Modern.az

“Xoşqədəm xanıma cənnətdə böyük bir ərazi veriləcək”

“Xoşqədəm xanıma cənnətdə böyük bir ərazi veriləcək”

5 Aprel 2014, 10:28


Modern.az
saytı “Səni axtarıram” verilişinin 3 yaşı tamam olması münasibətilə bir neçə ziyalının tamaşaçı kimi fikirlərini və təbrik mesajlarını alıb:

Flora Kərimova (müğənni): “Xoşqədəm xanım çox cazibədar xanımdır. Mən onu bir insan kimi yaxşı tanıyıram və çox da istəyirəm. Ürəyi hər şeyə yanan bir xanımdır. “Səni axtarıram”da bir neçə dəfə olmuşam. Şahidi olmuşam ki, verilişdə olan bütün faciələri öz faciəsi kimi qəbul edir. Veriliş elə bir verilişdir ki, özündən, işindən , ruhundan, ürəyindən keçirməsən, ürəyin yanmasa, gözündən yaş çıxması, o verilişin nəticəsi də ola bilməz. Ona görə mən Xoşqədəm xanıma öz adımdan, dərdi bilən, dərdini bölüşən insanların adından çox sağol deyirəm. Arzu edirəm ki, heç kimin gözü intizarda qalmasın. Xoşqədəm xanım bu yolda əlindən gələni edir ki, bizim ürəyimizcə olsun, insanlar üçün nəticə olsun. Maşallah, nəticə də göz qabağındadır. Efirdə sevinc göz yaşlarını görəndə, çox sağol deyildiyini eşidəndə bir insan kimi biganə qalmaq olmur. Dəfələrlə insanların Xoşqədəm xanımın əlini öpmək cəhdini görmüşəm. O insanların sevincinə qoşulub mən də ona təşəkkür edirəm”.

Əhməd Qəşəmoğlu (sosioloq): “Hər zaman uğurlar arzu edirəm. Xoşqədəm xanım kifayət qədər enerjili, yenillikçi, daim axtarışda, yaradıcı təxəyyülü olan bir insandır. Bizim arada dialoqlarımız da olur. Mən hər zaman onun uğurlarına sevinirəm. Ümumiyyətlə, Xoşqədəm xanımın verilişi qabağa düşüb, amma onu yamsılayanlar çoxalıb. Həmin verilişlər bu dəqiqə “naqolay” vəziyyətdə görünürlər. Veriliş kifayət qədər sevilir. Müsbət tərəfləri çoxdur. Amma bəzən mənəviyyatla, əxlaqla bağlı elə şeylər olur ki, (Xoşqədəm xanımın özünə də demişəm bu barədə) onlar olmasa yaxşıdır. Məsələn, biri çıxır, ağlayır ki, “mənim yoldaşım başqasıyla danışıb, ona qoşulub qaçıb, onu tapın, yalvarıram, onu bağışlayacam”. Bir az diqqətli olmaq lazımdır ki, belə hallar xalqın mənəviyyatına pis impuls verməsin. Qalan hər şeydə bir vətəndaş kimi dəstəkləyirəm. Düşünürəm ki, cəmiyyətin arxa, iç üzünü göstərir və aydın olur ki, ölkədən çıxıb getməyin hansı fəsadları var. Ümumən, düşünürəm ki, veriliş cəmiyyətimizin həyatında müsbət rol oynadı”.

Seyran Səxavət (yazıçı): “Mən verilişin ilk buraxılışlarında iştirak etmişəm. Əvvəllər adı “Sən tək deyilsən” idi. Elə o vaxtdan da izləyirəm. Veriliş maraqlıdır, söz yoxdur. Lakin düşünürəm ki, verilişə baxan tamaşaçı sağlam olmalıdır. Sağlam insanlar üçün daha yaxşı, baxılmalı, daha çox nəticə çıxarılmalı verilişdir. Düşünürəm ki, lazımlı bir proqramdır, tamaşaçılar da sevir, izləyir. Uzun illər, müxtəlif, obyektiv və subyektiv səbəblərdən bir-birinə həsrət qalmış adamları görüşdürməkdən yaxşı nə ola bilər? Bu mənada bunun savabı da böyükdür. Yəqin ki, Xoşqədəm xanım və kollektivinə cənnətdə böyük bir ərazi verəcəklər”.

Zakir Fəxri (şair): “Mən Xoşqədəm xanımı “Səni axtarıram” verilişinə görə yox, özünün aparıcılıq qabiliyyətinə görə, yüksək qiymətləndirirəm və təbrik edirəm”.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi