Modern.az

Dövlət qurumlarının mətbuat katibləri: politoloq, iqtisadçı, ərəb dili müəllimi - SİYAHI

Dövlət qurumlarının mətbuat katibləri: politoloq, iqtisadçı, ərəb dili müəllimi - SİYAHI

8 Aprel 2014, 14:02



Mətbuat elə bir sahədir ki, ora yalnız qələmi və yazmaq istedadı olan kəslər daxil ola bilir. Bəlkə də buna görədir ki, bu gün oxuduğu sahə, peşədə özünü tapa bilməyənlər qələmlərinin gücü ilə mətbuatda çığır salıb, karyera qururlar. Hətta mediaya sadə müxbir kimi gəlib nazirliklərə, dövlət idarələrinə mətbuat xidməti vəzifəsinə təyin olunanlar da az olmayıb. Elə biz də bu dəfə fərqli peşə sahibləri olan mətbuat xidmətlərindən yazmaq qərarına gəldik. Bu məqsədlə Modern.az saytı qısa bir araşdırma aparıb.

Araşdırmamız nəticəsində məlum oldu ki, gündə bir neçə dəfə ünsiyyət qurduğumuz mətbuat xidmətləri arasında bir neçə diploma sahib olan siyasətçidən tutmuş ərəb dili müəllimi ixtisasına sahib olanlar var. Odur ki, başladıq araşdırmağa....

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi sözçüsü Zöhrə Əliyeva mətbuat sahəsinə gələn qeyri-peşə sahiblərindəndir. O, indiki Bakı Slavyan Universitetinin tələbəsi olub. Həmçinin Şamaxı Rayon Qaravəlli  kənd orta məktəbində müəllim işləyə-işləyə jurnalistika ilə də məşğul olub. Belə ki, o, “Yeni Şirvan / Novıy Şirvan” rayon qəzetinin müxbir-tərcüməçi vəzifəsini yerinə yetirib.  Uzun İllər Az TV-də çalışıb. Zöhrə Əliyeva uzun müddət Azərbaycan Televiziyasının “Səhər” musiqili-informasiya proqramının ən populyar aparıcılarından biri olub. Televiziyada sonrakı fəliyyəti isə Lider Televiziyası ilə bağlıdır.  Lider Tv-də "Axşam çağı" verilişi ilə tamaşaçıların görüşünə gələn Zöhrə Əliyeva elə bu verilişlə də seyirçilərin ürəyinə yol tapdı. Həmkarımızın nailiyyətlərini saymaqla bitirmək olmaz. Çünki o, da ikinci diplom alanlardandır.
Azərbaycan Dillər Universitetinin “Xarici ədəbiyyat” kafedrasının baş müəllimi kimi “Dünya ədəbiyyatı” və “Azərbaycan ədəbiyyatı ” fənlərindən mühazirələr oxuyan Zöhrə Əliyeva həm də bu universitetdə ikinci təhsil alıb. Zöhrə Əliyeva həm də Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisidir.
Filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva 2005-ci ildən Mədəniyyət və Turizm Nazirliyində aparıcı məsləhətçisi, 2011-ci ildən baş məsləhətçi – mətbuat katibi vəzifəsində çalışır. Zöhrə Əliyeva  KİVHİ-nin təsis etdiyi “Qızıl Qələm“ media mükafatı laureatı,  2012-ci ilin “İlin mətbuat xidməti” fəxri mükafatçısıdır. Eyni zamanda Turizm İnstitutunda müəllim kimi də fəaliyyət göstərir. Onu da peşəkar mətbuat xidməti olaraq tanıyırıq. Məlahətli səsi ilə hər zaman telefonlarımızı cavablandıran Zöhrə Əliyevanı məhz bu səbəbdən mətbuata yeni gələn həmkarlarım canlı görmək istəyir. Təbii ki, ictimaiyyətlə daim ünsiyyətdə olan nazirlik rəsmisi sanki bu istəkləri duyaraq onları qonaq kimi qarşılamaqdan məmnundur.

İxtisasca politoloq olan mətbuat katibləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sözçüsü Müşfiq Əmirov da var. Bütün jurnalistlərin yaxşı tanıdığı M. Əmirov RYTN-də uzun müddətdir çalışır. Media əhli ilə yaxşı rabitəsi var və istənilən jurnalist istədiyi vaxt onun mobil telefonuna zəng edib, sualına cavab tapa bilir. Nazirlikdə bu vəzifəyə təyin olunandan indiyədək M. Əmirov Azərbaycanda mətbuata ən açıq mətbuat katiblərindən biri kimi tanınır. Hətta jurnalistlərə təmsil etdiyi nazirliyin qurumları ilə yaranmış problemlərini aradan qaldırmağa da kömək edir.

Televiziyada ilk baxışdan jurnalistika təhsili almış təəssüratı yaratsa, demə, o da bu sahənin adamı deyilmiş. Çoxları onu İctimai Televiziyada efirə gedən “Açıq dərs” proqramının aparıcısı kimi tanımışdı. Amma onun barəsində bilmədiyimiz çox şey var. Elə özünün dediyi kimi, onun diplomlarını saymaqla bitirmək olmaz. Söhbət Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan gedir. Fəlsəfə elmləri namizədi, politoloq, hüquqşünas olan həmkarımızın həm də 10 illik jurnalistika fəaliyyəti var. Bəzilərindən fərqli olaraq Cəsarət Valehov aldığı 4-5 diplomu tozlanmağa da qoymayıb. Belə ki, müxtəlif vaxtlarda proseslərə yeri gələndə, politoloq kimi də münasibət bildirib. Bir sözlə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərini canlı  ensiklopediya da adlandırmaq olar.

Bakının enerji təchizatını həyata keçirən “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də siyasətdən gəlib. O, özünü daha çox diaspor siyasətində sınayıb. Ötən əsrin 90-cı illərində Moldovada Azərbaycan diasporunu yaradan T. Mustafayev Azərbaycan həqiqətlərini rumın dilində ilk dəfə Avropaya yayımlanmasını təşkil edib. 2002-ci ildə keçmiş “Barmek” şirkətinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Sonra fəaliyyətini “Bakıelektrikşəbəkə”də davam etdirən T. Mustafayev siyasi istiqamətindən, mövqeyindən asılı olmayaraq, bütün KİV-lərlə ən yaxşı əlaqəyə malik mətbuat xidməti rəhbəri hesab olunur. Son bir ildə mətbuat katibi fəaliyyətini bir qədər məhdudlaşdırmasına baxmayaraq, jurnalistlər onun barəsində belə deyirlər: “Tanrıverdi Mustafayev eyni zamanda iki telefonda jurnalistlərin suallarını cavablandırır”.

2010-cu ildən Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsində çalışan Mais Piriyev Bakı Dövlət Universitetini ərəb dili müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetini isə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 2001-ci ildən mətbuat sahəsində çalışır. “Yeni Azərbaycan” qəzetində, AzərTAc-da və İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev jurnalistikaya iki diplomla gəlib. Qeyri-ixtisas sahibi olsa da, jurnalistlərlə çox gözəl dil tapan Elman Babayev günün 24 saatı bütün jurnalistlərin suallarını cavablandırır. İqtisadiyyat və rabitə sahəsi üzrə təhsil alsa da, mətbuata olan sevgisi onu 3 il jurnalistika kurslarına getməyə sövq edib. Beləcə, düz 12 il jurnalist kimi fəaliyyət göstərib. Müxbir fəaliyyətinin bəhrəsini ilk dəfə Dövlət Sosial Müdafiə Fondunda görən Elman Babayev hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla çiyin-çiyinə işləmək şansı qazanıb.

İki diplomlu mətbuat katiblərindən biri də Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənovdur. O, uzun illərdir ki, jurnalistlərə mətbuat xidməti göstərənlərdəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirən həmkarımız eyni zamanda AMEA-nin İqtisadiyyat İnstitutunun aspiranturasını da başa vurub. Bir sözlə, diplomları çin-çin yığan Namiq Həsənovun jurnalistika fəaliyyəti də məhsuldar olub. O, “7 gün” qəzetinin redaktoru, sonralar isə 3 il” Lider” Televiziyasında “167-ci saat” verilişinin aparıcısı olub.
Jurnalistika fəaliyyəti zamanı Zərdabi mükafatına, ən ciddi veriliş aparıcısı kimi isə “Simurq” mükafatına layiq görülüb. Yeganə mətbuat xidməti rəhbəridir ki, həm də Vergilər Nazirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri olub. 2003-cü ildən isə Nəqliyyat Nazirliyinin Katiblik rəisidir – yəni mətbuat katibi. Onunla tez-tez əlaqə saxlayan jurnalistlərə bir informasiya da vermək istəyirəm. Namiq Həsənovu az-çox tanıyanlar bilsinlər ki, o, həm də Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının paytaxtı Linkoln şəhərinin fəxri vətəndaşıdır. Haqqında deyək ki, vəzifəsinin öhdəsindən heç də pis gəlmir. Nə zaman istəsən, hansı sualı versən anındaca cavab ala bilirsən.    

Ölkənin ən böyük güc strukturu olan Müdafiə Nazirliyinin mətbuat xidmətinə bir vaxtlar Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyasi jurnalistika fakültəsini bitirən 10 nəfər azərbaycanlı zabitdən biri rəhbərlik edir. Yenicə bu vəzifəyə təyin olunan Vaqif Dərgahlı ixtisasca hərbi jurnalist və polkovnik-leytenantdır. Həmkarımızın iş fəaliyyətinə hələ ki, qiymət vermək bir balaca çətindir. Necə deyərlər yaşayarıq, görərik...

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  ixtisasca jurnalist deyil, siyasi elmlər üzrə təhsil alıb və hazırda diplomat kimi fəaliyyət göstərir. İşləmək üçün üz tutduğu ilk nazirliyin sonralar daimi üzvünə çevrilir. O, artıq 15 ildir ki, Xarici İşlər Nazirliyində çalışır.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinin rəisi Mehdi Mirsəlimov da Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Yəni o da qələm əhlindən sayılmır. Texniki elmlər doktoru olan Mehdi Mirsəlimovun şöbəsinin əməkdaşlarını da jurnalistlərin dostu adlandırmaq olar.

Artıq bir neçə ildir ki, Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Azər Mənsimli bu vəzifədən əvvəl jurnalistikada sonra is' siyasətdə olub. İxtisasca politoloq olan A.Mənsimli əvvəllər "Rezonans", "Teleskop", "Üç nöqtə" qəzetlərində çalışıb. Sonralar Ana Vətən Partiyasında da təmsil olunmuş A.Mənsimli artıq uzun müddətdir ki, nazirliyin rəsmisi kimi fəaliyyət göstərir.

“Space” televiziyasında efirə gedən “Günaydın” verilişi ilə hamının qəlbinə yol tapan Səmayə Məmmədova da mətbuat xidməti vəzifəsinə jurnalistikadan gəlməyib. Bütün vasitələrlə, istər şəhər, istər mobil, istərsə də sosial şəbəkə vasitəsilə mətbuatın suallarını bir neçə dəqiqədə cavablandıran Səmayə Məmmədova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini  bitirib. Onun magistr təhsili aldığı ixtisasına görə həmkarımız da saymaq olar. Böyük Britaniyanın Nyukasl Universitetində media və ictimaiyyətlə əlaqələr üzrə magistr təhsili alıb. 1999-2003-cü ilə kimi “Space” televiziyasında aparıcı kimi fəaliyyət göstərib. Bir müddət Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı, 2005-2007-ci ilə kimi isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2007-ci ildən isə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.   

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə ixtisasca iqtisadçı olmasına baxmayaraq, neçə illərdir ki, özünü mətbuatla əlaqələrdə sınayır. İnsafən, pis də alınmayıb. Hətta iş o yerə çatıb ki, bəzi jurnalistlər hökumətə, yəni Nazirlər Kabinetinə dair sualları da ona ünvanlayırlar. A. Əliyev arada bir bədii yaradıcılıqla da məşğul olur. Onu digər həmkarlarından fərqləndirən keçirilən hər hansı bir tədbir barədə əvvəlcədən jurnalistlər üçün press-reliz hazırlamasıdır. Tədbirə qulaq asmayan və ya gecikən jurnalistlər arxayındırlar ki, press-relizdə hər şey yazılıb, narahat olmağa dəyməz.
Qeyd edək ki, A. Əliyev Azərbaycanın hökumət strukturları arasında bir qurumda eyni vəzifədə ən çox çalışan mətbuat xidməti rəhbərlərindən biridir. O 2012-ci ildə ən yaxşı mətbuat katibi, 2013-cü ildə isə dövlət qulluğunda fəqlənməyə görə medalı ilə təltif olunub.


Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi