qabil Heydər Əliyevlə də dost idi, Hacıbala Abutalıbovla da…

2 Aprel 2014, 22:45

Hörmətli redaksiya, aprelin 3-ü atam xalq şairi Qabilin ölümündən 7 il keçir. Bu münasibətlə atamın son kitabı olan “Ömrün gecə qatarı” kitabına ön söz kimi yazılan bu məqalə-xatirəni çap etməyinizi xahiş edirəm.

Hörmətlə: Mahir Qabiloğlu

Qəşəm İsabəyli

Qabil Heydər Əliyevlə də dost idi, Hacıbala Abutalıbovla da…


Ölüm kişi sözüdür; bütöv, qəti.
Qabil

Qiyafəsindən qaraçıya oxşayan qucağı uşaqlı arıq-quru bir qadın gözünü gəlib-gedənlərin gözlərinə zilləyib, dilənirdi. Adamları rəhmə gətirmək üçün Allahın adına sığınmış bu biçarə iki duanın arasında vurnuxurdu: “Allah mərdi namərdə möhtac eləməsin!.. Allah sizin axır gününüzü xeyir eləsin!”.

“Axır gün!?”. Fikir məni götürdü: “Bu nə fəlsəfədi, İlahi!? İnsanın da axır günündən ağır günü olur, görəsən!?”.

Heç vəchlə başımdan çıxara bilmədiyim bu fikir aylarla mənə rahatlıq vermirdi. Heç cür bu kələfi aça bilmirdim.

Bir gün... kiminləsə söhbət elədiyim yerdə telefonuma zəng gəldi. İş adamı İlham müəllim idi:

–Başınız sağ olsun, Qabil müəllim də Allah rəhmətinə getdi.

–Necə-ə-ə? Nə danışırsınız?! – çaşıb qaldım.

–Bəs bilmirdiniz? – O da mənim heyrətimdən az qala özünü itirdi. – Nə pis oldu, sizə bəd xəbər verdim!

–Çox sağ olun ki, mənə xəbər vermisiniz! Haçan rəhmətə gedib?

–İndi televizor dedi.

–Heyf! – deyib, bir xeyli vaxt fikir-xəyal içində oturub, cəmi bir dəfə getdiyim, bir dəfə də gedəcəyimə vəd verdiyim Qabil müəllimin Təzə bazarın üstündəki evinə yollandım. Binanın girişində gözətçi otağında oturmuş cavan oğlandan az qala qorxa-qorxa, hətta bir az da yaxşı xəbər eşitmək ümidiylə soruşdum:

–Qabil müəllim!?...– dayandım. – doğrudu!?

– On səkkizinci mərtəbəyə qalxın...

Olacağa çarə yox imiş. Birdən yadıma düşdü ki, bu qədər yaşamaq elə Qabil müəllimin öz arzusuydu. Bir dəfə mənə demişdi: “Rəhmətlik yazıçı Əlfi Qasımovla tez-tez badə yoldaşı olurduq. Hətta aramızda söyüş də qoymuşduq; kişi deyil səksənəcən yaşamayan! O, sözünün üstündə dura bilmədi. Amma mən... “tfü-tfü” elə!..”

Bu sözləri səksənə girəndə demişdi rəhmətlik. Hətta bir az ehtiyatlana-ehtiyatlana demişdi... Arzusundan bir az artıq yaşadı... “Səksən innən belə: – Yüz yaşa, – deməz.”

Yadıma gəlir ki, Qabil müəllimi ilk dəfə Yazıçılar poliklinikasında görmüşdüm. Mahiri həkimə gətirmişdi. Onda Mahir arıq, balaca bir oğlan idi.

İkinci dəfə isə “Ədəbiyyat və incəsənət” qəzetində üz-üzə gəldik. Utana-utana, qorxa-qorxa bir qoşmamı qarşısına qoydum. Vərəqi götürüb, gözlərinə yaxın tutdu, oxudu və... bəyənmədi. Nəsə dedi, mən də özümü müdafiə üçün mızıldadım. Elə bil bir az hirsləndi də: “Qoşmanı mənə öyrədəcəksən!? Baxma Bakıda doğulmuşam, işim-gücüm Şamaxıdadı”.

“Şamaxı” sözünün bura nə dəxli olduğunu onda başa düşməmişdim.

Sonralar heç qoşma yazmadım.

Bir dəfə də, onda mən artıq Mədəniyyət Nazirliyinin “Şur” nəşriyyatında direktor işləyirdim, şair Fikrət Sadığın “Bir parça Vətən” kitabını öz hesabımıza 2 min nüsxədə nəşr etmişdik. Rəngli, illüstrativ bu nəşr Qabil müəllimi bərk tutmuşdu. Və iki qoca şair durub gəlmişdilər “Səadət sarayı”nın son mərtəbəsində yerləşən nəşriyyatımıza. Özü də dal qapıdan gəlmişdilər... Onlara qədər oranı yol bilən olmamışdı. Necə deyərlər, orijinal gəlmişdilər.

Günorta üstüydü. Gördüm nəsə gurt-gurt səs gəlir. Otaqdan çıxıb, koridora burulanda az qala səksəndim; pilləkənin başında dəmir çərçivənin arxasından, alaqaranlıqdan iki qoca baxırdı mənə...

–Bıy... – tanıdım, – burdan niyə gəlmisiniz, bura ki yol deyil!?

–Əsas odur ki, gəlmişik, qapını aç. – Bu, Qabil müəllim idi. Mənimlə yüz ilin tanışı kimi görüşdü.

Rəhmətliyin sözüylə demiş olsam, əlüstü xudmani bir məclis qurdum. Çörəkverməz ev sahibi kimi mən bir qırağa çəkilib baxır, onlar isə iki yeniyetmə kimi min bir fərəhlə yeyib-içir, deyib-gülür, zarafatlaşır, “Bir parça Vətən”i tərifləyir, məni tərifləyir, özlərinin və hərdən də mənim sağlığıma içirdilər. Sözarası Qabil müəllim:

–Mən də haçandı “Səhv düşəndə yerimiz” şeirimi kitabça kimi çap etdirmək arzusundayam, – dedi.

Nəşriyyat direktorlarının xarakterinə uyğun – birbaşa vəd verməyib, müəllifi intizarda qoyma priyomuyla:

–Qabil müəllim, çalışaram kömək eləyim, – cavabını verdim.

–Çap etməyi səndən, yaymağı məndən.

“Səhv düşəndə yerimiz”i kiril, latın və ərəb qrafikasıyla 5 min nüsxədə nəşr etdik. Maşına yığıb, Qabil müəllimlə Qaradağ, Quba, Qusar, Xaçmaz və Suraxanı İcra hakimiyyətlərinə getdik. Əl boyda bu çap məhsulunun ayağı düşərli oldu. Nəşriyyata xeyli gəlir, müəllifə də bəs deyincə qonorar gətirdi... Ondan sonra oldum Qabil müəllimin naşiri. Düzdü, bir dəfə çıxıb getmişdi “Gənclik” nəşriyyatına, kitab çap etdirmişdi və bu nəşrdəki kütləvi korrektura xətalarını görüb, onlardan bərk inciyib, yenidən qayıtmışdı üstümə. On ildən artıq idi ki, onun kitablarını işıq üzünə mən çıxarırdım. Prezidentin fərmanıyla nəşr edilən “Seçilmiş əsərlər”ini mənə belə bir avtoqrafla bağışlamışdı: “Ədibim, şairim, daimi naşirim Qəşəm İsabəyli üçün Qabildən. 30 iyun 2005. Sev-gililər günü, İlham-Fərizə.”

Hərdən kefinin duru vaxtı nəşriyyatımıza gələndə, mənə tərəf əyilir, diqqətlə üzümə baxa-baxa deyirdi:

–Sən yaxşı oğlansan, yaxşı naşirsən, yaxşı yazıçısan, işini bilənsən, az danışansan, yığcamsan... hələlik bəsündü...

Gülüşərdik.



***

Heç kim bilmirdi ki, Qabil müəllim haralıdı. Şəxsən mənim üçün şamaxılıydı. Bir başqası üçün ordubadlıydı. Ayrı biri Cənubdan sayırdı onu.

Amma Qabil müəllim Bakıda doğulmuşdu. Adamlara elə qaynayıb-qarışmışdı ki, hamı onu özününkü bilirdi. Kənddən şəhərə gəlib “təmkinli” olmuş bir para yazıçıdan fərqli bir kənd adamının hərəkətləri vardı Qabil müəllimdə. Özü də bu, Bakı kəndlərindən çox rayon kəndlərinə xas hərəkətlərdi.

Bir də baxırdın budu, Qabil müəllim küçənin o başından ağır addımlarla gəlir və səni görən kimi ayaq saxlayır, əllərini; sağ əlini çənəsinə qədər, sol əlini başından azca yuxarı qaldırıb, gözləri gülə-gülə, az qala çığırardı:

–O-o-o-o-o... ay Allah, ay Allah, kimi görürəm!?

Qabil müəllimin evdə, ailə yanında bir Şərq kişisinə xas zəhmi də vardı. O öz ağsaqqallıq hüququnu həyat yoldaşı Bəyim xanıma sevgisinə qurban verməzdi. Bəyim xanım da onu oğul kimi əzizləyər, ata kimi ehtiramında durar, ər kimi hər şıltağına dözərdi.

O günü nəşriyyatımızın qonaqlarından biri da-nışırdı ki, son dövr Qabil müəllimi Yazıçılar Birliyində bir-para adamlardan qoruyurdular. Qabil müəllimi də axtarıb elə həmin adamların arasında tapardılar.


Bir gün də... Yazıçılar Birliyində köhnə dost-larla xudmani məclis qurmuşdu. Təbii ki xərc-xəcələt də Qabil müəllimin boynundaydı. Birdən Bəyim xanım zəng elədi. Dəstəyi Qabil müəllimə verdik. Könülsüz-könülsüz:

–Eşidirəm, Bəyim! – dedi.

–Qabil, bəs gəlmirsən!?

–Yeddinin yarısı...

–Bir az tez olmaz, ay Qabil?

–Tez?! Yeddidə evdəyəm.

–Ay Qabil, gec deyil?!

–Onda aç qulağını eşit, səkkizin yarısında gələcəm.

–Vayyy...

–“Vapşey” bu gün heç evə qayıtmacam, – deyib hirslə dəstəyi atdı telefonun üstünə...

Yadıma bizi məcbur yedizdirmək istəyən anamıza elədiyimiz naz düşdü: “Vallah, sənin acığına yeməyəcəm!”

İnanıram ki, Qabil müəllimin evə qayıdıb, bir “lıqıdı... lıqıdı...” deməyiylə Bəyim xanımın qəlbinə günəş doğardı.

Ailədə ona bəslənən ağsaqqal ehtiramını da görüb, ürəyimdə “eşq olsun!” demişəm. Köhnə evində adətən telefona Qabil müəllim gəlirdi. Təzə evində isə bu vəzifə nəvələrin boynundaydı.

“Qabil müəllim evdədirmi?” soruşardım. “Bu dəqiqə” deyə qız məlahətlə “Baba” çağırardı. Bəzən görürdüm, Qabil müəllim ya eşitmir, ya da qızın n-yə çağırdığının fərqinə varmır. Onda qız az qala səsini sevinc notlarına kökləyirdi:

–Ba-a-ba-a-aa.. ay... ba-ba-aaa.

Hər dəfə Qabil müəllim “Şirvannəşr”ə gələndə Mahir mənə bərk-bərk tapşırırdı: “Papadan muğayat ol!”

Müşahidə eləmişdim, Bəyim xanım biləndə ki, kişi bizim yanımızdadı, rahat olardı. Bilirdi ki, mən içən deyiləm. Düşünürdü ki, Qabil də içməz. Amma Qabil müəllimin üzünə süfrəmiz həmişə açıq olardı.

Gizlini olmayan insanlardan idi Qabil müəllim. Onun dostluğu da göz qabağındaydı, düşmənçiliyi də. Görəsən düşməni vardımı!? Bu müdrik insan düşmənçilik üçün əlyeri qoymağı vicdanına sığışdırmazdı. Adamı küsdürərdi, küsdürdüyü kimi də könlünü alardı. Elə alardı ki, elə bil heç o küsən sən deyilmişsən...

Mərhum prezident Heydər Əliyevlə də dost idi Qabil müəllim, Bakı meri Hacıbala Abutalıbovla da. Elə bizim kimi münasibətləri vardı; deyib-gülmək, xoş ovqat. Yeri gələndə bəziləri kimi bürünüb-bükülüb, daldaya çəkilib xahişini eləməzdi. Elə lap hamının yanında, öz haqqı kimi az qala ərklə deyərdi: “Mənə ev lazımdı, mənim bağım yoxdu”.

O da yadımdadır ki, siyasətdən kənar, yarınmaqdan kənar, təmənnadan kənar Qabil-Hacıbala əhd-peymanı qurulmuşdu. Dəfələrlə bu siğə qardaşlığının şahidi olmuşdum. Onu da bilirdim ki, ustadın yanından yel ötdümü, Bakı meri iki daşın arasında da olmuş olsa arı yuvasına bənzəyən iş otağından sıyrılıb çıxıb onun başının üstünü alardı.

17 mart 2007-ci il idi, kiçik vətənə – Kürdəmirin Xəlsə kəndinə gedirdim. Qobustandan ötəndə telefonuma zəng gəldi. Bakı şəhər İH-nin idarə rəisi Bəxtiyar müəllim idi. Salam-kəlamdan sonra telefonu Qabil müəllimə verdi.

–Qəşəm, – Qabil müəllim dedi, – kitabın vəziyyəti necədi? Hacıbala müəllim pulunu köçürüb. Eşidib ki, xəstələnmişəm, özü də durub mənə dəyməyə gəlib, verim danış.

Sonra Hacıbala müəllimlə danışdıq, Novruz bayramımı təbrik etdi. “Qabil müəllimi intizarda qoymadıq... – dedi, – indi o, sizdən intizardadı...”.

Dedim: – Hacıbala müəllim, nigaran olmaya bilərsiniz, biz də ustadı sevindirmək ərəfəsindəyik.

Dəstəyi yenidən Qabil müəllim aldı, danışdıq... xudahafizləşdik...

Yəqin ki, Qabil müəllimin ötən əsrin axırlarında ləngidilən öz yubiley tədbirləriylə bağlı H.Əliyevlə söhbəti yaddan çıxmayıb:

–Cənab prezident, Səməd Vurğun da gözləyə bilər, Qara Qarayev də, onlara heç nə olmaz. Amma mən... ölə bilərəm!.

...O günü Yazıçılar Birliyində bir təntənəydi. Elə kefimə dəydi. Düşündüm ki, bura axı Qabil müəllimin “gedən yeriydi”. Heç olmasa qırxını gözləməliydik...

Sağ olsun, yenə də yazıçı Ayaz Vəfalı onu yada saldı, xatirəsini bir dəqiqəlik sükutla yad elədik.

Qabil müəllimlə yaxın yoldaş olmuşduq, uzaq səfərlərə çıxmışdıq. Evinə getmişdim, evimizə gəlmişdi. Az qala iki gündən bir zəngləşirdik. Özü də bir dəfə zəng elədimi, mütləq həmin günü iki dəfə də zəng eləməliydi ki...üç olsun. Vay odu, o zəng eləyəndə işdə olmayaydım. Hirslənərdi:

–O qızlara de, bir də mənə deməsinlər ki, işdə yoxsan.

–Demişəm, mirzə. – deyərdim.

–Nə demisən!?.

–Demişəm ki, Qabil müəllim zəng eləyəndə, işdə olmasam, deyin, burdadı, amma Kürdəmirə gedib.

Başını arxaya atıb şaqqanaq çəkərdi.

Bir ildən artıq olardı ki, Bəyim xanım yatağa düşmüşdü. Qabil müəllimin, hiss eləyirdim ki, sərbəstliyi azalıb. Day əvvəlki kimi gəzib-dolaşa bilmir, nəşriyyatımıza da az-az gəlir. Son dövr özünün də ayağı burxulmuşdu. Zəng edirdim:

–Necəsən, ay mirzə?.

Gileylənməzdi:

–Yaxşıyam.

–Bəyim xanım necədi?.

–Necə olacaq!? Dedi-dedi, məni də gətirib yıxdı böyrünə...

Qabil müəllim həyatın gözəlini yaşadı. Ölümün gözəli də düşdü qismətinə. Nə yataq xəstəsi oldu, nə ağzına su verdilər, nə qolundan tutub ayağa qaldırdılar, nə əzab çəkdi, nə can çəkişdi. Aprelin 3-dən 4-ə keçən gecə bir göz qırpımında quş olub uçdu.

Yadıma dilənçi qadının duası düşdü: “Allah sizin axır gününüzü xeyir eləsin!”.

Mənim illərlə dərk eləyə bilmədiyim “fəlsəfə” demə bu imiş...

Qabil müəllim Bəyim xanımı yetim qoydu, Mahiri yetim qoydu, gəlini Sevinci yetim qoydu... Nəvələri, qayınları, Fikrət Sadıq, Ramiq Muxtar, Abbas Abdulla yetim qaldı Qabil müəllimdən, “Şir-vannəşr” yetim qaldı Qabil müəllimdən, “Ömrün gecə qatarı” yetim qaldı... və:

Hasarın ucadır,
Aşa bilmərəm.
Rəngi dəyişsə də,
Çaşa bilmərəm.
Sənə güllü qoşma
Qoşa bilmərəm,
Keçmiş ola...–

dediyi gözəlini yetim qoydu Qabil müəllim.

Sözardı: Böyük ustad adəti üzrə bu kitabının da əlyazmasını özü gətirmişdi nəşriyyatımıza. Mahirdən gileyləndi: “Mənə deyir, kitabın adını dəyiş, “Ömrün gecə qatarı” piss səslənir... ölümə oxşayır...” Dedim: “Ay mirzə, kitab adıdır da, ölüm nədi!”.

Əlyazmasını səhifə-səhifə, bəzi şeirləri ilhamla, ucadan oxuya-oxuya başa çıxıb, mənə verəndə, “Ön söz” yazarsan, demişdi. İşimin çoxluğundan nə “hə” deyə bilmişdim, nə “yox”. Bu da Allahdanmış, demə. “Ön söz” əvəzinə “Son söz” yazmalı oldum.

Ruhu şad olmuşa fikrim əyan olsaydı, özünə-məxsus da cavab verərdi: “Nə dəxli var, söz sözdü! “Öz söz, ya “Son söz!”.

07.04-07.05.2007





Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi