Fəxrəddin Orxan
Bir çoxunun adam olmaqdansa alim olmağın asan başa gəldiyini dərk etdiyi müasir Azərbaycanda kitabdan dəftərə, cibdən-cibə köçürmə yolu ilə elmlər namizədi, yaxud elmlər doktoru adını alması məni də qıcıqlandırıb. Hərdən dəli şeytan mənə deyir ki, sən də ətəyindən daşı tök və dissertasiya müdafiə eləyib alim ol.
Mən isə alimi adamından çox olan ölkədə ətəyimdən tökdüyüm daşı Dəli Şeytana atmaq istəyəndə qeybdən səs eşidirəm:
- Adə, məmurlarımız daş-başa öyrəndikləri kimi Dəli Şeytan da daşa öyrənib. Yaxşısı budur ki, ətəyinin daşını yox, öz başını bir balaca işə qoş. Alim ol.
Mən də son günlərdə “Qədim atalar sözlərimizin müasir şərhi” mövzusunda dissertasiya üzərində baş sındırıram. İnşallah, beş-on günə Sizi müdafiə mərasiminə dəvət edəcəm. Çünki elmi işim hazır olmasa da maddi işim tam hazırdır. İndi isə həmin dissertasiyadan bəzi sitatları Sizə də təqdim edirəm.
1. “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir.”
- Bu o deməkdir ki, Qarabağ torpaqları boyda irinli yarası olan Azərbaycanın cavan-cavan oğulları müəmmalı yollarla Suriyadakı müharibədə iştirak edirlər, döyüşürlər, yaralanırlar və ölürlər. Ölənlərin sayı isə 100-dən artıqdır.
2. “Kor kora kor deməsə, bağrı çatlayar.”
- İran İslam Respublikasında benzinin litri 7 min rial, bizim pulla 20 qəpik, solyarkanın 1 litri 3 min 500 rial, yəni azərbaycanca 10 qəpikdir. Şayiə yayılıb ki, bu ölkədə yanacaq bahalaşmalıdır. Bu günlərdə ANS telekanalının aparıcısı xüsusi intonasiya ilə məlumat verdi ki, neft ölkəsi olan İranda benzinin qiyməti qalxacaq. Dünyadan bixəbər key Balaxanım da deyir ki, kaş bizim ölkəmiz də neft ölkəsi olaydı.
3. “Yağmasa da guruldayır.”
- Yəni pensiyaçılara şad xəbər:
Aldıqları pensiyaların sığorta hissəsi artıb. Həm də ötən ilki inflyasiyanın həddində - 2.4% (Görəsən, qəpik-quruşun 2.4 faizinə neçə kibrit almaq olar?).
4. “Dovşana “qaç” deyir, tazıya “tut” deyir.”
- Əlini çağırıb deyirlər ki, səni filan vəzifəyə qoyuruq, işlə, amma rüşvət alma. Vəlini də çağırıb deyirlər ki, Əlini başa sal ki, aylığı da, illiyi də vaxtında və qədərində çatdırsın. Yoxsa onu... (Ardını yazmaq qanacaqsızlıqdı.)
5. “Ağanəzərəm, belə gəzərəm.”
- Bu atalar sözü bizim məmurların iş prinsipinin əsas tezisi kimi qəbul olunmalıdır.
6. “Çörəyi ver çörəkçiyə, birini də üstəlik.”
- Yəni, vəzifəni ver rüşvətxora, özünə də xüsusi imtiyaz bəxş eləyib yaxşı şərait yarat.
7. “Arxalı köpək qurd basar.”
- Bu atalar sözü o qisim kiçik məmurlara aiddir ki, arxalarında biri-birindən zırpı çinovniklər durur (Hərçənd ki, çinovnik də məmur deməkdir).
8. “Beşdə alacağı yox, üçdə verəcəyi.”
- “Bekar kişilər” operasında arvadların ariyası.
9. “Yazıya pozu yoxdur.”
- Rüşvətxor hakimin çıxartdığı haqsız qərarlara yuxarı instansiyaların cavabı məhz bu məzmundadır.
10. “Adımı sənə qoyum, qalasan yana-yana.”
- Yəni, böyük məmur kiçik məmuru qudurğanlıqda, rüşvətxorluqda, işbilməzlikdə, nadanlıqda suçlayıb üzünə tüpürür və kabinetdən qovur.
11. “Şamaxı batan kimi batdı.”
- Şərhi gələn sayımızda.