Modern.az

Siyasilərin elmi fəaliyyəti - Etibar Məmmədov: “Doktorluq işini müdafiə edə bilmədim”

Siyasilərin elmi fəaliyyəti - Etibar Məmmədov: “Doktorluq işini müdafiə edə bilmədim”

3 Aprel 2014, 10:45

Modern.az saytı “Siyasilərin elmi fəaliyyəti” layihəsindən üçüncü yazını sizlərə təqdim edir. Layihənin budəfəki qonağı Azərbaycan Milli İstiqlal Partiyasının lideri, 1998-ci il prezident seçkilərinin əsas müxalif siması Etibar Məmmədovdur.  

“Mənim tələbəm idi,  indisə dosentdir”

1955-ci ildə Bakıda dünyaya  gələn  Etibar Məmmədov hələ məktəb yaşlarından tarixə və siyasətə marağı ilə seçilib. Bu maraq onu 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə gətirib. O zaman tarix ən “prestijli” fakültə sayılırdı və oranın tələbələri  gələcəkdə dövlətin idarəetmə mexanizmi və partiya funksionerliyi üçün kadr kimi yetişdirilirdi.  Tələbəliyi yumşalma dövrünün ən yumşaq vaxtına  təsadüf edən Etibar Məmmədovun taleyinə milli ruhla yoğrulan və bunu mühazirələrində də əks etdirən müəllimlər düşür. Onların ön sıralarında təbii ki, o dövrün Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy gəlir.

Elçibəy  tələbələrini  həm universitetdə, həm də  digər yerlərdə milli ideyalar ətrafında təlimatlandırır. Əbülfəz Elçibəyin kadrları arasında ən fəallardan biri də  Etibar Məmmədov olur. Yaxşı oxuyan tələbə olsa da,  dövrün qadağan etdiyi mövzulara toxunması, onların təbliğində səy göstərməsi Məmmədovu qınaq obyektinə çevirir. O, tələbə ikən Cənubi Azərbaycan barəsində yazdığı siyasi-analitik məqaləyə görə universitetdən xaric edilir. Adi divar qəzetində gedən bu yazı xeyli səs-küyə səbəb olur. Bundan sonra Etibar Məmmədov Əbülfəz Elçibəy ideologiyalarını daha dərindən mənimsəyir. Çox çətinliklə bərpa olunduğu universiteti 1978-ci ildə bitirir. Amma fakültə rəhbərliyi bu inqilab qoxulu tələbəni intellektinə görə universitetdə saxlayır. Beləliklə, Etibar Məmmədovun elmi fəaliyyəti başlayır. Onun elmi fəaliyyətində də Əbülfəz Elçibəylə oxşarlıq çox olur. Belə ki, onların hər ikisi üçün elmi fəaliyyət məqsəddən çox vasitə idi. Onlar bu fəaliyyətdən istifadə etməklə ideologiyanı təbliğ etməyə çalışırdılar. Sonradan vəzifədən endirilən Əbülfəz Elçibəy də  tələbəsi haqqında bunları deyəcək: «Onun barəsində pis nəsə deməyə dilim gəlmir. O, mənim tələbəm olub. İndi də tarix fakültəsində dosentdir”,

“A, bala sən Basarkerdənsən!”

Beləliklə, 1985-ci ildə dissertasiya işini müdafiə edən Etibar Məmmədov tarix elmləri namizədi alimlik dərəcəsi alır. Bundan sonra da kiçik elmi işçi olarkən göstərdiyi elmi fəaliyyəti yenə də davam etdirir. Əbülfəz Elçibəyin  kitablarında və elmi məqalələrində yazdığı milli birlik, soy-kökə qayıdış, millətin qopduğu budaqlar, dil birliyi,   qan birliyi kimi kriteriyalar onun üçün də bazis olur.  Dərs zamanı tələbələrinin biri ilə apardığı dialoq onun pedaqoji istiqamətini özündə çox dolğun əks etdirir:

-         Ha tərəfdənsən, a bala ?
-         Vardenisdən.
-         Hardansan, a bala?
-         Vardenisdən...
-         Otur aşağı yaşadığın yeri də tanımırsan?
-         Yaşadığım yeri....
-         Sən Basarkeçərdənsən a bala,  Basarkeçərdən!

Bu dialoq o zaman üçün hər dəqiqə təsadüf olunmayan bir məsələdən xəbər verirdi. Belə ki, Qərbi Azərbaycan torpaqlarının tarixi adlarından məhrum olması, hətta Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxuyan tələbənin belə bu faktı bilməməsini Məmmədov ürək ağrısı ilə qeyd edirdi. Sən Basarkeçərdənsən, yəni ki, a bala, sən busan və bu kökdən qopmusan demək idi.

“Dokrorluğu müdafiə edəcəkdim, amma...”

Layihə əsnasında Etibar Məmmədovla əlaqə saxladıqda öz elmi fəaliyyəti barədə geniş danışmaq həvəsində olmadı. Görünür bu onun üçün artıq çoxdan keçilmiş bir mərhələ idi. Elm o zaman ölür ki, ondan tramplin kimi istifadə edəsən. E.Məmmədov da məhz elmdən, məfkurədən siyasi tramplin kimi istifadə etdiyindən bu fəaliyyət yarı yolda qırıldı. Elə özünün sualımıza cavab olaraq dediyi  kimi:
“Dosent idim, amma doktorluğu müdafiə edə bilmədim. Siyasi proseslər başladı. Baş da ona qarışdı”.

Dissertasiya işinin adını öyrənə bilməsək də, elmi rəhbərləri barədə özü məlumat verdi:
“Mənim iki elmi rəhbərim olub. Biri Azərbaycandan, biri isə Moskvadan, Rusiyadan. Azərbaycanlı elmi rəhbərim Oqtay Əhmədov, Rusiyadan isə Karenin idi”.

Hazırda siyasətdən də demək olar ki, uzaqlaşan Etibar Məmmədovun elmə qayıdıb qayıtmayacağını demək olmaz. Amma bu məqamda elə onun özünün müəllimi Elçibəy haqqında dediyi söz yada düşür: “Elçibəy gərək Elçibəy səviyyəsindən siyasət səviyyəsinə enməyəydi”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir