Kür çayının daşması ilə əlaqədar sel basmış yaşayış məntəqələrindən 4000 nəfərə yaxın insan müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb. Modern.az vu barədə Səhiyyə Nazirliyinə istinadla xəbər verir. Nazirliyin məlumatına görə, əhalinin müvəqqəti məskunlaşma yerlərində ilk gündən tibb məntəqələri yaradılıbş, ixtisaslı tibb işçiləri ilə kompleksləşdirilib və lazımi dərman vasitələri ilə təmin olunub. Hazırda respublikanın 9 rayonunda 16 tibb məntəqəsi və 20 dən çox səyyar tibb briqadaları fəaliyyət göstərir. Bu günə kimi bu məntəqələrə müvafiq somatik xəstəliklərlə əlaqədar 50 mindən çox müraciətlər olub və onlara lazımı tibbi yardım göstərilib. “Bu müddət ərzində yoluxucu xəstəliklərlə əlaqədar müraciətlər olmayıb, infeksion xəstəliklər qeydə alınmayıb”. Nazirlikdən bildirilib ki, əhalinin kütləvi məskunlaşdığı yerlərdə su və qida ilə təminat məsələləri daima diqqət mərkəzindədir. Əksepidemik rejimə ciddi əməl olunur. Ərazilərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılıb. Su basmış ərazilər qurudulduqdan sonra bu tədbirlərin geniş miqyasda aparılması nəzərdə tutulub. “Məlumat üçün xatırladaq ki, hadisələrin ilk günündən Səhiyyə Nazirliyində müvafiq əmrlə operativ qərargah yaradılıb, tədbirlər planı hazırlanmış və daimilik prinsipi əsasında yüksək ixtisaslı mütəxəssislər yerlərə ezam olunub. Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoprofilaktik tədbirlərin və psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər”. Hadisələr başlanan gündən bu günə kimi stasionar şəraitində 50- dən çox uşaq doğulub. “Dünyaya gəlmiş uşaqların, eləcə də anaların sağlamlığı daima həkim nəzarətindədir. Zahı qadınların bəziləri dərman, geyim, birdəfəlik bezlər, yeni doğulmuşlar üçün geyim və yataq dəstləri, xüsusi uşaq yeməkləri, həmçinin uşaq arabaları ilə təmin olunaraq evə buraxılmışlar”-deyə nazirliyin məlumatında qeyd edilib. Sel basmış ərazilərdən Şirvan şəhərində 1600 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb (çadır şəhərciyində - 1221 nəfər, texnikum binasında 229-nəfər, peşə liseyi binasında 130 nəfər). Bunlardan 626 nəfəri uşaqlardır. Şirvan Mərkəzi Rayon Xəstəxanasında 24 doğuş olub. Hazırda 44 nəfər xəstə həmin xəstəxanada stasionar müalicədədir. 3 nəfər cərrahi əməliyyat olunub (kəskin appendesit diaqnozu ilə). “Dərman təchizatı yaxşıdır, əksepidemik rejimə ciddi nəzarət olunur, su və qidadan nümunələr götürülərək, müvafiq qaydada Bakı şəhərinə müayinəyə göndərilir. Sabirabad rayonunun sel basmış kəndlərindən 1769 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılmışlar ( Moranlı çadır şəhərciyində - 129 nəfər, digərləri rayon mərkəzindəki 5 orta məktəbdə). Hər bir məskunlaşma yerlərində tibb məntəqələri yaradılmışdır”-deyə nazirlik bəyan edib.
Modern.az