Modern.az

Məmurlar parlament seçkilərinə hazırlığa başladılar

Məmurlar parlament seçkilərinə hazırlığa başladılar

9 Aprel 2014, 09:05


Modern.az saytının məlumatına görə, bir neçə aydır ki, Azərbaycanda bəzi yüksək çinli məmurlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı mübarizəyə atılıblar.

İndi onların savaşı daha çox media müstəvisindədir. İnternet mediasının aparıcı olduğu zamanda elə iri məmurlar daha çox bu resurslardan yararlanmaq niyyətindədirlər.

Bunun nəticəsidir ki, demək olar ki, bu gün iri məmurların hər biri Azərbaycanda internet media sahibidir.

Təbii ki, bu məmurlar sıradan olan məmurlar deyil. Bu, o məmurlardır ki, növbəti parlament seçkilərində öz adamlarını Milli Məclisdə görmək istəyirlər.

Əslində dünyanın bir çox ölkəsində məhz bu cür imkanlı adamların həm də media maqnatları kimi tanınması adi haldır. Azərbaycanda isə bu və ya digər məmurun media sahəsinə belə demək mümkünsə, vəsait ayırması son dərəcə qəribə qarşılanır. Əlbəttə, bunun da obyektiv və subyektiv səbəbləri var. Hər hansı məmur bu addımı atırsa, dərhal bunu həmin şəxsin medianın inkişafından daha çox şəxsi maraqlarını müdafiəsini düşündüyü iddiası ortaya atılır.

Bu iddianı da indiki situasiyada normal qarşılamamaq mümkün deyil.

Digər tərəfdən, bu iddianı sübut edəcək faktlarla da zaman-zaman rastlaşmışıq.

Onu da etiraf etmək lazımdır ki, yüksək vəzifə ilə yanaşı kifayət qədər geniş biznes imkanlarına malik olan həmin məmurlar nəzarətlərindəki KİV-dən həm də bir-birinə qarşı kompromat savaşında yararlanırlar. Şübhəsiz ki, media həm də təbliğat vasitəsidir.

Zənnimizcə, kifayət qədər maliyyə imkanı olan agentlik, sayt və digər media qurumu eyni zamanda həmin məmurun öz komandasının təbliğatı üçün vasitəyə çevrilə bilər.   Yuxarıda qeyd etdiyimiz kimi məmurların bu niyyətə düşməsini heç də təsadüf hesab etmək olmaz. Qarşıdan parlament seçkiləri gəlir və bu seçki zamanı bütün ölkəboyu, hətta kəndbəkənd kifayət qədər geniş təbliğat kampaniyası həyat keçirmək imkanı yaranır. Parlament həm də elə bir qurumdur ki, burada təmsilçilik şansı genişdir. Ötən zamanlarda da hakimiyyət daxilində nüfuz sahibi olan ayrı-ayrı məmurların məhz özlərinə yaxın hesab etdikləri şəxslərin mandat əldə etməsi üçün çalışdıqlarının şahidiyik.

Hətta qeyri-rəsmi olsa da, Milli Məclisdəki deputatların hansı məmurlara daha yaxın olduqları məlumdur.

2015-ci ildə parlamentə seçkilərin keçiriləcəyini nəzərə alsaq, məmurların bu niyyətinin təbii ki, həm də özlərinə rəqib hesab etdiyi digər nüfuzlu məmurlarla rəqabətə girməsinin göstəricisidir.

 Azərbaycan mediasında yer alan yazılara istinad edək. Məsələn, şübhəsiz ki, ARDNŞ şefi cənab Abdullayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan heç də geri qalmamaq istəyini nümayiş etdirmək üçün bu sahəyə nüfuz etmək istəyir. Bildiyimiz kimi, Heydərov uzun illərdir media sahəsi ilə kifayət qədər ciddi bağlantı qura bilib və onun nəzarətindəki həmin media vasitələri hər zaman həm onun, həm də belə demək mümkünsə, ətrafındakı komandanın müdafiəsini qura bilirlər. Uzun müddət bu prosesdən kənarda qalan nəqliyyat naziri Ziya Məmmədovun də artıq bir sıra KİV-ə bu və ya digər şəkildə dəstək verməsi yaxın gələcəkdə bu “üçlük” arasında həm də nüfuz savaşının daha da qızışacağından xəbər verir.

 Qeyd etdiyimiz kimi, şübhəsiz ki, əsas diqqət növbəti parlament seçkilərinə yönələdiləcək. Seçkilər yaxınlaşdıqca, adları çəkilən məmurlar ayrı-ayrı seçki dairələrində namizədlikləri irəli sürüləcək adamlarını müəyyənləşdirəcəklər.

Seçki ərəfəsi isə nəzarətlərindəki media vasitələri ilə geniş təbliğat kampaniyası qurmaqla parlamentdə daha çox mandat əldə etməyə səy göstərəcəklər.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama