Modern.az

Hüseyn Cavid bir səhvə görə oxuculardan üzr istəmişdi, bəs biz?..

Hüseyn Cavid bir səhvə görə oxuculardan üzr istəmişdi, bəs biz?..

Ədəbiyyat

9 Aprel 2014, 12:17



Gözlənilmədən  TQDK-dan zəng etdilər ki, dərsliklərin monitorinqi davam edir, növbəti seminarda orta ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün  hazırlanan Ədəbiyyat dərsliyi müzakirə olunacaq. Zəng  edən əməkdaş müzakirədə çıxış etməyi də xahiş  etdi.  Razılaşdım.

Hal-hazırda  şagirdlərin istifadə etdikləri  Ədəbiyyat dərslikləri Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 nömrəli əmri ilə təsdiq edilmiş proqram əsasında hazırlanıb.

Bir neçə kəlmə bu proqramların hazırlanma məsələlərindən söz açmaq istəyirəm. Proqramın tərtibi  Təhsil  Nazirliyin  təsdiq etdiyi 10 nəfərlik işçi qrupuna tapşırılmışdı. Bir neçə ay ərzində ciddi müzakirər aparıldı,verilən təkliflər nəzərdən keçirildi. Günlərin birində komissiya üzvləri arasında müəyyən dərslik üçün şair və yazışıların seçimində fikir müxtəlifliyi yarandı, iki nəfərin  qarşıdurması isə əndazəyə sığmadı. Proqram üzərində aparılan iş sona çatdırılmadan təsdiq olundu. Dərslik yazmağa məsləhət görülən bəzi müəlliflər, deyilənə görə, proqramın

bəzi maddələri ilə razılaşmadıqlarına görə, nazirlik tərəfindən proqramlara düzəlişlər edildi və bu düzəlişlər haqqında pedaqoji içtimaiyyət  nazirliyin rəsmi orqanı olan "Azərbaycan müəllimi" qəzeti vasitəsilə məlumatlandırıldı.


Aydınlıq üçün deyim ki, 17.07.2003-cü ildə təsdiq olunmuş proqrama əsasən, XI sinfin dərsliyində 12 söz ustasının yaradıcılığı işıqlandırılmalı idi:

1. Cəlil Məmmədquluzadə - "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı";

2. M.Ə.Sabir - "Nə işim var?", "Səttarxana" şeirləri;

3. Hüseyn Cavid - "Səyavuş" faciəsi;

4. Cəfər Cabbarlı - "Nəsrəddin şah" tarixi pyesi;

5. Yusif Vəzir Çəmənzəminli - " İki od arasında" romanı;

6. Səməd Vurğun - "Muğan" poeması;

7. Məhəmmədhüseyn Şəhriyar - "Heydərbabaya salam" poeması;
8. Rəsul Rza - "Qızılgül olmayaydı" poeması;

9. İlyas Əfəndiyev - "Xurşidbanu Natəvan" tarixi dramı;

10. Bəxtiyar Vahabzadə - "İki qorxu" tarixi poeması;
11. İsmayıl Şıxlı - "Dəli Kür" ( parçalar).

Filologiya elmləri namizədi Nəcəf Nəcəfovun təklifi ilə proqrama dünya ədəbiyyatından türk  söz ustası Nazim Hikmətin  "Kərəm kimi"  və "Ceviz ağacı" şeirləri də daxil edilmişdi.

Bu materiallara həftədə iki saat hesabı ilə 68 saat vaxt ayrılmışdı. Seminarın yazı-pozu işi professor Xeyrulla Məmmədovun təklifi ilə mənə həvalə olunduğu üçün mən bu məsələdən xəbərdaram. "Nigar-Ə" KM-in mətbəəsində ofset üsulu ilə 8000 nüsxə tirajla cap olunan proqramlardan ikisi də (iki ədədi ) məndədir.

TQDK-nın beşmərtəbəli binasının liftsiz altıncı mərtəbəsində  keçirilən növbəti seminara çox ciddi hazırlaşmışdılar.  Bu da səbəbsiz deyildi: seminarda  dərsliyin 4 müəlliflindən birinin - AMEA-nın müxbir üzvü  Nizami Cəfərovun  da iştirak edəcəyi əvvəlcədən çoxlarına  xəbər verilmişdi. Bu gəliş iştirakçılara öz sözlərini deməyə imkan yaratdı. Monitorinq  iştirakçıları inanırdılar ki, dərsliyin gələcək nəşrlərində onların sözü eşidiləcək. Məsələ burasındadır ki, X və XI sinif dərslikləri  hələ bir neçə il bundan əvvəl TQDK-da geniş və hərtərəfli müzakirə

edilmiş, dərsliklərin daha da yaxşılaşdırılmasına yönələn çox qiymətli fikirlər söylənilmiş, materiallar nazirliyin müvafiaq şöbəsinə göndərilmişdi.
Təəssüflər olsun ki, bu materiallar ya Təhsil Nazirliyinin  müvafiq qurumlarına çatdırılmamış,   ya da deyilən sözə etinasız yanaşılmışdı.

Monitorinqdəki çıxışlar göstərdi ki,respublikamızda  müəllimliyi bacaran cavan pedaqoqlar  çoxdur. Onların maraqlı təklifləri, yəqin ki, dərsliyin növbəti nəşrində nəzərə alınacaq. Çıxışlardan aydın oldu ki, XI sinfin Ədəbiyyat dərsliyi elmi cəhətdən mükəmməlliyi, dilinin sadəliyi, üslubunun aydınlığı cəhətdən digər dərsliklərdən əsaslı surətdə fərqlənir. Burada sözün kəsərli olması, şagirdləri düçündürə bilməsi üçün konkret addımlar atılması da göz qabağındadır. Dərslikdə əvvəllər mübahisəli görünən elə məsələlər var ki, müəlliflər  cəsarətlə onlara  aydınlıq gətiriblər.  Bu cəhətdən "Mirzə Fətəli Axundzadənin janr və mahiyyət etibarılə drama yaxın olan komediyaları" ifadəsi (səh.21) maraqlı görünür. Səhv etmirəmsə, tragekomediya  termini (səh.26) də ədəbi dilə son illərin dərsliklərindən gəlib.

176 səhifəlik bu dərsliyin ( Ədəbiyyat, XI sinif. Bakı,2012-ci il ) asanlıqla düzəlməsi mümkün olan bir sıra qüsurlari var. Monitorinə çıxarılmış dərslik yaxşı redaktə olunmayıb, dərslikdə  yaxşı müəllim kimi tanıdığım 5 nəfər rəyçi kimi göstərilib.

( Məncə, rəyçilərin sayını çoxaltmaqdansa, onların məsuliyyət  hissini artırmaq daha  yaxşı olardı).

 Kimin necə başa düşəcəyindən ehtiyatlanmadan  deyirəm: mən dərslik siyasətini yaxşı başa düşən 100 müəllimdən birincisi olmasam da, yüzüncüsü də deyiləm. Bu işi  hər halda bir müəllimdən  yaxşı bilirəm.  Mən Mirzə  Kazım bəydən bu tərəfə dərsliklərin çoxunu orijinalından oxumuşam. Hazırda Mirzə Kazım bəyin 1839-cu ildə yazdığı "Грамматика турецко-татарского языка" dərsliyinin 175 illiyi haqqında yazdığım məqaləmi tamamlamaq ərəfəsindəyəm. R.Əfəndiyevin "Uşaq bağçası" (İstanbul,1898) dərsliyi haqqında ilk geniş və hərtərəfli yazını mən yazmışam. Cəlal Ünsizadənin "Hesab" dərsliyi (Tiflis,1884)  haqqında türkdilli elmi ictimaiyyətə  elmi məlumatı mən çatdırmışam.  Belə ki, mənim dərslik haqqında danışmağa həm səriştəm, həm də elmi yanaşma təcrübəm var.

XI sinfin Ədəbiyyat dərsliyində (Bakı,2012) düzəldilməsi o qədər də vaxt aparmayan səhvlər aşağıdakılardı:

*Ə.Haqverdiyevin ali təhsil sənədi yoxdur. O, qolu sındığına görə Yol Mühəndisləri İnstitutunun birinci kursundan çıxarılıb, Universitetin şərq fakültəsini azad dinləyici sifətilə qurtarıb (səh.8.).

*Hadidən gətirilən bir misrada bir hərfin bir kobud səhvi var: "Əsarətdə olur MƏRZ əhali" yox, MƏHV əhali yazılmalıdır (səh.10).

*F.Köçərli 1868-ci ildə yox,1863-cü ildə anadan olub. "Təlimi-Sokrat" onun orijinal əsəri deyil, tərcümə əsəridir.

*C.Məmmədquluzadə 1921-ci ilin may ayınadək yox, mayın 24-dək Təbrizdə olub (səh.18).

*C.Məmmədquluzadənin "Azərbaycan" məqaləsi də  dərslikdə daha  geniş izah olunmalıdır. Burada incələnməli maraqlı məsələlər çoxdur (səh.24).

 *M.Ə.Sabir "Məclis məktəbi"ndə cəmi iki il oxuyub. Onun 1874-1883-cü illərdə Şamaxıdakı "Məclis məktəbi"ndə oxuması real faktlarla  uyğun gəlmir. O, bu məktədə cəmi 2 il təhsil alıb. (Əlbəttə 21 yaşlı Ələkbərin ibtidai sinif şagirdləri ilə oxuması heç bir vəchlə doğru deyil).

QEYD. Bu il Səid Ünsizadənin açdığı, S.Ə.Şirvaninin dərs dediyi, M,Ə.Sabirin  dərs öyrəndiyi Şamaxı "Məclis məktəbi"nin 140 yaşı tamam olur. Bu məktəb İsmayıl bəy Qaspralının 1884-cü ildə Ağməsciddə açdığı (S.Ünsizadədən 0 il sonra-N.N.) məktəbdən daha üstün sayılmalıdır. Ağməscidlilər kimi biz də öz işıqlı fikir adamlarımıza layiq olduqları qiyməti verməliyik.

*M.Ə.Sabirin "Hophopnamə"si ikinci dəfə 1913-cü ildə yox,1914-cü ildə nəşr edilib.

*Xəstə adamı fərmanla yox, DƏRMANLA müalicə edərlər. Bu baxımdanM.Ə.Sabirdən gətirilən nümunə işləri korlayıb: "Mərəzi-eşqə nətədbir, FƏRMANIN var" yazılışı səhvdir (səh.32).

*"Səttarxanadır" şeirinin dərc oluna tarixi 20.09.1908-ci il göstərilib. Bu,düzgün deyil; oktyabrda baş verən hadisə haqqında bir ay əvvəl tərifli şeir yazmaq ağlabatan deyil (səh.41).

* Dərslikdə H.Cavidin 1906-1909-cu illərdə İstanbul Universitetində oxuduğu qeyd olunur. Monitorinq zamanı bu fakt belə izah olundu ki, H.Cavid əslində  tam ali  təhsilli deyil. Əlbəttə, burada UTANILASI heç bir nəsnə yoxdur. Bunu açıq şəkildə söyləmək lazımdır (səh.53). Onsuz da Hüseyn Cavid türk dünyasının ən mütəfəkkir insanlarından biridir.

*H.Cavidin "Məndən fələk ayırdı vəfapişə yarımı..." şeirində (səh.55-56) şairin təxəllüsü dərslikdə yazıldığı kimi bu yerdə "Salik" yox, "Arif"dir. "Dəniz tamaşası" şeirində də 3-cü misrada dolaşıqlıq var (səh.56).

*"Azər" poemasından verilən ilk şeir parçasında da mənaya təsir edən yanlışlıq var. "Burada "okşarsan" "qoşarkən" kimi, "yarın" isə "yarış" kimi verilib (səh.58).

*Dərslikdə S.Vurğunun "müasir Azərbaycan dilinin banisi" kimi təqdimi barədə düşünmək lazımdır. Bəlkə də bu, A.S.Puşkinə rus ədəbiyyatında verilən qiymətə oxşadılıb (səh.79).

*Azərbaycanda rus-tatar məktəblərinin tarixi 1887-ci ildən başlanır. Yuxarı Salahlı kəndindəki 5 sinifli məktəb T.Mamleyev  soyadlı bir tatar tərəfindən yaradılmış adi məktəb idi (səh.79).

*"Səmədin yaradıcılığında" ifadəsi həmyaşıdlar arasında işlədilə bilər (səh.82).

*İngilis uşağı" mənim ailəm - my family" deyə bilər, amma azərbaycanlı uşağın "mənim ailəm" deməsi milli mentalitet baxımından düzgün deyil (səh.107).

*Dərslikdə İ.Əfəndiyevin 1914-cü ildə Füzulidə anadan olması göstərilir. Halbuki o vaxt bu yaşayış məkanının adı Qaryagin (Karyagin) idi (səh.167 ).

*İ.Əfədiyevin "Körpüsalanlar" romanının qəhrəmanı Səriyyə dərslikdə ali təhsilli mühəndis kimi göstərilir ( səh.169). Halbuki Səriyyə texnikum bitirib. O, Adillə texnikumda diplom imtahanı verərkən tanış olub. (Adil imtahan komissiyasının üzvü kimi onunla alman dilində söhbət etmişdi).

Hüseyn Cavid 1913-cü ildə Tiflisdə "Şərq" mətbəəsində  “Keçmiş günlər "adlı bir  şeir kitabı çar etdirir. Bu kiabda bir sözün səhv yazılışına görə Hüseyn Cavid oxuculardan üzr istəyir və üzrxahlığını kitabın sonuncu səhifəsində yerləşdirir.

Həmin qeydi olduğu kimi  yazıya əlavə edirik. 
““Keçmış günlər”i şairanə bir nəzərlə gözdən keçirənlər şeirə bənzər dəyərli bir şey bulamazlar. Şu yapraqlar (şeirlər- N.N) yalnız hekayə və həspi-hal tərzində qaralanmış bir taqım parçalardır. (Şeir parçalarıdır-N.N.).Yazılışına gəlincə "Ana"dakı mülahizəyə bir kərə ətri nəzər edə bilməsi kafi olsa gərək - H.C.
Təb olunduqdan sonra ilk səhifədə  QAYĞISIZ yerinə ĞAYĞISIZ basıldığı kibi bir taqım küçük (kiçık-N.N.) imla xətaları görülməkdədir. Möhtərəm qarelərdən (oxuculardan-N.N.) TƏSHİH bə ƏFB edilməsi acizanə  rica olunur”.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar  müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi