Modern.az

Xocavəndin icra başçısı: “Ali Baş Komandanın əmrini gözləyirik” - MÜSAHİBƏ

Xocavəndin icra başçısı: “Ali Baş Komandanın əmrini gözləyirik” - MÜSAHİBƏ

7 Aprel 2014, 14:21

Eyvaz Hüseynov “İlham Əliyev tariximizə torpaqlarımızı azad edən sərkərdə kimi düşəcək”

Modern.az saytı işğal olunmuş rayonların İcra Hakimiyyəti başçıları ilə müsahibələri davam edir. Növbəti müsahibimiz  Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan VKC növləri üzrə karate federasiyasının I vitse-prezidenti, Qarabağ müharibəsi veteranı Eyvaz Hüseynovdur.

Eyvaz Hüseynov Dağlıq Qarabağ münaqişəsi başlanan ilk gündən bölgədə erməni seperatçılarına qarşı aparılan mübarizənin ön sıralarında olub, azərbaycanlı yaşayış məntəqələrinin müdafiə olunması məqsədilə özünümüdafiə dəstəsi yaradıb və bu dəstənin komandiri kimi ərazidə Ermənistan ordusuna qarşı həyata keçirilən bütün döyüş əməliyyatlarına rəhbərlik edib, bu döyüşlərdə yaralanıb.

Xocavənd rayonu haqqında qısa məlumat:  Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Rayonun ərazisi 1458 kvadrat kilometrdir. Azərbaycanın kənd təsərrüfatı rayonlarından hesab olunan Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən tam olaraq işğal edilib. İşğal nəticəsində azərbaycanlılara məxsus 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti və çoxlu sayda tarixi abidələr dağıdılmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
Hazırda rayon əhalisi ölkənin 36 rayonunda, əsasən Beyləqan rayonun yaxınlığında salınmış dörd qəsəbədə  məcburi köçkün  kimi məskunlaşıblar. 2008- ci  ildə inşa olunmuş Xocavənd qəsəbəsi mərkəz kimi fəaliyət göstərir və rayonun bütün idarəetmə strukturları da burada yerləşir.  Rayon əhalisinin 11500 nəfərini azərbaycanlılar təşkil edir.

- Eyvaz müəllim, xocavəndlilər müxtəlif rayonlarda məskunlaşıdığıdan təbii ki çoxlu çətinliklər var. Bu sahədə vəziyyət necədir? 

- Bildiyiniz kimi mənfur qonşularımızın və onların havadarlarının hərtərəfli dəstəyi ilə təcəvüzə məruz qalaraq öz yurd yuvalarından zorla çıxarılmış, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun təmin olunması istiqamətində ölkəmizdə çox böyük işlər həyata keçirilir və demək olar ki, bütün məcburi köçkünlər Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bu istiqamətdə cənab Prezidentin məlum sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramları və ona edilmiş əlavələr vardır ki, bu gün bu proqramların icrası  uğurla davam etdirilir. Biz də ilk növbədə bu proqramlardan irəli gələn məsələlərin icrası istiqamətində öz işimizi qururuq. Yəni rayon sakinlərinin işlə təmin olunmaları üçün yeni iş yerləri  açılır, onların idarəetmə və xidmət sahələrində işlə təmin olunmaları üçün lazımi şərat yaradılır. Eyni zamanda kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün onlar üçün torpaq sahələri də ayrılıb. Qeyd etdiyim kimi digər rayonlarımızda da xocavəndlilər məskunlaşıblar və bu da təbii olaraq bir sıra çətinliklər yaradır lakin bütün bunlara baxmayaraq biz onlarla mütəmadi olaraq əlaqə saxlayır, səyyari görüşlər keçiririk. Həmin rayonların hər birində eyni zamanda  Bakı şəhərində bizim nümayəndəliyimiz vardır ki, onların da fəaliyyəti əsasən rayon sakinlərinin üzləşdikləri  problem və çətinliklərin tez bir zamanda aradan  qaldırılmasına yönəlib. 

- Məcburi köçkünlər demək olar ki, bütün rayonlarda məskunlaşıblar. Xocavəndlilərin bir araya gəlməsi üçün hansı tədbirlər görürsünüz?

- Əvvəlki illərdə, yəni rayon sakinlərinin müxtəlif yerrlərdə məskunlaşmaları səbəbindən onların görüşmələri, bir – biri ilə sıx münasibətdə olmaları demək olar ki, mümkünsüz bir hal almışdı. Yalnız yas mərasimlərində və ya xeyir işlərdə bu baş verirdi. Lakin məcburi köçkünlər yeni salınmış qəsəbələrdə evlə təmin olunduqdan sonra bu çətinliklər qismət aradan qalxmış oldu. Eyni zamanda müxtəlif tədbirlər, anım mərasimləri  keçiririk ki, bu tədbirlərdə demək olar ki,  rayon sakinlərinin böyük əksəriyyəti iştirak edirlər. Ancaq bu insanları əvvəlki qaydada yaşamaq üçün öz dədə-baba yerlərinə qayıtmalıdırlar. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu problem tam olaraq aradan qalxacaqdır.

- Rayonların bir çoxunda insanlar müxtəlif problemlərlə bağlı qurumlara müraciət edirlər. Bəs xocavəndlilər daha çox hansı problemlərinə sizə üz tuturlar?

- Mən onu deyə bilərəm ki, bizim elə də ciddi problemlərimiz yoxdur. Demək olar ki, problemlərin çoxusu həll olub. Başlıca problemlərdən biri yaşayış yerləri ilə bağlı idi. Qeyd etiyim kimi artıq  rayonsakinlərinin müvəqqəti yaşamaları üçün çox gözəl qəsəbələr salınıb. Həmin qəsəbələr işıqla, qazla, su ilə təchiz olunub. Hazırda yeni bir qəsəbə də tikilir. Bundan başqa, insanların əsasən müxtəlif arayışların alınması, işlə təmin olunma və ya şəxsi problemləri ilə  bağlı müraciətləri  olur ki, bunların da qanuna müvafiq şəkildə həll olunması tərəfimizdən təmin olunur.

Amma bir daha qeyd etməliyəm ki, hansısa ev, var, dövlət insanların dədə-baba yurdunu əvəz edə bilməz. Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz öz toroaqlarımızı azad edəcəyik.

- Ümumi stastistikaya görə, məcburi köçkün rayonlarında təhsilin səviyyəsi arzuolunan deyil ki, bunun da obyektiv səbəbləri var. Sizin rayonda bu sahədə vəziyyət necədir?

- Bizim təhsil müəssisələri haqqında onu deyə bilərəm ki,  rayon məktəbləri çox gözəl binalarda yerləşir. Böyük məsuliyyət və fəxr hissi ilə qeyd etmək istəyirəm ki,  Xocavənd qəsəbəsində inşa olunmuş məktəbin 2008-ci il oktyabr ayının 4-də baş tutan açılış mərasimində cənab möhtərəm Prezidentimiz İlham Əliyev  və xanımı Mehriban Əliyeva ilə birlikdə iştirak edib. Məktəblərimizdə fəaliyyət göstərən müəllimlərin çoxu öz rayonumuzdandır və yüksək savada və intellektə sahib müəllimlərdir. Bir faktı qeyd edim ki, 2013-cü ildə ali məktəblərə qəbulun yekununa görə Xocavənd 2 saylı tam orta məktəbi yüksək nəticə əldə edib. Ancaq bəzi ixtisaslar üzrə müəllim çatışmazlığı var və bunun üçün müraciət etmişik. Tezliklə bu problem də aradan götürüləcək.  Ali ixtisaslı kadrların çatışmazlığı səhiyyə sahəsində də müəyən çətinliklər yaradır . Lakin  qeyd etməliyəm ki,  Rayon xəstəxanalarında vəziyyət olduqca yaxşıdır. Qəsəbəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana fəaliyyət göstərir. Əhalinin oraya gəlişi də davamlıdır. İnsanlara yüksək səviyyədə xidmət olunur.  Lazım olduqda cərrahi əmməliyyatlar da aparılır.

- Başqa rayonlarda məskunlaşan xocavəndlilərin problemlərini həll etmək üçün o rayonların İcra Hakimiyyəti başçıları ilə əlaqələr yaradırsınızmı?

- Bizim digər rayon icra başçıları ilə münasibətlırimiz olduqca yaxşıdır. Onlarla sıx əlaqələrimiz var. Tez-tez toplaşıb müəyyən tədbirlər keçiririk. Bu yaxınlarda Kəlbəcərin işğalı ilə bağlı Bakı şəhərində anım mərasimi keçirildi. Belə tədbirlərdə bütün məcburi köçkün rayonlarının İcra Hakimiyyətlərinin başçıları bir yerə yığışır. Eyni zamanda “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə birgə tədbirlərimiz olur. Digər rayonlarda məskunlaşmış rayonumuzdan olan məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli və aradan qaldırılması ilə  bağlı həmin rayonların İcra Hakimiyyətlərinə etdiyimiz müraciətlər hər zaman böyük diqqət və həssaslıqla yanışılır.

- Eyvaz müəllim, siz döyüşçü ailəsi olmusunuz. Özünüz də müharibədə iştirak etmisiniz. Sizcə, bu gün Azərbaycan gənclərinin gerçək vətənpərvərlik ruhu necədir?

- Mən belə düşünürəm ki, bizim gənclər vətənpərvərdirlər. Ordu quruculuğunda aparılan işlər gənclərimizə də təsir edir.
Ancaq torpaqlarımız işğal altındadır. Bununla kifayətlənmək olmaz. Belə düşünürəm ki, bu istiqamətdə də ciddi işlər görülməlidir. Çünki bizim Qarabağ kimi müqəddəs torpaqlarımızın geri qaytarılması, düşməndən azad olunması kimi bir məsələmiz var. Bu torpaqların qaytarılması üçün gənclərimizin üzərində böyük vəzifələr durur. Bu istiqamətdə onlar daha yaxşı yetişməlidirlər. Bunun üçün orta məktəbdən başlayaraq, şagirdlərə vətənpərlik hissini aşılamaq lazımdır. Mən inanıram ki, müharibə başlasa, cənab Ali Baş Komandan döyüş əmri versə, bizim bütün gənclərimiz torpaqlarmızı azad etmək üçün döyüşə gedəcəklər. Bütün xalqımız kimi hər gün, hər saat, hər an Qarabağı düşünürük. Bizim yer cəbhə xəttinə çox yaxındır. Tez-tez təmas xəttində oluram. Qarabağın havasını udanda özümü tamam başqa cür hiss edirəm. Burdan dağlar görünür. Ancaq uzun illərdir ki, hər birimiz həmin yerlərə, həmin dağlara qayıtmaq həsrəti ilə yaşayırıq. Bu həsrəti mütləq qırmalıyıq. Biz mütləq və mütləq öz yurd-yuvamıza qayıtmalıyıq. Bunun üçün hər bizimiz Ali Baş Komandanımızın əmrini gözləyirik.



Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi