Modern.az

Yanukoviç Rusiyaya qaçdı… Bəs Putin hara qaçacaq..?

Yanukoviç Rusiyaya qaçdı… Bəs Putin hara qaçacaq..?

Dünya

7 Aprel 2014, 19:20


Kamran Məhərrəmli
“Qafqaz Xəbər Agentliyi”nin baş redaktoru 

Son bir neçə ayda Ukraynada baş verənlər dünyanın diqqət mərkəzindədir. Bütün dövlətlər keçmiş  sovet respublikasında baş verənləri diqqətlə izləyərək özləri üçün nəticə çıxarır və lazım olan addımları atırlar. 

Bizdə isə politoloqların əksəriyyəti Ukraynada baş verənlərin guya bizə  “isti-soyuğu” olmadığını sübut eləməyə çalışırlar. 

Birincisi, Ukraynada nə baş verdiyini araşdırmağa çalışaq. Bu məsələdə də fikirlər haçalanır. Təhlilçilərin çoxu  Ukraynada baş verən proseslərin guya Qərb ölkələri, əsasən ABŞ tərəfindən körükləndiyini qabartmağa çalışırlar. Yəni Ukraynada gedən proseslərdə “kənar barmaq zi”  axtarırlar. Əlbəttə, həmişə baş verən prosesdə maraqlı tərəflər olub, olur və olacaq. Bu təbiidir və az qala aksiomadır. Bunun əksini düşünmək siyasi cəhətdən ən azı sadəlövhlük, siyasi naşılıq olardı. 

Ancaq onu da düşünmək lazımdır ki, hansı xarici qüvvə, hansı barmaq, hansı pul...yüz minlərlə insanı 40 dərəcə şaxtanın altında, bütün gecəni, həm də bir neçə ay dayanmadan, fasiləsiz olaraq meydanda saxlaya bilərdi?.. 

Deməli, ortada xalqın iradəsi var idi. İnsanlar ölkədə baş verən qanunsuzluqlardan, ədalətsizlikdən, korrupsiyadan, rüşvətxorluqdan və digər neqativ hallardan bezmişdilər. İnsanları meydana çıxardan, aylarla ayaq üstdə saxlayan məhz bu məsələ idi, xarici güclər deyildi. Yoxsa, "Qərbin sifarişi idi", "ABŞ-ın barmağı var idi" kimi bəsit söhbətlərin yeri yoxdur. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, bu prosesdə öz marağını güdənlər həmişə olub və olacaq. 

Əsas məsələ odur ki, Ukraynada mövcud olan Yanikoviç iqtidarı xalqın bütün səbrini daşırmışdı, xalq xilas olmaq istəyirdi. Və nəticədə Ukraynada inqilab baş verdi. 


Bəzi qüvvələr bilərəkdən prosesdə iştirak edən kriminal elementləri qabartmağa çalışır. Bununla baş verən proseslərə kölgə salmaq istəyirlər. Başa düşmək lazımdır ki, yüz minlərin, milyonların qatıldığı proseslərdə həmişə, tarix boyu kriminal elementlər olub və qısa müddətdən sonra geri çəkilirlər. Yəni o boyda inqilabi prosesi gah kənar-xarici qüvvələrin, gah da kriminal elementlərin adı ilə bağlamaq gülüncdür. 

Ukraynada baş verənləri kənar qüvvələrin, ya da kriminal elementlərin adı ilə bağlamaqda ən çox Rusiya tərəfi maraqlı idi. Bu da təbiidir. Rusiya, daha dəqiq desək, Vladimir Putin iqtidarı Ukraynada baş verənlərdən niyə təşviş düşmüşdü? Putini və ətrafını qorxudan nə idi?.. 

Məlumdur ki, obrazlı desək Kiyev rus şəhərlərinin anasıdır. Və heç kimə sirr deyildi ki, Ukraynada baş verənlər çox qısa müddətdən sonra Rusiyada öz təsirini birbaşa göstərəcəkdi, sürətlə Rusiyaya yayılacaqdı. Bu isə Putinin və onun kriminal ətrafının sonu demək idi. 

Əslində, Putinə Krım, ya da Sevastopol lazım deyildi, söhbət heç Rusiyanın dövlət marağından da getmirdi. Putinə özünü və ərtafını qorumaq lazım idi. Putin gözəl başa düşürdü ki, Yanukoviçin qaçmaq, canını qurtarmaq üçün Rusiyası var. Bəs Putin hara qaçacaq? 

Putin məhz  Yanukoviçin aqibətini göz önünə gətirib bu addımları atdı. 

Digər tərfədən Putin özbaşına deyil və belə hərəkətləri təkbaşına, icazə olmadan edə bilməzdi. Putində bir əminlik var idi. Unutmaq olmaz ki, Qərbin özündə bu işlərdə çox ciddi marağı olan və Putinə arxa duran qüvvələr var. 

O ki qaldı Ukraynada baş verənlərin biz dəxli olub-olmaması və Azərbaycan nəyə hazır olmalıdır  məsələsinə, bu, başqa bir yazının mövzusudur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü